Həmidqızı S.

 

Gövhər Həsənzadə kimin toruna düşüb

 

"Tanınmış sənətçilərin belə nazı ilə çox oynayıram"

 

Hörmətli oxucular, hər şənbə məşhur sənət adamlarının həm yaradıcılığı, həm də bir insan kimi keçirdiyi həyat tərzi ilə sizləri tanış edirik. Qəzetimizin budəfəki qonağı da tanınmış bəstəkarlardan sayılan və yaratdığı musiqilərlə gənclərin sevimlisinə çevrilən Gövhər Həsənzadə oldu. Biz də özünün söylədiyi kimi, gənclərlə çalışmaqdan hər zaman zövq duyan Gövhər xanımla bu və ya digər mövzular haqqında həmsöhbət olduq.- Gövhər xanım, telefonla danışarkən işlərinizin çoxluğunu bildirdiniz...
   - Bəli, hazırda işlərim həddindən artıq çoxdur. Şəhriyar adına Mədəniyyət Mərkəzində işlərim çoxdur, çünki bir neçə tədbir hazırlanır, tanınmış və gənc müğənnilərə musiqi yazmışam, onlarla hər gün mahnılar üzərində məşq edirik. Düzdür, Yaşıl Teatrda da işlərim mövsümlə əlaqədar olaraq bu yaxınlarda başa çatdı. Buna baxmayaraq, hələ də görüləsi işlər çoxdur.
   - Bəstəkar olmağınızdan əlavə, rəhbər xanım kimi sizi necə tanımaq olar?
   
- Mən həddindən çox səbirli insanam, buna görə də həyatda hər hansı bir insanın səhvini görüb onu uzun müddət izləməyə qadirəm. Bundan da başqa, düşünürəm ki, rəhbər işçi mərhəmətli və səbirli olmalıdır. Tələsik, hirslənərək kimlərinsə kənardan yürütdükləri fikirlə nəticə çıxarmaq mənə xas olan xüsüsiyyət deyil. Hər kəsdən də işinə ciddi, məsuliyyətli və ürəkdən yanaşmağı tələb edirəm.
   - Bəstəkar kimi yaratdığı əsərlərlə sevilən və tanınan Gövhər Həsənzadənin mahnılarına nədənsə daha çox gənc ifaçılar müraciət edir. Sizcə bu nədən irəli gəlir?
   
- Mən 18 ildir ki, gənclərlə çalışıram, bunu da xüsusi olaraq qeyd edim ki, onlarla çalışmaqdan zövq alıram. Bu sahədə də artıq özümü təcrübəli hesab edirəm. Yəqin elə bu səbəbdəndir ki, onlar məndə bir doğmalıq, analıq duyğusu hiss edirlər. Çünki hər bir gəncə əlimdən gəldiyi qədər köməklik edərək yeni nəfəsin, yeni ifaçının incəsənət aləmində olmasının tərəfdarıyam. Bu yolda da hər bir insana yardımçı olmağımdan qürur duyuram. Digər tərəfdən də, çalışıram ki, mahnılarımı yazarkən onları müasir insanın düşüncələrinə və zövqünə uyğun olaraq yaradım. Çünki indi zamanın nəbzini tutmaq lazımdır.
   - Təbii ki, hələ addımlarını yenicə sənət aləminə atan gənclərdən başqa, siz tanınmış və populyar şou-biznes nümayəndələri ilə də çalışırsınız. Onlarla söhbətiniz tuturmu, ümumiyytələ, heç söz-söhbətiniz olubmu? Axı şou-biznes əhlinin bəstəkarlarla sıx əlaqəsi olur?
   
- (Gülür) Demək olar ki, mən hazırda da sənət aləminin "qaymaqları" ilə çalışıram. Amma qalmaqalla özünə yer eləmək olmaz. Biz görün nə qədər insanlarla çalışırıq. Onların hamısının düşüncə tərzi müxtəlifdir və hamı da öz düşüncə səviyyəsinə uyğun olaraq hərəkət edir. Ona görə də çalışıram ki, hamı ilə dil tapım. Hələ ki, bu vaxta qədər heç bir şou-biznes nümayəndəsi ilə söz-söhbətim olmayıb. Bəlkə də ola bilər ki, bilməyərəkdən onların xətrinə dəyə bilərəm. Amma bildiyim qədər buna da yol verməmişəm. Gənclərlə yanaşı, hətta tanınmış sənətçilərin belə nazı ilə çox oynayıram. Çünki istəmirəm ki, arada inciklik olsun, ona görə də belə hallarda onları yola verməyə çalışıram. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, səbirli olmaq da lazımdır, görürsünüz, bunu işim də tələb edir.
   - Bu arada qeyd edim ki, siz həm də şeir yazırsınız//...
   
