Xəlilzadə F.

 

Mədəniyyət hamıya aiddir

 

İfaçıya da, tamaşaçıya da


Dəfələrlə ifaçı və tamaşaçı mədəniyyəti haqqında müxtəlif yazılar qələmə alınmışdır.
Son illər elə bil ki, səhnə və efiri bürümüş şouların daha da baş alıb getməsinə, əndazədən çıxmasına bir səbəbkar da bəzi tamaşaçıların özləridir. Hətta bu barədə müəyyən iradlar söyləniləndə cavab belə olur ki, kimin xoşu gəlmir həmin verilişə baxmasın, həmin ifaçını dinləməsin, konsertə getməsin. Təbii ki, bu çox bəsit düşüncənin məhsuludur. Çünki yaşından asılı olmayaraq bütün tamaşaçıların zövqü, səviyyəsi eyni deyildir. Söhbət həm də milli dəyərlərdən uzaq, əxlaqa zidd proqramların uşaqlara, yeniyetmələrə təsirindən gedir. Buna görə də konsert proqramı hazırlanarkən mütləq milli dəyərlər nəzərə alınmalı, hər bir şou müəyyən əndazə daxilində olmalıdır. Əlbəttə, bu bizim fikrimizdir. Bəzən bu iradımızı "nəsillərin savaşı" adlandıranlar da olur. Halbuki belə deyildir. Bu, mənəviyyatın mənəviyyatsızlığa üsyanıdır, etirazıdır.
Son illər paytaxtın konsert salonları xarici ölkələrdən gəlmiş müğənnilərin ixtiyarına daha tez-tez verilir. Əslində burada qeyri-normal bir şey yoxdur. İnsanların bir-biri ilə əlaqə qurması, öyrənməsi üçün mədəniyyətlərin qovuşması vacibdir. Xüsusilə də bizə qonşu olan ölkələrdən tanınmış müğənnilərin, rəqqasların, digər ifaçıların Bakının möhtəşəm konsert salonlarında proqramlarının təşkil edilməsi təqdirəlayiqdir. Burada bizi narahat edən tamam başqa məsələdir. Aparılan müşahidələr göstərir ki, bizim tamaşaçılar arasında elələri var ki, onlar öz hisslərini heç cür cilovlaya bilməyərək konsert zamanı millətə başucalığı gətirməyən şit hərəkətlərə yol verirlər. Bəzən bu şitliyin həddi o dərəcəyə çatır ki, biabırçı vəziyyəti seyr etməyə belə xəcalət çəkirsən. Yaxın vaxtların hadisələridir ki, türkiyəli müğənnilər (xüsusilə kişilər) Bakıya gələrkən bizim qızlar onların arxasınca hava limanına qədər gedərək "məni də özünlə apar" söyləmişdilər. Bu yaxadan asılmağın, abır-həyadan uzaq hərəkətlərin sahibi olmağın səbəbi nədir? Məgər bu yeniyetmə qızların valideynləri yoxdur? İbrahim Tatlısəsdən tutmuş Əmraha qədər (onları heç qınamırıq da) Türkiyə televiziyalarında verdikləri müsahibələrdə azərbaycanlı qızların onları çox sevdiyini əda ilə bildirirdilər. İstər-istəməz xəcalət çəkirsən. Nə olub bizə? Doğrudanmı bu, azadlıqdır, sərbəstlikdir?! Yox! Bu, ən azı öz həddini aşmaq, qız, qadın ləyaqətinə hörmətsizlik etmək, bütövlükdə millətə şərəfsizlik gətirməkdir.
Ötən illərdə məşhur türk müğənnisi Mahsun Kırmızıgül Heydər Əliyev adına sarayda bir neçə konsert proqramı ilə çıxış etdi. İnsafən desək, bu müğənni çox ciddi, sənətinə məsuliyyətlə yanaşan, özünü səhnədə ağır aparan, şirin və gözəl səsə malik bir ifaçıdır. Azərbaycana - Bakıya məhəbbəti həddən artıq çoxdur. Amma belə xarici vətəndaşın bizim ölkədə özünü ciddi aparmasına, ləyaqət nümayiş etdirməsinə az qala qəsdən mane olurlar. Onu elə bir həddə gətirirlər ki, istər-istəməz üzünü turşudur, nəsə xoşagəlməz bir ifadə işlətmək məcburiyyətində qalır. Hələ də gözlərim önündən çəkilmir. Qızlar səhnəyə hücum çəkərək onun boynuna atılırdılar, qucaqlayıb öpürdülər. Bu istəklərin qasırğasından havalanmış Mahsun Kırmızıgül dəhşətə gələrək uca səslə dedi: "Allah, Allah! Bəyan da yad erkəkləri heç öpərmi?" Bu etirazın cavabı olaraq yaşlı bir qadın sanki bütün baş verənlərin acığına özünü səhnəyə ataraq müğənninin belindən yapışaraq yalvardı: "Mənim qızımı özünlə apar". Müğənni bu xahişdən heyrətlənərək soruşdu: "Nasıl?" "Necə istəyirsən, elə" - deyə bu üzdəniraq ana sevincək müğənninin boynuna sarıldı. Bu gördüklərimiz əslində heç nəyə sığmayan, adamın izzət-nəfsinə toxunan bir biabırçılıq idi.
