Əliqızı S.

 

Gənc bəstəkarların sənət uğurları

 

2007 - Gənclər ili


Bəstəkarların VIII qurultayından ötən az bir zaman ərzində Azərbaycan Bəstəkarlar İttifaqının işində canlanma yaranmışdır: müxtəlif janrları əhatə edən bölmələr üzrə iş planları hazırlanır, yeni əsərlərin dinlənilməsi təşkil edilir, konfrans-disputlar keçirilir, yeni layihələr haqqında təkliflər irəli sürülür.
Gənc bəstəkarlar və musiqişünaslar bölmələrin işində xüsusi fəallıq göstərirlər. Ümumiyyətlə, gənclərlə iş Azərbaycan Bəstəkarlar İttifaqının yeni rəhbərliyinin prioritet istiqamətlərindən biridir.

Respublika Prezidentinin sərəncamı ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi yaradıcı təşkilatların, o cümlədən də Azərbaycan Bəstəkarlar İttifaqının üzərinə böyük vəzifələr qoymuşdur. Təşkilatın gənclərlə iş üzrə bölməsi yenidən bərpa olunmuş və gərgin fəaliyyətə başlamışdır. Bu bölmənin qarşısında çox böyük məqsədlər durur. Məhz Bəstəkarlar İttifaqı bəstəkar və musiqişünasların təhsildən sonrakı taleyində, onların peşəkar sənətkar kimi püxtələşib formalaşmasında, inkişafında və yaradıcılığının təbliğində həlledici rol oynayır.
Azərbaycan Bəstəkarlar İttifaqı mütəmadi olaraq gənc bəstəkarların əsərlərindən ibarət xüsusi plenumlar, baxışlar və müsabiqələr keçirir. Gənc bəstəkarlar və musiqişünaslar Azərbaycan Bəstəkarlar İttifaqının hər il Gənclər və İdman Nazirliyi ilə birgə keçirilən “İlin ən yaxşı əsəri” müsabiqəsində müxtəlif nominasiyalar üzrə iştirak edərək mükafatlara layiq görülürlər.
Gənclərlə iş üzrə bölməsinin yenidən fəaliyyətə başlaması çox təqdirəlayiq bir haldır. Bölmənin yığıncaqlarında gənc bəstəkarlar öz yeni əsərlərini lent yazısında və ya canlı ifada təqdim edir, əsər haqqında həmkarlarının səmimi rəylərini öyrənir, əsl sənət təcrübəsi keçirlər. Bu, canlı yaradıcılıq laboratoriyasını xatırladır. Belə yığıncaqlara gənclər çox böyük həvəslə gəlirlər. Musiqi haqqında söhbətləri dinləmək, fikir mübadiləsi etmək, canlı ünsiyyət yaratmaq onların yaradıcılıq simasının formalaşmasına müsbət təsir göstərir.
Gənclərlə iş üzrə bölməyə respublikanın əməkdar incəsənət xadimləri – Azər Dadaşov və Cəlal Abbasov rəhbərlik edirlər. Bölmənin işində üzvlərdən Arzu Məmmədova, Rüfət Ramazanov, Rüfət Xəlilov, Elmir Mirzəyev, Şəhla Mahmudova yaxından iştirak edirlər. Bölmənin təşkil etdiyi dinləyişlərə əsasən Bəstəkarlar İttifaqının üzvü olan gənc bəstəkarlar, üzvlüyə namizədlər, habelə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin tələbələri dəvət olunurlar.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə avqust və sentyabr aylarında gənclərlə iş üzrə bölmədə artıq 4 dinləyiş keçirilmişdir. Dinlənilən əsərlər içərisində diqqəti cəlb edən əsas cəhət yaradıcılıq istiqamətlərinin müxtəlifliyi, obraz-məzmun rəngarəngliyidir. Əgər hələ erkən yaradıcılıq pilləsində olan gənc bəstəkarların əsərlərində daha çox ənənəvi formalara və yazı üslublarına meyl üstünlük təşkil edirsə, artıq bir qədər yaradıcılıq təcrübəsi qazanmış bəstəkarların əsərlərində müasir bəstəkarlıq texnikasının müxtəlif yazı üsulları, postimprressionizm, postmodernizm cizgiləri hiss olunur.
