Məhərrəmova T.

 

Müasir oxuyanlardan hər evdə var

 

Belələrini sənətkar saymayan Ağasəlim Abdullayevin fikrincə,

son illər xalq musiqisinə qayıdış hiss olunur

 

Zaman-zaman bu qədim musiqi alətinin hər pərdəsində gah vüsal oxunub, gah da hicran inləyib. Yəqin onu yaradan usta ruhu ilə baş-başa qaldığı andan bu cür köklənib. Hər tarzən ifa etdiyi nəğmələrə öz ürək çırpıntılarını, könül duyğularını köçürüb. Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Xalq artisti Ağasəlim Abdullayevin mizrabı ilə dilə gələn tarımız bu gün tamam ayrı bir ecazkarlıqla səslənir.

 

- Bu yaxınlarda fəxri ada layiq görülmüsünüz. Bu təltifi sənətinizə gec, yoxsa vaxtında verilən qiymət kimi dəyərləndirirsiniz?

- Deyilənə görə, gec verilib. Fəxri ad gərək halallıqla alınsın. Yəni vaxtında verilməlidir. Mənim 57 yaşım var. Düşünürəm ki, fəxri ada vaxtında layiq görülmüşəm.

- "Araz" xalq çalğı alətləri ansamblında vaxtdan çalışırsınız?

- 1967-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunda oxuyurdum. Onda rəhmətlik Baba Salahov ansambla rəhbərlik etməklə yanaşı, həmin məktəbdə müəllim işləyirdi. O vaxt Az.TV-nin cəmi bir proqramı vardı orda göstərilən konsertlərə maraq çox idi. Camaat sanki konsertlər üçün acıyırdı. O dövrdə rəhmətlik Əhməd Bakıxanovun, Əhsən Dadaşovun Baba Salahovun ansamblları fəaliyyət göstərirdi. "Görəsən, biz bu ansamblların birində çıxış edə, televiziyaya düşə bilərikmi?" - deyə maraqlanırdıq. Tale elə gətirdi ki, musiqi məktəbində oxuyanda bu korifey sənətkarlarla tanış oldum. Onlar imtahanlarda oturub istedadlı cavanları seçirdilər. Məni Baba Salahovun rəhbərlik etdiyi ansambla dəvət elədilər. Ansamblın konsertmeystri Qədir Qədimov çox vaxt işləri ilə əlaqədar ansamblın məşqlərinə gələ bilmirdi. Ona görə məni ansambla konsertmeystr dəvət elədilər. Beləliklə, 1969-cu ildə həmin ansamblda aparıcı tarçalan kimi fəaliyyətə başladım. Baba Salahov dünyasını dəyişəndən, yəni 1981-ci ildən sonra Dövlət Televiziya Radio Komitəsi ansamblın rəhbərliyini mənə tapşırdı. O vaxtdan indiyə qədər ansambla rəhbərlik edirəm.

- Həmin illərlə müqayisədə ansamblda çoxmu dəyişikliklər olub?

- Üzvlərdən dəyişən çox olub. Onda mənim 18-19 yaşım vardı. Ansamblda yaşlı adamlar çoxluq təşkil edirdi. Məsələn, Aftandil İsrafilov, Vəli Qədimov məndən yaşlı idilər. Sonradan onlar Zeynəb Xanlarovanın ansamblına keçdilər. Ondan qabaq isə Zeynəb xanımın özü bizim ansamblla oxuyurdu. Həmin lentlər televiziyanın Qızıl Fondunda saxlanılır.

- Necə oldu ki, ansamblı "Araz" adlandırdınız?

- Baba Salahov rəhmətə gedəndən sonra dedilər ki, ansambla ad qoymaq lazımdır. Televiziyanın sədr müavini Elşad Quliyevin rəhbərliyi ilə kollegiya keçirib ansamblın adını "Araz" qoydular. Ansambl 1990-cı ilə qədər bu adla fəaliyyət göstərdi. Sovet İttifaqı dağılandan sonra böyük şəxsiyyətlərin adlarını əbədiləşdirməyə başladılar. Biz Baba Salahovun adını əbədiləşdirmək üçün müraciət elədik. Təsdiq elədilər ansambl Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblı adlandı.

