Kəbutər

Bəlayi-eşqin aşiqi

Canəli Əkbərov Biz Məcnunun fəlsəfəsini oynamışıq

İki gün axtarandan sonra onu yerində tapırıq. İki saat vaxtım var deyir, istəyirsiniz gəlin. Bizimsə fikrimiz onu redaksiyamıza qonaq çağırmaq idi. Nisyə dalınca qaçmayaq deyə, axtarıb Mədəniyyət İncəsənət Universtitetinin Muğam kafedrasını tapırıq. Bizimlə dabanbasma qapı döyülür. Tarlı-qavallı tələbələrin gəlişi qanımızı qaraldır. Dərsin başlaması müsahibəmizi gecikdirəcək.

Hər kim məhəbbət əhlini salmış əziyyətə,

Yox özgə qarğışım ona, düşsün məhəbbətə...

Etiraz hissimi bu bir beyt ağzımda qoyur. Barmaqları havada müxtəlif işarələr cızan ustadın dirijorluğu ilə mahnı təsniflər havalanır, Vahidin qəzəlləri müxtəlif muğam şöbələrinin müşayəti ilə səslənir.

- Yox, olmadı. Diqqət elə: Söylə ey gül, nəfəs, nəfəs, sən hansı baxçanın gülü-rənasısan nöqtə, buyurun.

Yenə muğamın şirin təranələri havalanır. canlı ifa bir anda ovqatımızı dəyişir: “ yaxşı ki, dərs saatına tuş olduq”.

Canəli Əkbərovun mobil telefonu zəng çalır:

- “Space” televiziyası yeni layihə təklifi ilə müraciət edir. Telekanal həftədə bir saat muğam üzrə master klas dərsləri vermək fikrindədir. Veriliş canlı yayımlanacaq. - Gəlib bir dərsinizi yayımlasınlar - deyirəm-əsil master klas dərsləri idi”.

Canəli müəllim çiyinlərini çəkir:

- Gəlsinlər a qızım, burada daha canlı, daha təbii alınıcıq. Amma televiziyanın öz tələbləri var həmin tələblər hökmən dekarasiyalar sair tələb edir.

- Deyəsən bizdə hələ belə bir təcrübə olmayıb.

- Layihə telekanalın rəhbəri Vaqif Mustafayevin təklifi ilə hazırlanıb.

- Bayaqdan canlı ifalara qulaq asıram. Mikrofonsuz oxunan mahnı adamın hisslərinə çox dərin təsir edir. Yadınızdadırsa, azanın da mikrofonsuz verilməsini təklif edirdilər. Amma nədənsə din xadimləri bunu mənfi qarşıladılır.

- Gəlin bu söhbətə qarışmayaq. Hacı olmağıma baxmayaraq, din adamı deyiləm elə bilirəm ki, bu işə qarışmağım düzgün deyil. Amma azanın minarədən canlı olaraq oxunması əlbəttə vacibdir. Çünki səsin insan psixikasına çox güclü təsiri var.

- Azanı hansı muğamın üsütündə verirlər?

- Zəminxarə muğamının üstündə. Bizdə onu dəsgah kimi oxumurlar. O şöbə kimi Bayatı-Qacar muğamının tərkibində gedir. Ola bilsin XVIII, XIX əsrlərdə bütövlükdə oxunub. Hazırda, bizdə müstəqil muğam kimi oxunmur.

- Biz deyirik ki, muğam bizim milli musiqimizdir. Azan isə ərəblərdən gəlmədir. Bu necə olur?

- Muğam bütün Şərq dünyasında var. Ərəblərdə , Orta Asiyada da oxunur. Amma muğam özünün zirvəsinə, kamilliyinə Azərbaycanda çatıb. Bəlkə bizim millətin səsinə düşdüyündən inkişafın bu dərəcəsinə yetişib. Dünyanın heç yerində muğam bizdəki qədər cilalanmayıb. heç yerdə, heç bir millətə bu qədər hörmət qazandıra bilməyib. Eyni zamanda, heç yerdə Azərbaycanda olduğu qədər, nüfuzlu olmayıb. Bizim müqtədir xanəndələrimiz Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskini deyirəm. Bir muğam ustadı kimi, onların ifaları bu gün bizim əlimizdən tutur. Cabbar muğam ifaçılığımızın bayraqdarıdırsa, Seyid muğam tədrisimizin banisidir.

- Azərbaycanda bu qədər inkişaf etməsinə baxmayaraq, bildiyim qədəri, bizdə muğamşünaslar yoxdur, eləcə də ustad muğam ifaçıları bunu şifahi şəkildə nəsildən-nəsilə ötürürlər. Muğam nəzəriyyəsinin yoxluğu itkilərə gətirib çıxarmırmı?

