Qaliboğlu E.

 

Özünəməxsus yaradıcılıq yolu olan bəstəkar və dirijor


                            Niyazinin 95 illiyinə həsr olunmuş tədbir keçirildi

 

Dünən Üzeyir Hacıbəyovun ev-muzeyində Azərbaycanın böyük dirijoru və bəstəkarı Niyazinin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Qeyd edək ki, konfransda tanınmış bəstəkarlar və musiqişünaslar iştirak edirdi. Konfransı giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə açdı. O, Bəstəkarlar İttifaqının Azərbaycanın tanınmış musiqi xadimlərinə həsr olunmuş bu yöndə tədbirləri daha ardıcıl keçirəcəyini dedi. Qeyd edildi ki, Niyaziyə həsr olunmuş bu tədbir onun yaradıcılığına hər mənada baxış gərəkliyindən, zəruriliyindən irəli gəlib: "Görkəmli musiqiçi, bəstəkar, Azərbaycan musiqisinin ən parlaq simalarından və təbliğatçılarından biri olan Niyazinin imzası qeyd-şərtsiz bütün keçmiş SSRİ məkanında məşhur idi. Niyazi həmçinin dünya musiqiçiləri tərəfindən özünəməxsus yaradıcılıq yolu olan bəstəkar və dirijor kimi tanınırdı. Niyazinin yaradıcılıq irsi çoxtərəfli və zəngindir.
O, özündə əsl musiqiçiyə xas olan bir neçə cəhəti - novatorluğu, fitri musiqi duyumunu, bəstəkarlığı, dirijorluğu və musiqi təbliğatçılığını birləşdirə bilmişdi. Onun orkestr üslubu çox mürəkkəb xüsusiyyətlərə malik idi. Niyazinin Azərbaycan musiqisi tarixində yeri əvəzsizdir. Azərbaycan bəstəkarlarının əksəriyyətinin məşhur əsərlərini Niyazi ilk dəfə çox böyük şövqlə ifa edib, "Koroğlu" operasının ifası ilə bu gün də əvəzsizliyini saxlamaqdadır".
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli ümumiyyətlə, Hacıbəyovlar nəslinin Azərbaycan professional musiqisi tarixində özünəməxsus rolundan danışd: "Niyazi Üzeyir Hacıbəyovun qardaşı oğlu idi. Şübhəsiz ki, bu amil onun bənzərsiz musiqiçiliyində xüsusi rol oynamışdı. Üzeyir bəy Azərbaycan musiqisinin inkişafı naminə Niyaziyə belə güzəşt etməmişdi. Niyazi "Arşın mal alan"ın dirijoluğunu edərkən Üzeyir bəy əvvəlcə ondan narazı qalmışdı. Demişdi ki, mənim övladım yoxdur, əsərlərimi övladlarım hesab edirəm, onları şikəst etməyin. Lakin sonradan Niyazi ilə barışmışdı. Niyazi ilə bağlı tədbirin bu gün Üzeyir bəyin ev-muzeyində keçirilməsi təsadüfi deyil. Bəlkə də Üzeyir bəy olmasaydı, bu gün Niyazi kimi böyük sənətkarımız olmayacaqdı. Şostavoviç həmişə deyirdi ki, Azərbaycan xalqı Niyazi kimi dirijoru olduğuna görə xoşbəxtdir. Qara Qarayevin "İldırımlı yollarla" baleti səhnələşdirilərkən Niyazinin bir drijor olaraq necə narahatlıq keçirdiyini indi də xatırlayıram. O, dirijor pultu arxasında olarkən hədsiz etiraslı olurdu. Sanki özünü tamamilə unudurdu. Bir sözlə, əsərin bütün halını canında, qanında yaşayırdı. Niyazidən sonra çoxları bu əsərə dirijorluq etdilər, amma onun incə ruhunun yerini heç biri verməz. Həm mənim üçün, həm də Xuraman və Fidan Qasımova bacıları üçün Niyazi müəllimin evi ikinci bir konservatoriya idi. SSRRİ-nin müxtəlif yerlərindən gələn məşhur bəstəkarlar onun evində mütləq qonaq olurdular. Hətta rəsmilər ona zəng edib Azərbaycana qonaq gələn musiqiçiləri evində qarşılamasını xahiş edirdilər. Onunla birgə müxtəlif ölkələrdə olduğumuz konsertləri bu gün böyük bir duyğu ilə xatırlayıram. O, bütün konsertlərdə daim möcüzələr göstərirdi, konsert boyunca hamının diqqəti yalnız ona kəsilirdi. Sonda hamı məhz onu alqışlamaq üçün ayağa qalxırdı. Belə sənətkarları hər xalq yetirə bilmir".
Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov Niyazi haqqında xatirələrini danışdı: "Onunla çox konsertlərdə olmuşam. Yadımdadır, axırıncı dəfə konsertdə iştirak edə bilmədi. Zəng etdim, dedi ki, xəstəyəm, məni əvəz eləsinlər. Onun konsertdən qabaq deyiləcək sözlərini oxudum. Həmin tədbirdə də hamı onu gözləyirdi...
Niyazi müəllim həmişə təşkilatçılığı ilə fərqlənirdi. Harada işləyirdisə, həmişə təşəbbüskar təkliflərlə çıxış edirdi. Filarmoniyaya direktor gələrkən bəstəkarların yaradıcılıq gecələri keçirildi, muğam dəstgahları təşkil edildi. Əsər seçməkdə çox tələbkar idi. Zövqünü oxşamayan əsəri qətiyyən qəbul etməzdi. Hər əsəri bəyənməzdi".
R.Zöhrabov Niyazinin yaradıcılığının hələ istənilən səviyyədə araşdırılmadığını bildirdi: "Onun haqqında hələ bundan sonra böyük əsərlər yazılacaq. Təkcə "Rast" simfonik muğamı bəsdir ki, o, böyük bəstəkar kimi tarixə düşəydi".
Niyazinin "Rast" simfonik muğbamı haqqında danışan sənətşünaslıq doktoru, professor Şirin Məlikova onun bu mövzuda əvəzsiz bir əsər yaratdığını dedi. Qeyd etdi ki, sırf milli ruhlu Azərbaycan bəstəkarı Niyazi muğamın mahiyyətinə dərindən bələd idi. Niyazi əsərlərini həm də özü ifa etməklə şəxsində bəstəkarlığın və dirijorluğun vəhdətini təsdiq etdi.
Xalq artisti Xuraman Qasımova onun və bacısı Fidan Qasımovanın yetişməsində Niyazinin əvəzsiz rolundan danışdı: "Niyazi ilə bağlı xatirələrim çoxdur. Xoşbəxtəm ki, onun sənətlə bağlı söhbətlərini eşitmişəm. Böyük maestronun xatirəsi həmişə ürəyimdədir. Bizim Niyazi ilə qohumluğumuz da var. Şəxsən məni bu sənətə həvəsləndirən Niyazi olub. Biz bacıların oxumaq həvəsi atamızdan gəlir. Niyazi ailəmizin ən yaxın dostu idi".
Xuraman xanım Niyazi ilə bağlı evlərində çəkilən xatirə şəklini onun ev-muzeyinə bağışlayacağını dedi: "Niyazinin övladı yox idi. O, istedadlı uşaqları çox sevirdi. Daim istedadları qorumağı tövsiyyə edirdi. Deyirlər ki, onun xasiyyəti çox sərt olub. Bəli, Niyazi həm də ciddi adam idi. Lakin mən həmişə oun timsalında özümün doğmamı, yaxın bir adamımı görürdüm. Azərbaycan bəstəkarlarının çoxunun əsərlərini məhz o, özünün dahiyanə dirijorluğu ilə əbədiləşdirdi. Bəxtimə onunla birgə müxtəlif səhnələrdə çıxış etmək düşüb. 1972-ci ildə Rza şahın arvadı Fərəh Pəhləvi Bakıya səfərə gəlmişdi. O, Bakının musiqi mağazalarını gəzib Üzeyir Hacıbəyovun "Arşın mal-alan" əsərinin plastinkasını istəmiş, lakin tapmamışdı. Çünki əsərin plastinkası yox idi. Niyazi vəziyyətdən çıxmaq üçün demişdi ki, bu cür plastinkalar çıxan kimi camaat alır, qalmır. Amma sizə söz verirəm ki, İrana çatar-çatmaz bu əsərlərin lentini sizə göndərəcəyəm. O, bir neçə gündən sonra "Arşın mal alan"ı orkestrin ifasında yazıb Fərəh Pəhləviyə göndərir. Niyazi daim xalqını sevirdi. O, Azərbaycan musiqisini var gücü ilə bütün dünyada yayıb".
Musiqi Mədəniyyəti muzeyinin direktoru Alla Bayramova Niyazinin yaradıcılıq irsinin təbliğindən, sənətşünaslıq namizədi Tamella Hüseynova Azərbaycan musiqisinin təbliği sahəsində Niyazinin rolundan, sənətşünaslıq namizədi Sürəyya Ağayeva "Türkiyə musiqi mədəniyyəti və Niyazi", tədqiqatçı Akif Quliyev "Niyazi və Azərbaycan musiqi folkloru" mövzusunda, musiqişünas Aytən Tağızadə Niyazinin ifaçılıq məharətindən danışdılar.
Sonda Niyazinin "Etüd"ü, "Çitra" baletindən "Adajio", "Arzu" mahnı-romansı Xuraman Qasımova və Ülviyyə Hacıbəyovanın ifasında səsləndi

 

Xalq cəbhəsi.- 2007.- 23 oktyabr.- S.14.