- Ansamblın əvvəlki çalğı üslubunu, dəst-xəttini qədər qoruyub saxlaya bilmisiniz?

- Mən həmişə bu dəst-xətti olduğu kimi saxlamağa çalışmışam. Baba müəllimin bütün fəaliyyəti həmişə gözümün qabağında idi. O, ansambla qədər yeniliklər gətiribsə, mən onları qoruyub saxlamağa çalışıram. Bu üslub ansamblların səslənməsində özünü göstərir. Əhməd Bakıxanovun ansamblı, eləcə Əhsən Dadaşovun ansamblı çalanda onların dəst-xətlərinin qalması məlum olur.

- Öz ansamblınızın dəst-xəttini necə səciyyələndirərdiniz?

- Qrupların bölünməsi, musiqinin alətlərə paylanması s. Bizim ansamblda yuxarı dəstə sayılan nəfəs alətləri - klarnet, balaban, qarmon, nağara alətlərini çalanlar çox gözəl sənətkarlar idi. Demək olar ki, onların bir gün boş vaxtları olmurdu. Hər gün onları toylara aparırdılar. Bizim ansamblda klarnetin, qarmonun səsi o dəqiqə hiss olunurdu. Melodiyanı böləndə çox hissəsini bu alətlərə verirdik. Əhsən Dadaşov öz ansamblında kamançaya, tara, uda, kanona üstünlük verirdi. O, ansambla qarmon götürmürdü. Klarnetə çox güc verməzdi. Deyərdi ki, qoy xalq çalğı alətləri eşidilsin. Ona lazım idi ki, hamı eyni cür çalsın, ona güclü çalanlar lazım deyildi. Əhməd Bakıxanov isə qoşa nağaraya, "sic" deyilən alətə üstünlük verirdi. Bas-tar bu ansamblda melodiyanın çoxunu əvəz edirdi.

- O vaxtlar ansamblla kimləri müşayiət edirdiniz?

- Soruşun ki, kimləri müşayiət eləmirdik? Elə bir müğənni yoxdur ki, onu müşayiət etməyək. Bu ansambl müğənnilər arasında ən çox sevilən ansambl idi. Çalanlar güclü olduğu üçün çox müğənnilər bizim ansambla gəlirdilər. Ən çox lenti qalan da bizim ansambldır. Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova b. bizim ansamblla oxuyurdular. Təəssüf ki, video çox gec çıxdı, ondan qabaq çəkilən konsertlər lentə alınmayaraq it-bata düşdü. Lentə alınanların çoxunu da düşmən kimi pozurdular. Lent çatışmadığı üçün bir müğənninin ifasını pozub başqa konserti yazırdılar. İndiki kimi yadımdadır, Baba Salahov rəhmətə gedəndən sonra elə adamları çəkmişdim ki, indi onların lentləri, şəkilləri qalıb. Hüsnü Qubadov, Bakir Haşımov kimi gözəl müğənnilərin televiziya üçün iki konsertini çəkdirdim. Onların hamısını pozublar. Eynulla Cəbrayılovun da lentini pozdular...

- Bəs müasir oxuyanları necə, müşayiət edirsinizmi?

- Müasir oxuyan əgər muğam oxuya bilmirsə, mənə aidiyyatı yoxdur. Xoşuma gəlməyəndə, qədər pul təklif etsə xeyri yoxdur. Belələrini ansamblla müşayiət etsək , tar-kamança ilə etmirik. Tar-kamançaya yaraşan ancaq əlində dəfi olan xanəndədir. Müasir oxuyanlardan indi hər evdə var. Bunlar sənətkar deyil. Muğam sahəsində çox gözəl oxuyanlarımız, xüsusən qadınlarımız var. Onlar musiqimizi saxlayırlar. Biz belə xanəndələri həvəslə müşaiyət edirik.