- Muğam şifahi şəkildə ötrülən bir sənətdir. Amma sözünüzdə bir həqiqət də var ki, gərək indiyədək muğamın nəzəri bir aspekti də olaydı. Mən bir xanəndə kimi nəzəriyyəni vacib hesab edirəm. İndi tədrislə bağlı muğmlarımızın bəzilərini işləyirəm. Bu proqramların artıq ikisi işıq üzü görüb və tədris onun əsasında aparılır. Mahur-Hindi, Zabul-Megah muğamlarının nəzəri təsnifatı ilə bərabər, ifası haqqında da yazmışam. Digər muğamlardan fərqli xüsusiyyətlərinə toxunmuşam, bədii təsnifatını vermişəm. Üstəgəl muğamın fəlsəfi troatovkası və tədrisi profillərinə də nəzər salmışam. Bu nəzəriyyə. Praktiki işi isə mən universitetimizin tədris korpusunda aparıram. Nəzəriyyəni canlı şəkildə tədris edirəm, tələbələrimə öyrədirəm. Muğam oxumaq sizə asan görünməsin. Təkcə səs hər şeyi həll etmir. Muğam səlis danışıq, intonasiya, avaz, vurğu, nəfəs deməkdir. Muğam tələbəyə hərf-hərf yedizdirilir. Hər muğam bir əsərdir və təsəvvür edin ki, bu əsəri ustad tələbəyə hərf-hərf öyrədir.

Muğamın xronoloji -bədii təsnifatını açıqlamaqla tədrisi uzlaşanda kamil muğam ifaçısı yetişdirmək olar.

- Canəli müəllim, maşallah muğama maraq xeyli artıb. Böyük səhnəyə çıxarmaq üçün mahir ifaçıların sayıdamı belə yüksəkdir?

- Hərdən görürsən, kütləvilikdən narazılıq edirlər. Senzuradan-filandan danışırlar. Amma kütləvilik hökmən lazımdır ki, axtardığını seçə biləsən. İki ildə bir nəfər ifaçı tapmaq olur ki, onu böyük səhnəyə təhvil veririk və mənə elə gəlir ki, bu pis göstərici deyil. Onu da deyim ki, ən çox tədris etdiyim elmi-muğam doğrudan bir elmdir ki, biz ondan dəryada damlanı içə bilirik.

- Sizin işlədiyiniz proqramla bağlı böyük səs-küy yarandı. Hətta həmkarlarınızdan sizi qınayanlar da tapıldı.

- O sözü danışanların məsələnin mahiyyətindən xəbərləri yoxdur. Əslində, proqram beş ildən bir təzələnməlidir. İkincisi köhnə proqramlar hamısı kiril əlifbasında idi. Daha sonra, mən ustad dərsləri deyirəmsə, öz nəzəriyyəmi yaratmağa da haqqım çatır. Beş-altı bəstə sahibi olmaq, saç-saqqal ağartmaq, hələ ustad olmaq demək deyil. Ustad muğamın həm də nəzəriyyəsini bilməkdir. Nəzəriyyə yaratmaq həm də ağır zəhmət tələb edən işdir. Hətta gözəl ustad olsan belə nəzəriyyə yaratmaq üçün araşdırmaq, ədəbiyyatlardan xəbərdar olmaq lazımdır.

- Bəs söz-söhbətin yaranmasında səbəb nədir?

- Nə bilim, canım? Nə qədər ki, mən öyrənirdim, oxuyurdum, səhnədəydim, deyirdilər səndən yoxdur. Elə ki, onların sırasında dayandım, tribunada söz demək səlahiyyəti qazandım, ustad adlanmağa başladım onda söz-söhbət başladı. Bir məsələ də var ki, heç istəməzdim danışım. Amma deməyə borcluyam. Uzun illər muğam sahəsində Qarabağ və Bakı məktəbi hegemonluq edib. Bilmirəm fikir vermisinizmi, tez-tez deyirlər ki, Şuşa yoxdursa, muğam da yoxdur. Belə deyil. Muğam Azərbaycanın bütün regionlarına məxsusdur. Səs limon deyil ki, təkcə Lənkəranda yetişə. Muğam hələ bundan sonra, daha böyük inkişaf dövrünə qədəm qoyacaq, cilalanacaq, kamilləşəcək. Mənə hərdən elə gəlir ki, bu iki məktəbin yetirməsi olmadığımdan, məni bir qədər ögey hiss edirlər. Amma mən təvazökarlıqdan uzaq da olsa deyim ki, sənətkar kimi yaşımın düz 45 ilini Dövlət Opera və Balet Teatrının səhnəsində baş rolları oynamışam. 1978 və 83-cü illərdə Səmərəqənddə keçirilən Ümumdünya Muğam Simpoziumunun qalibi olmuşam. Özü də muğam ifaçılığı bizdə şəcərə sənətidir. Atam Xanəli kişi monumental muğam ifaçısı olub. Babam da xanəndə idi. Hazırda, üç qardaşım ailəsini səsi ilə dolandırır.

