İbrahimova S.

 

Qədir Rüstəmov dəsgah oxumaq arzusundadır

 

Xanəndə ancaq Qarabağdan oxuyacağını bildirdi

 

Səhhətindəki problemləri üzündən sənətindən aralı düşən, Qarabağın xarı bülbülü adlandırılan Qədir Rüstəmov yenidən yaradıcılığını davam etdirmək niyyətində olduğunu söylədi. Xanəndənin fikrincə, muğama, sənətə olan diqqət onun ruhunu təzələməklə yanaşı, səhhətinə yaxşı təsir göstərib. Yenidən səhnəyə yol alan sənətkar deyir ki, ömrünün ahıl dövründə bir-iki dəsgah oxumaq arzsundadır. Xəstə olduğu illərdə arzusunda olduğu muğam dəsgahını o, bu günlərdə canlı ifası ilə tamaşaçılarına çatdıracağını söylədi. Amma buna baxmayaraq, ata yurdunun hələ də işğal altında olması xanəndənin ürəyindəki yaranı tam sağalda bilməyib: "Oxumaqdan ötrü çox darıxırdım. Uzun illər səhnədə olsan və birdən kənara çəkiləsən - bu, insanın psixologiyasını alt-üst edir. Hərdən elə düşünürdüm ki, Allah da məni unudub. Heç kimin yadına düşmürdüm. Bu, əhvalımı pisləşdirirdi. Ailə üzvlərimin dəstəyi sayəsində özümü bu dərddən qurtara bildim. Bir az nitqimdə problem qalıb, həkimim bunun da tezliklə aradan qalxacağını söyləyib. Böyüyüb boya-başa çatdığım Qarabağ torpağının işğal altında olması isə hələ də məni üzür. Düşünürəm ki, oxusam, ancaq Qarabağdan oxuyacam".

"Sona bülbüllər" xalq mahnısını sənətdəki vizit kartı kimi qiymətləndirən sənətkar ona "dəli ruhlu" deyənlərə qeyri-adi tərzdə cavab verməyi də unutmadı: "Kim deyir ki, sənətimin dəlisiyəm, düz deyir. Çünki sözün yaxşı mənasında dəli olmalısan ki, bu qədər təsnifləri, muğamları və xalq mahnılarını sinədəftər kimi əzbər bilmək xanəndəyə çətinlik törətməsin. Bu mənada özümü "dəli ruhlu" hesab edirəm. Vaxtilə iştirak etdiyimiz el şənlikləri, tədbirlərdə saatlarla oxuyardıq. İnsanlar musiqiyə qulaq asmaqdan tükənmirdilər. Bəlkə də elə bu səbəbdəndir ki, həmin dövrün sənətkarları bütün proqramı əzbər biliblər".

 

Kaspi.- 2007.- 26 oktyabr.- S.17.