Azərbaycanın
Çindəki səfirliyindən bildirmişlər ki, Pekin
Renmin Universitetinin yaradılmasının 70-ci ildönümünə
həsr olunmuş beynəlxalq mədəniyyət festivalı
keçirilmişdir.
Çin Təhsil Nazirliyinin nümayəndələrinin, Xarici Tələbələrin Təqaüdlərinin idarə olunması üzrə Dövlət Komissiyasının məsul işçilərinin, diplomatların iştirak etdikləri tədbirin açılış mərasimində iştirakçı ölkələrin dövlət bayraqları asılmışdır. Festivalda, həmçinin Azərbaycan səfirliyinin əməkdaşları iştirak etmişlər.
Festival çərçivəsində müxtəlif ölkələrin Pekində təhsil alan tələbələri milli musiqilərini və rəqslərini nümayiş etdirmiş, ayrı-ayrı xalqların mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən stendlər asılmışdır.
Çində təhsil alan azərbaycanlı tələbələrdən ibarət qrup Azərbaycan milli rəqsi ilə çıxış etmişdir. İfa olunan rəqs nömrəsi çinli və əcnəbilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Festiyalda Azərbaycan milli geyimlərindən, incəsənət və mədəniyyət nümunələrindən, Azərbaycanın məşhur yazıçı və şairlərinin portretlərindən ibarət stend asılmışdır. Qonaqlara Azərbaycan mədəniyyəti, incəsənəti və turizm sahəsinin inkişafı haqqında ətraflı məlumat verilmişdir.
Bununla yanaşı, səfirliyin
nəzdində fəaliyyət
göstərən "Şuşa"
mədəniyyət mərkəzi
tərəfindən hazırlanmış,
Azərbaycan tarixini və mədəniyyətini
əks etdirən CD-lər, kitablar, jurnallar və şəkillər, o cümlədən "Azərbaycan
nağılları" kitabları
iştirakçılara hədiyyə edilmişdir.
Respublika.- 2007.- 31 oktyabr.- S. 6.