- Səhv etmirəmsə, 2002-ci ildə sonuncu Məcnunu oynadınız. İki il sonra sonuncu Şah İsmayıl. Yavaş-yavaş səhnədən getdiniz. Yorulmusunuz, yoxsa Habil Əliyev kimi siz yaşın diqtəsi ilə hərəkət edirsiniz?

- Yox, canım. Hələ bu yaşda da 40 il əvvəlki səslə oxuyuram. Yorğunluqdan da söhbət gedə bilməz. Sadəcə, mən yerimi cavanlara vermişəm. Artıq nə ifamda yenilik olmayacaq, nə oynadığım operaların məzmunu, mətni dəyişməyəcək. İş ki, sənətkarlıq ömrünü bitirib vərdişə keçdi orada dayanmaq lazımdır. O rollarda ki, daha heç bir yenilik edə bilməyəcəyəm, tamaşaçını vərdişə alışdırmağa lüzum yoxdur. Mən ilk Məcnunumu 35 yaşımda oynamışam. Bu gün səhnəyə daha gənc Məcnunlar çıxır. İfaçılarımızın belə gəncləşməsinə sevinirəm. Amma bir məqamı hökmən qeyd etməliyəm. Bu gün 20 yaşlı gənc “Ya rəbb bəlayi-eşqilə qıl aşina məni!”, “Olduqca mən, əl götürmərəm bəladən ya rəbbim, mən istərəm bəlanı, çün istər bəla məni” fəlsəfəsinin yükünü daşıya bilməz. Biz oynayanda Məcnunun fəlsəfəsini oynamışıq.

- Mədəniyyətimizin ən böyük bəlası mühafizəkarlıqdır. Bu qəbildən olanlar yeniləşməni heç cür qəbul etmək istəmirlər. Sıralarına kimsə çətinliklə buraxdıqları kimi, yeni gələnləri də çətinliklə həzm edirlər. Siz də həmin mühafizəkarlar nəslinə mənsub bir sənətkar kimi yeniliklərin əleyhinə çıxırsız hərdən.

- Yox, mən əsl ifaçı görəndə canımı da verərəm. Tələbələrim də təsdiqləyə bilərlər ki, mən onlara həm də mənəvi ata oluram. Bütün təhsil boyu. İndi durub burada mənəm-mənəm demək başıma-saçıma yaraşmaz. Bir onu deyim ki, mənim həm də tələbim var şagirdlərimdən. Muğamın ucalığını qorusunlar. Muğam kişi sənətidir. Lap cavan vaxtlarımda Qubada toydaydım. Yaşlı bir kişi gəldi dedi mənim üçün bir Segah zabul dəsgahı oxu, kasıbam, bircə onu bilirəm ki, qeyrətdən kasıb deyiləm. Bu söz mənə bəs elədi. Mən o sarıdan varlı olmağı tövsiyə edirəm tələbələrimə. Mənsum İbrahimovu böyük səhnədə iki məşhur obraza - Məcnuna və aşıq Qəribə hazırlamışam. Səfa Qəhrəmanovu təkcə “Leyli və Məcnun” tamaşasında ataya, İbni Səlama və Məcnuna “Şah İsmayıl”da baş rola hazırlamışam. Gülyanaq və Gülyaz bacılarını da. Əksəriyyəti bu gün Xalq artistləridir. O ki, qaldı yeniliklərin əleyhinə çıxmağa, olur. Məsələn, mən muğamlarda, xalq mahnılarına improvizəni qəbul edə bilmirəm. Aranjıman bilirsən nədir? Müğənninin səsi nota çatmayanda, boşluqları doldurmaq üçün həmin nizamın pozulmaması üçün istifadə edilən variantdır. Səs hədəfi vura bilmədiyindən oranjımançı bu üsuldan istifadə edir ki, dinləyicinin diqqəti o maqamlardan yayınsın.

Yeni Azərbaycan.- 2007.- 26 oktyabr.- S.8.