Məhərrəmova T.

 

İndi müşayiət olunmalı xanəndələr azdır

 

Firuz Əliyev, Xalq artisti: "Bütün ağrı-acılarım tarla müalicə olunur"

 

Bu yaxınlarda fəxri ad alan sənətçilər sırasında onun da adı var: Firuz Əliyev. Tanınmış tarzənin danışmaqla o qədər arası olmasa da sözünü çalğısıyla deməyi yaxşı bacarır: "10 dəqiqə çalım, yaxşı alınsın, hər şeyə dəyər". Çalğısına da hamı bələddir. Sənəti əlindən tutaraq ona dünyanı gəzdirib. Musiqimizin dili ilə çox ölkələrin qapısını döyüb, ifası ilə dilimizi, dinimizi bilməyən insanları musiqimizin əsirinə çevirib.

Xalq artisti Firuz Əliyev ifaçılığa həvəsinin uşaq yaşlarından başladığını deyir:

 

- Musiqi ilə özüm məşğul olmağa başlamışam. Televiziyada konsertlərə də böyük həvəslə baxırdım. Evimizdə heç kəsin musiqi qabiliyyəti yoxdur. Amma hamı musiqini sevir. Mən isə tara lap uşaqlıqdan mehir salmışam. Evdə oxlovu götürüb səhərdən-axşamadək tar kimi çalardım. Bu həvəsimi görüb məni musiqi məktəbinə qoydular. O vaxt Buzovnada musiqi məktəbi olmadığı üçün Maştağada 10 saylı musiqi məktəbində oxuyurdum. İlk müəllimim Novruz Aydəmirov olub. Musiqi məktəbində oxuyarkən çox çətin əsərlər çalırdım. III kursda oxuyanda məktəblərarası musiqi müsabiqəsində I yerə layiq görüldüm. Bəstəkar Ruhəngiz Qasımova da məni "Ulduz" verilişinə çəkdi. Bu həvəsim məni Asəf Zeynallı adına musiqi məktəbinə gətirdi. Həmin məktəbdə not müəllimim Ceyran Haşımova, muğam müəllimim isə Əlikram Hüseynov idi. Texnikumu bitirdikdən sonra Konservatoriyaya daxil oldum. Hərbi xidmətdən qayıdandan sonra müəllim işləməyə başladım. Müəllim işləyərkən üzərimdə çox çalışırdım. Həmkarlarım mənə deyirdi ki, sən müəllim işləmə, get ifaçı ol. Elə oldu ki, Allah mənimçün yol açdı.

- İfaçılığa nə vaxtdan başladınız?

- Əvvəl Tələt Qasımovla toylara gedirdik. Sonra İslam Rzayevin təklifini qəbul etdim. Onun rəhbərlik etdiyi instrumental ansamblın konsertmeystri oldum və indiyədək bu ansamblla işləyirəm. İslam Rzayevlə daha çox rayonlara gedirdik.

- Böyük səhnəyə yolunuz da həmin vaxtdan başladı?

- Böyük səhnəyə gec gəldim. İlk dəfə televiziyanın "İlk addımlar" verilişində iştirak elədim. Televiziyada konsertlərim olurdu. Böyük səhnəyə də İslam Rzayevlə çıxdım. O vaxtdan 35 ilə yaxın vaxt keçib. Bir müddət "Azkonsert"də çalışmışam.

- O vaxtlar "Azkonsert" özünün şöhrətli bir dövrünü yaşayırdı. Bu gün isə belə bir birliyin yalnız adı müğənnilərin dilində səslənir.

- Düz deyirsiniz, o vaxtlar "Azkonsert"in ən qaynar dövrü idi. "Azkonsert"də işləyərkən daha çox rayonlara qastrollara gedirdik. Baloğlan Əşrəfov, Zöhrə Abdullayeva başqa cavan oxuyanlar da bizim instrumental ansamblda oxuyurdu. Onlar bizim ansamblda püxtələşiblər, lent yazıları yazdırıblar. O vaxt ansambllar da az idi. Sonra xaricə qastrollarımız başladı. İlk dəfə Akif İslamzadə ilə, sonra rəhmətlik kamançaçalan Bilalla birlikdə Macarıstana, daha sonra Türkiyəyə getdik. Onda Türkiyəyə gediş-gəliş çox məhdud idi. Alim Qasımov, Fidan Qasımova Tələt Qasımovla birlikdə İzmirdə konsertlər verdik. Daha sonra Amerika, Braziliya, Avstraliya, Kanada, İran, bir sıra Avropa ölkələrində səfərlərdə olmuşam.

