Xəlilzadə H.C.
Bu il iyulun 27-də
Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev Emin Sabitoğlunun xatirəsini
əbədiləşdirmək məqsədilə
bəstəkarın yaşadığı binaya (Hacı
Zeynalabdin Tağıyev küçəsi, 7) xatirə
lövhəsinin vurulmasının təmin edilməsi
haqqında sərəncam imzalayıb. Bu diqqətinə
və qayğısına görə dövlətimizin
başçısına Emin Sabitoğlunun ailəsi və
yaxınları adından
minnətdarlığımızı bildiririk.
Emin Sabitoğlu öz dəst-xətti, yaradıcılıq
siması olan bəstəkardır. Onun mahnılarının
daxili mayasını muğam və müasir xalq musiqisi
təşkil edir.
Bizim otuz ilə yaxın dostluq tariximiz vardı. Məni ona
bağlayan ilk növbədə yazdığı
musiqilərə həddindən çox heyranlığım,
sonra isə atası Sabit Rəhmanın komediya, roman, ssenari
və hekayələrini gənclikdə oxuyub-sevməyimdi. Bir
də eloğlu, həmyaşıd idik.
Bəlkə də çoxları bilmir ki, Sabit Rəhman
yaxşı piano çalırdı. Hətta deyirlər
Üzeyir Hacıbəyov cavan Sabitin piano çalmasına qulaq
asmış və bəyənmişdi. Hazırda həmin
piano Sabit Rəhmanın ev-muzeyində ondan yadigar musiqi
aləti kimi yer alıb.
Təbiidir ki, Emin kiçik yaşlarından musiqiyə
həvəs göstərib. O, Bülbül adına Musiqi
Məktəbinə daxil olanda çox sevinirdi. Burada dərs
aldığı müəllimlər, ələlxüsus
görkəmli musiqişünas, pedaqoq, Azərbaycanda
özünəməxsus musiqi məktəbinin
yaradıcısı olan professor Kövkəb
Səfərəliyeva haqqında həmişə
minnətdarlıqla danışardı.
Emin Sabitoğlu Kövkəb xanımın ən sevimli
tələbələrindən idi. O, hələ
məktəbdə oxuduğu illərdə fortepiano
üçün bir neçə pyes və kiçik romanslar
yazmış, musiqiçilər arasında yavaş-yavaş
tanınmağa başlamışdı.
Emin orta məktəbi müvəffəqiyyətlə
bitirərək təhsilini Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq fakültəsində
davam etdirdi. Fitri istedadına görə dünya
şöhrətli bəstəkar Qara Qarayev onu öz
sinfinə götürdü. Sonra P.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasına köçürüldü
və orada məşhur Yuri Şaporinin bəstəkarlıq
sinfində çalışdı. Bakıya qayıdanda "Azərbaycanfilm"
kinostudiyasında musiqi redaktoru vəzifəsinə təyin
edildi. Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri olanda artıq tanınmış bəstəkar
idi.
O illərdə Emin Sabitoğlunun lirik, melodik mahnıları
Şövkət Ələkbərova, Zeynəb Xanlarova,
Mirzə Babayev, Gülağa Məmmədov, Yalçın
Rzazadə, Akif İslamzadə, Hüseynağa Hadıyev, Flora
Kərimova, Elmira Rəhimova kimi sənətçilərin
ifasında televiziya ekranlarında, radio dalğalarında, xalq
şənliklərində, konsertlərdə səslənirdi.
Bu mahnıların bir çoxunun ilk dinləyicilərindən
olmağımla indi də fəxr edirəm.
Ümumiyyətlə isə mənə dostumun 600-ə
qədər mahnısı məlumdur.
Emin Sabitoğlunu onu tanıyanların sevimlisinə
çevirən bəstəkarlığından əlavə
son dərəcə nəcib, səmimi, zarafatcıl olması
idi. Hamıya diqqət, qayğı göstərər, ehtiram
bəsləyərdi. Tez-tez xeyirdə-şərdə
görüşər, söhbətləşərdik və
hər dəfə yeni mahnıları haqqında bizə -
Anara, Vaqif Səmədoğluna, Mərahim
Fərzəlibəyova və başqalarına
fərəhlə danışardı. Məni "Hicran",
"Nəğməli könül", "Gülüş
sanatoriyası" və bir sıra digər musiqili
komediyalarının premyerasına dəvət etmişdi.