Konsertin ikinci günü ifaçını qızların hədəfinə çevrilməkdən qorumaq məqsədi ilə cavanlardan "barikada" qurulmuşdu. Gənc "aşiqlər" nə qədər çalışsalar da, çəpər çəkmiş kişiləri aralayıb səhnəyə keçə bilmədilər. Doğrusu, dünyanın heç bir yerində bu cür konsert gecələri müşahidə olunmayıb. Müğənnini, ifaçını həddən artıq sevmək, pərəstiş etmək, onun bütün konsertlərində tamaşaçı olmaq, hər mahnısını qızğınlıqla alqışlamaq, səhnəni gülə-çiçəyə bürümək mümkündür. Burada heç bir etiraza yer də yoxdur. Amma həm tamaşaçıların, həm də ekrana dikilmiş minlərlə gözün qarşısında (onların arasında ağsaqqal, ağbirçək, uşaq da var) bu cür şit hərəkətə yol vermək qeyri-normallıqdır. Buna təbabətdə "şiozofreniya" deyirlər. Adamın ürəyi ağrıyır. Yoxsa bizim qızlarımızın əksəriyyəti bu dəhşətli xəstəliyə tutulub?
Bu yaxınlarda Mahsun Kırmızıgül yenidən Bakıya təşrif buyurdu. Bu dəfə onun konserti Yaşıl Teatrda baş tutdu. Gözləmək olardı ki, tamaşaçılarımız nisbətən ağır taxtalı tərpənəcəklər. Çünki ötən konsertdəki məzəmmətin müzakirəsi çox getmişdi. Görünür, dəyirman öz bildiyindədir. Başağrısı çax-çaxa qalıb. Bu dəfə tamaşaçılar arasında elə bir coşqunluq hökm sürürdü ki, heyrət etməyə bilmirdin. Nə olub bizə? Nədən xaricdən gələn müğənni qarşısında mum kimi əriyərək abır-həyadan çox-çox uzaq hərəkətlərə yol verilir?! Doğrudanmı bəzilərimiz utanmaq hissini çoxdan itirib? Doğrudanmı sevgini minlərin gözü qarşısında açıq-açığına bəyan etmək olar? Mahsun Kırmızıgül hələ nə baş verəcəyindən xəbərsiz olaraq özünün məşhur mahnılarını ifa etməkdədir. Gözlərini yumub oxuyur. Yaxşı ki, belədir. Allah eləməmiş, təsadüfən tamaşa salonuna baxsa, bəlkə də nitqi tutular. Dəniz kimi dalğalanan qızların əl-qolla hərəkətləri, baxışları, səsləri insanı əməlli-başlı utandırır. Nədir bu? Nə baş verib? Nə qəhətliyidir? Bir qız gül dəstəsi ilə səhnəyə çıxır. Utanıb-qızarmadan, heç nədən çəkinmədən "mən sizi sevirəm" - deyir. Sonra səhnədə klassik tansa başlayırlar. Yenə də rəqiblər coşur, başqaları acığa düşür. Nəhayət, müğənniyə hücumların nəticəsində səhnədə "nişan mərasimi" baş verir. Burada hökm sürən şitliyin, mənəviyyatsızlığın, həddini aşmış sərbəstliyin təsvirini verməyə çətinlik çəkirsən. Bircə məsələ var ki, bu qızları heç zaman Azərbaycan müğənnilərinə qarşı bu dərəcədə eşqli, ehtiraslı, maraqlı görmək olmur. Nədəndir?
Əvvəllər səhnədə baş verənlərə tənqidi münasibət bəsləyirdik ki, müğənni özünü mədəniyyətli aparmalı, şitliyə yol verməməlidir. Hətta zəif mahnıların, musiqilərin səhnədən çıxarılması üçün bədii şuraların yenidən yaradılmasını arzulayırıq. Bəs konsertin normal gedişinə mane olan, nalayiq hərəkətləri ilə digərlərini bezdirən bu yüngül təbiətli tamaşaçılar haqqında tədbir görmək olmazmı? Bakının teatrlarının direktorlarından biri bu sualı belə cavablandırdı ki, biz əvvəldən bilmirik, kim özünü necə aparacaq? Fikrimizcə, "barrikada" kimi istifadə olunan nəzarətçilər həmin anda şit və yersiz hərəkətlərə yol verən tamaşaçını dərhal salondan çıxarmalıdır. Bu, başqalarına da dərs olar. Bundan başqa, əvvəldən də xəbərdarlıq etmək mümkündür ki, səhnəyə çıxmaq, ifaçıya söz demək, nəsə istəmək, təklifdə bulunmaq yasaqdır.
Üzümüzü valideynlərə tuturuq. Heç ola bilməz ki, şəhəri bürümüş yarımçılpaq qızların, konsert salonlarında özünü apara bilməyənlərin əksəriyyətinin valideynləri bu işdən xəbərsizdir. Bəlkə övladınızın haraya, nəyə getdiyi ilə yaxından maraqlanasınız? Atalar deyib ki, qızını döyməyən, dizini döyər. Biz sizi döyüşə yox, övladınıza düzgün tərbiyə verməyə çağırırıq!

Azərbaycan.-2007.- 6 oktyabr.- S. 6.