Təntənəli tədbir keçirilmişdir

 

Almas İldırım - 100

Sentyabrın 28-də Azərbaycan Dövlət Opera və Balet Teatrında tanınmış ədib, istiqlal şairi Almas İldırımın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərinin, geniş ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin “Almas İldırımın 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli sərəncamının əhəmiyyətini vurğulamışdır.
İstedadlı şair Almas İldırımın keşməkeşli ömür yolundan və yaradıcılığından danışan nazir bildirmişdir ki, azadlıq və Vətən eşqi ilə yazıb-yaradan Almas İldırım çətin, lakin şərəfli həyat yolu keçmişdir. Gənc yaşlarından söz meydanına atılaraq vətənində azad düşüncənin inkişafına xidmət göstərmək istədiyinə görə təqib və təzyiqlərə məruz qalmış, siyasi fırtınaların amansız hökmü ilə doğma yurdu Azərbaycandan Dağıstana, Türkmənistana getmiş, orada da daim təqib olunduğuna görə, əvvəlcə İrana və nəhayət, Türkiyəyə mühacirət etmişdir.
Almas İldırımı Türkiyə ilə Azərbaycan arasında qızıl söz körpüsü adlandıranlar haqlıdırlar. Türkiyə torpağı Almas İldırımı necə məhəbbətlə öz ağuşuna almışdısa, o da burada şair, vətəndaş olaraq öz borcunu ləyaqətlə yerinə yetirmiş, türkçülüyə dəyərli xidmətlər göstərmiş, dillər əzbəri olan şeirlər yaratmışdır. Şairin obrazlar dünyasını Vətən, azadlıq, mərhəmət anlayışlarından ayrı təsəvvür etmək olmaz. Şəxsiyyətinin və yaradıcılığının bütövlüyü Almas İldırımın adına böyük hörmət qazandırmışdır.
Bu ilin aprelində Türkiyənin Elazığ vilayətində Almas İldırımın 100 illik yubileyinin böyük təntənə ilə keçirildiyini xatırladan Ə.Qarayev şairin yaradıcılığı ilə bağlı təşkil olunmuş elmi simpoziumların, poeziya axşamlarının böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Natiq diqqətə çatdırmışdır ki, Türkiyənin Elazığ və Xankəndi şəhərlərində Almas İldırımın adına küçələr verilmişdir.
Ə.Qarayev Azərbaycanda Almas İldırım şəxsiyyətinin və yaradıcılığının həmişə əziz tutulduğunu, onun adına küçə verildiyini, döğulduğu qəsəbədə abidəsinin ucaldıldığını, haqqında sənədli filmlər çəkildiyini söyləmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Almas İldırımın seçilmiş əsərləri 25 min tirajla nəşr edilərək, ölkəmizin bütün kitabxanalarına, orta məktəblərinə hədiyyə olunmuşdur. Şairin adını daşıyan muzeyin yaradılması üçün təşkilati işlər başa çatmaqdadır.
Yubiley tədbirləri çərçivəsində respublikamızda Almas İldırıma həsr olunmuş poeziya gecələri, elmi sessiya, ədəbi kompozisiyalar təşkil olunmuş, sərgilər açılmışdır.
Nazir vurğulamışdır ki, həyatı sıxıntılar içərisində keçən, buna baxmayaraq, dəyərli xidmətlərdən, yaradıcılıqdan əl çəkməyən Almas İldırım əbədiyyət yolçusudur.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay çıxışında qeyd etmişdir ki, ağır repressiyalara məruz qalmış gənc şair Almas İldırım özünə vətən bildiyi torpağa pənah gətirmişdir. O, Türkiyə torpağında yaşamış, çalışmış, gözəl əsərlər yazmışdır. Almas İldırım doğma Azərbaycan xalqının istiqlalına olan sevgisini heç vaxt ürəyindən çıxarmamışdır.
Nazir istiqlal şairi Almas İldırımın həm Türkiyənin, həm də Azərbaycanın sevimli şairi olduğunu vurğulamışdır.
***
Türkiyənin Elazığ valisi Muammer Muşmal, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev çıxış edərək, Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışlar.
Həm Azərbaycanın, həm də Türkiyənin istedadlı şairi olan Almas İldırımın əsərlərinə böyük maraq göstərildiyini qeyd edən natiqlər, onun ədəbi irsinin əhəmiyyətini nəzərə çarpdırmışlar.
Almas İldırımın oğlu Azər Almas atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.
Görüşdə xatirə hədiyyələri təqdim edilmişdir.
Sonra tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.

 

Ədəbiyyat qəzeti.- 2007.- 5 oktyabr.- S.1-2.