- Bəli, bu da yaradıcılıq fəaliyyətinin hansısa yeni bir qol-budağıdır. Buna şeir yazmaq demirəm. Çünki yalnız bəstələdiyim mahnılara sözlər yazıram. Mən şair adlandırılmaq haqqını qazanmamışam. Bu ada layiq görülmək üçün böyük məktəb keçmək lazımdır. Təbii ki, ümumilikdə götürəndə yaradıcı insanların ilham pərisi gələrkən o zaman çox şey yaratmağa qadir ola bilər. Amma özümü bəstəkar kimi daha professional heçab edirəm. Yaradıcı insanlar əsasən duyğulu və həssas olur. Çünki, onların axtarışları tamam başqa səmtə yönəlir. Ona görə də peşəkar və ya qeyri-pəşakar olmasından asılı olmayaraq, insan daxilindəkini üzə çıxarmalıdır.
   - Gövhər xanım, sənətə gəldiyiniz dövrlər yaradıcı ab-hava necə idi, ümumiyyətlə, həmin illərn necə xatırlayırsınız?
   
- Sənətə gəldiyim dövrlər təbii ki, mənim tələbəlik illərimə təsadüf edir. Bu vaxt insan yalnız və yalnız karyera haqda düşünür, arzularına çatmaq üçün çox səy göstərir. Eyni zamanda yaradıcılıqda heç kimdən geridə qalmaq istəmir. Hər zaman arzularla yaşamışam ki, ölməz əsərlər yaradım, yaratdığım mahnılar müğənnilərin ifasında səslənsin və s.
   - Bizim dünya səviyyəsində tanınan və qəbul olunan bəstəkarlarımız çoxdur. Onların yaratdıqları musiqi əsərlərinin hər biri sənət incisidir. Bəs bu gün belə musiqilər yaradan gənclərimiz varmı?
   
- Əlbəttə ki, istər müğənni kimi, istərsə də, bəstəkar kimi istedadlı gənclərimiz çoxdur. Düzdür, onların arasında istedadlıları da var, istedadsızları da. Amma vaxt gələcək, bizim dünya şöhrətli bəstəkarlarımızın əsərləri kimi, indiki istedadlı gənclərimizin də əsərləri dünyada tanınacaq. Sadəcə olaraq, düşünürəm ki, hazırda onlara stimul vermək lazımdır. Çünki hələ gəncdilər, onları xoşagəlməz sözlər deməklə qırmaq olmaz. Xüsusən də yaradıcı insanları. Çünki yaradıcı insanlar digər peşə sahiblərinə nisbətən daha həssas və kövrək olur, onlar yaratdıqları əsərlərlə yaşayırlar. Bu səbəbdən də daha gözəllərini yaratmaq üçün onları həvəsləndirmək və yaratdıqlarına dəyər vermək lazımdır.
   - Özünüz də bir qədər əvvəl təsdiqlədiniz ki, gənclərlə çox çalışırsınız.
Bəs onların arasında bayağı musiqiyə meyli olanlara rast gəlmisinizmi ki, onları bu yoldan çəkindirəsiniz?
   
- Əlbəttə, belə şeylər çox olub. Mən gənclərlə çalışdığım zaman bunun şahidi olmuşam. Elələri var ki, gözəl səsi var, amma repertuar baxımından düzgün istiqamətlənməyiblər, səhv yolda olublar. Mən onları düzgün yola istiqamətləndirəndən sonra artıq öz yollarını tapıblar. Çünki onları bəstəkar kimi düzgün yola çəkmək mənim borcumdur. Lakin onların bayağı mahnılara meyl göstərməsini daha çox mən zövqlə əlaqələndirirəm, çünki zövqlər müxtəlifdir. Amma bu, hamısına aid deyil. Təbii ki, elələri də var ki, caz, rok, klassik janrlara çox üstünlük verirlər.
   - Bəzən məşhur şəxslər həyatlarını gündəmə gətirməkdən çəkinirlər. Bəs siz necə bu gün səmimi söhbət zamanı buna hazırsınızmı?
   