Ötən əsrin səksəninci illərində Eminlə
daha yaxın əlaqəmiz vardı. Vaxtaşırı 28 May
küçəsindəki "Gül kafesi"nə
təşrif gətirərdi, armudu stəkanda pürrəngi
çay içər, fikir mübadiləsi edərdik. Burada
çalışanların səliqə-səhmanı,
hazırlanan milli xörəklərin keyfiyyəti
bəstəkar dostumun ürəyincə idi. Xidmətçilər
ona xüsusi həssaslıqla yanaşar, aşpazlar ləziz
xörəklərə qonaq edərdilər. Xüsusilə
bəstəboy, laləyanaqlı, qaragöz kulinar qızın
incə hərəkətləri, zirəkliyi, şirin
danışığı, süfrə mədəniyyətini
əla bilməsi diqqətindən yayınmamışdı.
Bir dəfə astaca ondan adını soruşdu. Yerinə
mən cavab verdim və dərhal da dedim ki, Emin, bəlkə
bizim Esmiraya - bu kulinar qıza bir mahnı
bəstələyəsən. Dinmədən çıxıb
getdi. Üç-dörd gün gözə dəymədi.
Evinə telefon açırdım, susurdu. Bir də
həftənin sonunda gəldi və hamının
eşidəcəyi tərzdə bildirdi: Esmiranın
şəninə bir mahnı bəstələyib xalq artistimiz
Zeynəb Xanlarovaya təqdim etdim. Mahnının şuxluğu
və melodiyası Zeynəb xanımın xoşuna gəldi.
Bazar günü saat 12-yə 15 dəqiqə qalmış
radioda konsertində oxuyacaq, qulaq asarsınız. Dediyi
gündə həmin vaxt radionun diktoru elan etdi:
- Efirdə ilk dəfə "Esmira" mahnısı
səslənəcək. Musiqisi Emin Sabitoğlunun,
sözləri Rüfət Əhmədzadənindir. Oxuyur
SSRİ xalq artisti Zeynəb Xanlarova.
Musiqinin xoş melodiyası ətrafa yayıldı,
müğənninin məlahətli səsi dinləyiciləri
məftun etdi.
Bir gün iş otağımda müharibə veteranı,
əməkdar müəllim, yazıçı, ağsaqqal
Məmmədiyyə Yusifzadə ilə çay
içərək onun son pyesi haqqında
danışırdıq. Bu dəmdə Emin içəri
girdi, qonağımı onunla tanış etdim. Söhbət
əsnasında bəstəkar Məmmədiyyə
müəllimin gənclər üçün
yazdığı "Aşığın arzuları"
pyesindən xəbər tutdu. Əsər bir il əvvəl
Gənc Tamaşaçılar Teatrında tamaşaya
qoyulmuşdu. Bu, Emini çox maraqlandırdı, əsəri
ikihissəli televiziya tamaşası kimi hazırlamağı
təklif etdi, musiqisini, mahnılarını isə öz
boynuna götürdü. Quruluşçu rejissor Mərahim
Fərzəlibəyov tezliklə
çəkilişlərə başladı, Emin Sabitoğlu
az müddətdə sözləri Rüfət
Əhmədzadənin olan səkkiz mahnı yazdı. Tamaşa
boyu bu mahnılar - "Aşıq gəncəli dağlar, ol
yarı var", "Uzunu, ay uzunu" və sair
səslənirdi.
Azərbaycan Respublikasının xalq artisti, Dövlət
mükafatı laureatı, "Şöhrət" ordenli,
professor Emin Sabitoğlu 1994-cü ildə Türkiyənin
İstanbul Xalq Musiqi Konservatoriyasına dəvət
olunmuşdu və təklifi qəbul edərək orada
çalışırdı. O, 2000-ci ilin noyabrında
atasının 90 illik yubileyi tədbirlərində iştirak
üçün vətənə qayıtdı. Lakin bu
günü görmək ona nəsib olmadı. Elə noyabr
ayının 18-də səhərə yaxın 63
yaşında əzizlərinin qolları arasında
dünyasını dəyişdi, ruhu mahnılarının
qanadında göyə uçdu. Qədirbilən dostları,
pərəstişkarları isə onu unutmayıblar,
gözəl insan, təkrarsız bəstəkar kimi ürəklərində
yaşadırlar.
Azərbaycan.- 2007.- 27 oktyabr.- S. 7.