- Demək olar ki, bütün qitələri gəzmisiniz. Gəzib-gördüyünüz bu ölkələr ifaçılıq sənətinizə əlavə edib?

- Müxtəlif festivallarda çıxış eləmişik. Ayrı-ayrı ölkələrin folkloruna baxış təbii ki, adama çox şey verir. Hərədən bir şey görüb-götürürsən. Ümumiyyətlə, mənim bu sənətdə öz yolum var. Köhnə ifaçılara qulaq asmışam. Elə ifaçılar var ki, maqnitofonu səsləndirib nöqtə-vergülü sırf əzbərləyir. Bu, sənətdə mümkün olan şey deyil. Gərək hər ifaçının balaca da olsa öz dəst-xətti, yaradıcılığı olsun. Bu olmayanda hər şey süni görünür.

- Tar ifaçılığında əsas tələb olunan keyfiyyət hansıdır?

- Mən musiqiçi-ifaçıyam. Gərək ifaçının ilk növbədə ürəyi olsun. Notu əzbərləyib çalmaq olar. Tar sənəti çox çətindir. Gərək həmişə məşq edəsən. Çalmayan adam tarı sinəsində bir dəqiqədən artıq saxlaya bilməz. Gərək əl-qol düz olsun s. İfaçılıq hər bir ifaçının özündən asılıdır. Səhnəyə çıxanda hər ifaçı həyəcan keçirir. qədər peşəkar olsan da, "birdən alınmaz?" -deyə düşünürsən.

- Bəzən olur ki, bir konsert bir neçə saat davam edir. Tarı bu müddətdə sinənizdə saxlamaqdan, çalmaqdan yorulmursunuz?

- İnanın, tarı çalmağa başlayanda hər şey yadımdan çıxır. Canımın ağrısını da hiss eləmirəm. Hər bir muğamı çalanda istər-istəməz o aləmə qapılırsan, dünyanı, ətrafda baş verənlərin hamısını unudursan.

- İndi Amerikanı, Avropa ölkələrini su yoluna döndərsələr , Braziliyaya hələm-hələm gedib-gələn yoxdur. Maraqlıdır, orda sizi necə qarşıladılar, musiqimizi necə başa düşdülər?

- Doğrudan da Braziliyaya gedib-gələn sənətçilər yoxdur. Orda Azərbaycanı tanımırlar. Biz Braziliyaya Alim Qasımovla getmişdik. Əvvəlcə bizə təəccüblə baxırdılar. Çıxışlarımızdan sonra hamı "Azərbaycan", "Alim" - deyə qışqırırdı. Məəttəl qaldıq. Ona görə deyirlər ki, musiqinin dili yoxdur. Bizim muğamımız elədir ki, hər yerə yol tapır. Eləcə Mənsum İbrahimov, Munis Şərifovla Kanadaya, Habil Əliyev Aygün Bayramova ilə Afinaya səfərlərimiz çox yüksək səviyyədə keçib.

- Sizcə xaricdə muğam təkcə yeniliyi ilə maraqlıdır?

- Qürbətdə xalq musiqisini qoruyub saxlayan qəribçilik olur. Adam onların qarşısında çıxış eləməkdən zövq alır. Amerikadan gələn Cefriyə muğam çalmağı öyrədirdim. Bir dəfə Arif Babayevlə Amerikaya gedəndə, o, aeroportda yaxınlaşıb "tarı çıxar, bir az yer qalıb onu öyrət mənə" - deyə xahiş etdi. Aeroportda iki qadın da çalmağımıza baxır kövrəlirdilər. Yalvardılar ki, sən Allah, daha bir mahnı çal. Sən demə, onlar azərbaycanlı imişlər. Cefri "sizinçün çalmağa gəlib? Mənə dərs keçir" - dedi. Cefri əl çəkmirdi, "bunu da, bunu da öyrət" - deyirdi. Bir dəfə Hollandiyada "Azərbaycan günləri"ndə Alimlə konsert verirdik. Yaşlı bir kişi bizə yaxınlaşıb: "mən Azərbaycan dilində konuşa bilirəm. Özüm Haaqa şəhərindənəm. Azərbaycan folklorunu eşidib gəldim. Mən bu folklorla uzun illərdir məşğulam" - dedi. Sonra da "siz birinci "Bəstə-nigar"la başlayıb "Çahargah"a düşdünüz" - deyəndə heyrətdən donub qaldıq. Alim zarafatla: "Bu, deyəsən, nardaranlıdır", - dedi. O, bizdən Zülfünün, Seyidin kasetini soruşanda isə əməlli-başlı heyrətləndik. Bir dəfə Fransada Ağaxan Abdullayev rəhmətlik Ədalət Vəzirovla bir yerdə konsertdə idik. Bir nəfər rusca dedi ki, mən Bakıda Neft Kimya İnstitunu qurtarmışam. Orda oxuyanda çox muğamlar eşitmişəm. Ancaq sizin indi ifa etdiyiniz muğamlardan eşitməmişəm. Bilirsiniz, orada muğama necə diqqətlə qulaq asırlar? İnanın, hətta otaqda milçək uçsa, səsi eşidilər. Muğam qurtarandan sonra çox vaxt əl çalmaq da yadlarından çıxır. Elələrinə Bakıda da rast gəlmək olur. Muğamın hər yerdə xiridarı var. Bir az keçən kimi insanlar özləri bu musiqiyə acıyırlar. Bizim kökümüz muğam üstündədir. Ona görə bu musiqilər itə bilməz.