- Bəli, taleyimdən çox razıyam. Gözəl karyeram, ailəm var. Ətrafımda gözəl insanlar var.
   - Qarşınıza heç pis insanlar çıxmayıb?
   
- Yox, çıxıb amma bacardığım qədər elələrindən uzaq gəzməyə çalışmışam.
   - Onların toruna heç düşməmisiniz?
   
- Düşmüşəm. Amma belə şeylərdən çox tez nəticə çıxarmışam və kənarlaşmışam. Ümumiyyətlə, heç kim deyə bilməz ki, bir dəfə də olsun, kiminsə toruna düşməmişəm, bu, mümkünsüzdür. Amma gərək ağılla hərəkət edərək sonda özünü belə insanlardan qoruyasan. Ona görə də həyatda düşmən mövqeyindən yanaşdığım insan yoxdur. Bunu heç arzularmıza da. Həmişə çalışıram ki, münasibətlərimi hər kəslə sabit saxlayım. Heç kimi nə çox yaxınıma buraxmıram, nə də kin saxlamıram. Ümumilikdə götürəndə isə insanların pisliklərini heç vaxt üzə vurmuram .
   - Onun sonradan sizə yetirə biləcəyi xətalardan qorxduğunuz üçün, yoxsa...
   
- Əgər pis və nankor insandan söhbət gedirsə, ondan hər şey gözləmək olar
. Bəlkə də bu, həm də mənim taktikamdır ki, bu yolla özümü qoruyuram.
   - Söhbət açdığınız bu nankor insanların arasında şou-biznes nümayəndələri var?
   
- Ola bilər. Amma mən heç onun adını da çəkmərəm. Nəinki bu barədə danışmaq, heç onun üzünə də vurmaram ki, səndən incimişəm.
   - Gövhər xanım, bir neçə ay bundan öncə Yaşıl Teatra direktor təyin olunsanız da müəyyən müddətdən sonra oradan tamamilə uzaqlaşmasanız da, bəzi səlahiyyətlər sizdən alındı. Axı siz ora rəhbər vəzifəsinə təyin olunmuşdunuz. Sonradan nə səbəbə görə, səlahiyyətinizdə olan bəzi məsələlər sizdən alındı?
   
- Bilirsiniz, yenə də söyləyirəm ki, mən oradan tamamilə ayrılmamışam, hər konsertlər zamanı teatrda oluram. Sadəcə olaraq struktur daxilində bəzi dəyişikliklər oldu. Teatrın bədii işləri yenə də mənim öhdəmdədir, sənəd işlərinə və müqavilələrin bağlanılması məsələsinə isə Eldar müəllim rəhbərlik edir. Ona görə də hazırda rəhbərlik imkanları onun əlindədir.
   - Elə mən də onu soruşmaq istəyirəm ki, ümumilikdə teatrın direktoru vəzifəsindən ayrılmağınız nə səbəbdən baş verdi ki, rəhbərlik imkanları yenidən Eldar müəllimə verildi?
   
- Bu məsələ ətrafında bəzi şayiələr gəzib-dolaşdı. Amma bəzi səbəblər var ki, mən bu barədə heç bir açıqlama verə bilmərəm. Çünki buna ehtiyac yoxdur.
   - Bəs eşitdiyimizə görə, Yaşıl Teatrda siz bəzi struktur dəyişikliyi etmisiniz. Bu da uğurlu alınmadığı üçün bəzi məsələlər sizin səlahiyyətinizdən çıxarılıb?
   
- Bəli, yaxşı mənada struktur dəyişikliyi etmişdim. Amma mənim səlahiyyətimdə olan məsələlərin bölünməsində bu, əsas səbəb deyil. Söylədiyim kimi, başqa səbəblər var ki, bu barədə danışmaq istəmirəm. Çünki bütün bunlara baxmayaraq, hər bir işim öz qaydasında gedır. Məncə artıq bu barədə danışmağa ehtiyac yoxdur.
   

Üç nöqtə.- 2007.- 20 oktyabr.- S. 15.