Dinləyişlərdə xüsusi maraq doğuran əsərlərin arasında Elmir Mirzəyevin “Ölüm fuqası”nı (2 soprano, 2 kontrabas və zərb alətləri üçün) qeyd etmək olar. Almaniyanın musiqili teatrının sifarişi ilə yazılmış və ifa olunmuş bu əsərin mətnini yəhudi şairi Paul Ceylanın 1948-cı ildə yazdığı şeir təşkil edir. Postmodernizm cərəyanının ifadə vasitələrinə müraciət edən bəstəkar əsərin fəlsəfi məzmununu orijinal tərzdə əks etdirməyə nail olmuşdur.
İttifaqın tədbirlərində fəal iştirak edən istedadlı gənc bəstəkarlar Rüfət Xəlilov, Xədicə Zeynalova və Rüfət Ramazanovun əsərləri maraq doğurur. X.Zeynalovanın “Oktet” (simli alətlər, fleyta, klarnet, truba və zərb alətləri üçün) əsəri xoş təəssürat yaradır. R.Xəlilovun fleyta, klarnet və piano üçün “Trio”su səlis yazı üslubu ilə seçilir. R.Ramazanovun piano üçün “Musiqi anları” özünəməxsus janr rəngarəngliyi ilə diqqəti cəlb edir.
Təqdim olunmuş bəzi əsərlərin melodik və ritmik xüsusiyyətlərində ənənəvilik qabarıq şəkildə özünü biruzə verir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə namizədlər - Bikə Axundovanın (piano üçün sonata), Nərminə Nağıyevanın (bariton və instrumental ansambl üçün romans), Kəmalə Ələsgərlinin (piano üçün sonata), Cəmalə Nəsirovanın (piano üçün prelüdlər) təqdim etdikləri əsərlər bu qəbildəndir.
Maraqlı tapıntıları ilə diqqəti cəlb edən gənc bəstəkarlardan biri də Firudin Allahverdidir. Onun “Açarlar və qapılar” (fleyta, klarnet, violino, violonçel və piano üçün) əsərində bir neçə dövrün estetik təsəvvürlərinin sintez şəklində qavranılması üzə çıxır. Müəllifin əsərin əvvəlində epiqraf kimi təqdim etdiyi C.Ruminin fəlsəfi məzmunlu şeirləri musiqidə öz aydın bədii həllini tapmışdır.
Ümumiyyətlə, bir sıra gənc bəstəkarların əsərlərinə proqramlılıq xasdır. Bu qəbildən Kəmalə Əlizadənin “Depressiv illüziyalar” və Rəna Gelinin “Mouse’s Tale” from “Alice’s” əsərləri dinləyicidə yüksək emosional ovqat yaradır.
Müasir bəstəkarlıq texnikasının yazı üsullarını bütün dərinliyi ilə mənimsəmək, onu öz fərdi yaradıcılıq süzgəcindən keçirərək orijinal məzmunlu əsər yaratmaq peşəkarlığın əsas şərtlərindən biridir. Müəllifin buna nə dərəcədə nail olması onun peşəkarlıq səviyyəsini müəyyən edir. Gənc bəstəkarlar da daima bu səviyyəyə can atmalı, öz bilik və bacarıqlarını təkmilləşdirməlidirlər. Öz peşəsinə məsuliyyətlə yanaşan gənclərdən biri də Aliyə Məmmədovadır. Onun bölmənin iclasında dinlənilən “Simli kvartet”i aydın lakonik forması, dramaturji inkişaf xətti və peşəkarlıq səviyyəsi ilə seçilərək müsbət rəy qazandı.