- Siz həm pedaqoyi işlə məşğul olursunuz. Tələbələrin musiqiyə həvəsləri necədir?

- Keçmiş vaxtlardan fərqli olaraq münasibət dəyişib. İnanırsınızmı, o vaxt dərsdən çıxanda vaxtın getməməsi üçün taksiyə minib evə çatmaq istəyir, yol boyu "nə vaxt evə çatıb yenə çalaram?" - deyə fikirləşirdim. İndikilər az məşğul olurlar. Bir qohumum bir dəfə mənə dedi ki, ay Firuz, nə yaxşı sən bu sənəti öyrənib başının altına qoydun. Dedim ki, bu başın altına qoymalı sənətdir? Gərək bunun üçün həmişə axtarışda olasan, çalışasan. Gözəl sənətkarımız Ramiz Quliyev indi də tarı əlindən qoymur. O, bütün əsərləri çalır, amma indi də tələbədir. Tarı əlindən qoysa, o cür ifaçılığı saxlaya bilməz.

- Sizin üçün kimləri müşayiət eləmək xoşdur?

- Vaxtilə Hacıbaba Hüseynovla, Yaqub Məmmədovla çox işləmişəm. İndi isə Ağaxan Abdullayev, Alim Qasımov, Arif Babayev, Zabit Nəbizadəni müşayiət edirəm. İndi müşaiyət olunmalı xanəndələr azdır.

- Tarınız uşaqlıqdan ayrılmaz yoldaşınızdır. Uşaq vaxtı tarı daşımaq yəqin ki, sizə ağır idi. Bu gün həmin ağırlığı nə əvəz edib?

- Həyatımda nəyə nail olmuşamsa, tarın sayəsində olmuşam. Özümü bu alətsiz təsəvvür eləmirəm. İnanırsınızmı, bütün ağrı-acılarım tarla müalicə olunur. Tarı əlimə aldımmı, dünyanı unuduram.

- Elə uşaqlıqdakı tarınızı çalırsınız?

- Yox, tarımı bir neçə dəfə dəyişmişəm.

- Hamısı da eyni cür sözünüzə baxıb?

- Yox, hamısı ilə əlləşirəm. Bir neçə il bundan qabaq Afinada olanda Habil müəllim dedi ki, həmişə kamança ilə əlləşirəm. Bizim alət də elədir - hər havada başqa cür danışır. Alət sənlə bərabər danışanda, sözünə baxanda, ifaçılıq da yaxşı alınır.

- Ailənizdə davamçınız varmı?

- Allah dörd qızdan sonra mənə iki ekiz oğul verib. Biri tar, biri isə kamança üzrə təhsil alıb. Bu il isə Asəf Zeynallı adına musiqi kollecinə daxil olublar.

- Televiziyanın, radionun fondunda lent yazılarınız saxlanılırmı?

- Cəmi iki-üç muğamım var. Efir üçün az yazdırmışam. O vaxt televiziyada solo konsertlərim olub. Muğamlardan ibarət disk buraxdırmışam. Sözün düzü, özümü reklam eləməyi o qədər sevmirəm. Ancaq görürəm ki, yaxşı şeydir - yazılan qalır. Ona görə qismət olsa, birini yazdıracağam

.

Kaspi.- 2007.- 10 oktyabr.- S.16.