- Sovet dövründə ansamblın xaricə səfərləri təşkil olunurdumu?

- Çox olurdu. Cavan vaxtı çox ölkələri gəzmişəm. O vaxtlar xaricə getmək çox çətin idi. İndi isə getmək asanlaşıb. Onda hər adam xaricə gedə bilməzdi. O dövrdə Filarmoniyada işləyənlər üçün xaricə getmək asan idi. Bəzən adam olmayanda Radio Televiziyaya müraciət edirdilər. Onda Əhsən Dadaşov, Baba Salahov teleradionun işçisi idilər. Mən özüm keçmiş sovet respublikalarıda, o cümlədən Danimarka, Almaniya, ABŞ, Kanada, Fransa, İngiltərə, Şərq ölkələri s. yerlərdə çıxışlar eləmişəm. İndi isə rayonlara qastrollara gedirik. Müxtəlif tədbirlərdə, konsertlərdə çıxış edirik. Keçən il Türkiyədə olmuşuq.

- Hazırda ansamblın işinə çox vaxt ayırırsınız, yoxsa pedaqoyi fəaliyyətə?

- Mənimçün hamısı birdir. Bundan əlavə, öz üzərimdə çalışıram. Pedaqoyi fəaliyyət ümumiyyətlə, bütün sənətkarlara lazımdır. Dolanmaq da lazımdır. İndi məcbur olub bir neçə yerdə işləyirik. Mən Konservatoriyada, Bülbül adına məktəbdə, Asəf Zeynallı adına musiqi kollecində işləyirəm. İfaçı kimi konsertlərə gedirəm.

- Tələbələriniz sənətə sizin kimi həvəslə yanaşırlarmı?

- Ümidverən tələbələrimiz var. Onların bəzisi hazırda keçirilən muğam müsabiqəsində iştirak edir. Tələbələr əvvəlki illərə nisbətən sənətə ciddi yanaşırlar.

- Bu gün ansamblı saxlamaq çətindirmi?

- Çox çətindir. Onlar üçün maddi cəhətdən əlavə heç eləmək mümkün deyil. Sağ olsunlar ki, gəlib işləyirlər! Eləsi var ansambl yaranandan onun üzvüdür. Onlar ansamblı saxlamaq üçün çalışırlar.

- Musiqimizin müasir ab-havasına uyğun olaraq solo ifanızdan ibarət disk, albom buraxdırmaq fikriniz varmı?

- Mən Milli Konservatoriyanın dosentiyəm. Xalq musiqisinin bir ocaqda cəmlənməsi böyük bir hadisədir. Səyavuş Kərimi Azərbaycan musiqisini təbliğ eləməyə çalışır. O, Azərbaycan musiqisində qədimliyi sevir. Səyavuş müəllim gözəl sənətkarları çağırıb lentə aldırır. Xərcini də öz boynuna götürür. Mənim də solo ifamı radionun fondu üçün yazdırmaq fikrim var.

- Konsertdən sonra özünüzü necə hiss edirsiniz?

- Əgər konsert yaxşı keçirsə, çox gözəl hiss edirəm. Elə bil adam təzədən doğulur. Camaata var ki, qarşısında çay, evində rahat oturub qulaq asır. Ancaq həmin 15 dəqiqəlik konsertin arxasında qədər zəhmət var. Elə bilirəm, insanın ömrünün çoxunu həmən konsertlər, lent yazıları alır.

- Bugünkü musiqi aurasını necə qiymətləndirərdiniz?

- Hər insanın öz musiqi zövqü var. Elə adamlar var ki, xalq musiqisini, muğamatı sevir. Üç-dörd il əvvəl cavanlar estradaya, pop musiqisinə meyl edirdilər. İndi isə onların xalq msiqisinə münasibətinin dəyişdiyini görürəm. Xalq musiqisinə qayıdış var. Müsabiqələrin ciddi musiqimizin təbliğinə xeyri var.

 

Kaspi.- 2007.- 30 oktyabr.- S.16.