Müasir yazı texnikasında qələmini sınamağa cəhd göstərən gənc bəstəkar Turan Təhmasibin piano üçün “Variasiyalar”ı maraqla qarşılandı. Həmkarları arasında polemika yaradan bu əsərdə bəstəkar dodekafoniya yazı texnikasının qanunauyğunluqlarına ciddi riayət etməyə çalışmışdır. Lakin gənc bəstəkarlar müxtəlif müasir yazı üsullarından istifadə etməklə yanaşı öz fərdi simalarını yaratmalıdırlar.
Bəstəkarlar İttifaqının gənclərlə iş bölməsinin iclaslarında tələbə-bəstəkarlara da öz əsərlərini təqdim etmək imkanı verilir. Dinləyişlərdə Bakı Musiqi Akademiyasının IV kurs tələbələri – Tahir İbişovun “Gizli məna haqqında poema”sı, Leyla Şahbazovanın “Variasiyalar”ı, Fərid Nağızadənin violiona və piano üçün “Poema”sı, Türkər Qasımzadənin violino, violonçel və piano üçün “Trio”su səsləndi. Bu tələbə gənclərin akademik forma və janrlarda təqdim etdikləri əsərlərdə bəstəkarlıq sənətinin ciddi qayda-qanunlarına əməl etməklə yanaşı axtarış cəhdləri özünü büruzə verir. Xüsusilə, T.İbişovun “Gizli məna haqqında poema”sı diqqəti cəlb edir.
Gənc bəstəkarlarla yanaşı bölmənin iclaslarına dəvət olunmuş gənc musiqişünasların dinləyişlərdə iştirak etməsi həm onların öz maraq dairələrinin genişlənməsi, həm də qarşılıqlı fikir mübadiləsi etmək baxımından çox səmərəlidir. Gənc musiqişünaslar - Turan Məmmədəliyeva, Ülkər Əliyeva və Lalə Mehdiyeva həmkarlarının əsərlərini diqqətlə dinləyərək öz səmimi rəylərini bildirdilər.
Bəstəkarlar İttifaqının rəhbərliyi, xüsusilə, Firəngiz xanım Əlizadə gənclərin yaradıcılığına, o cümlədən gənclərlə iş bölməsinin fəaliyyətinə çox böyük önəm verir. O, bölmənin bütün iclaslarında iştirak edərək hər bir əsəri diqqətlə dinləyir, gənc bəstəkarlara öz dəyərli məsləhətlərini verir.
Gənclərlə iş bölməsində seçilmiş ən layiqli əsərlər noyabr ayında keçiriləcək “Gənc bəstəkarların kamera əsərlərinə baxış”ın proqramına daxil ediləcək. Əsərlər artıq ölkəmizdə və bir sıra xarici ölkələrdə çox yaxşı rəylər qazanmış “Con tempo” müasir musiqi ansamblının ifasında səslənəcək. İki gün davam edəcək bu baxışa Münhen Konservatoriyasının professoru, tanınmış bəstəkar-pedaqoq Viland Müllerin dəvət olunması nəzərdə tutulur. Tədbir çərçivəsində Viland Müllerin gənc bəstəkarlara ustad dərsləri verməsi də planlaşdırılır.
İnamla deyə bilərik ki, təməli dahi Üzeyir bəy Hacıbəyov tərəfindən qoyulmuş milli bəstəkarlıq məktəbinin gələcək inkişaf yollarını müəyyən etməyə qadir olan gənc bəstəkarlar nəsli yetişməkdədir. Ümidvarıq ki, onlar milli musiqi mədəniyyətimizin fəal qurucuları kimi bu şərəfli missiyanı layiqincə yerinə yetirəcəklər.

Xalq qəzeti.- 2007.- 27 oktyabr.- S. 6.