Məhərrəmova T.

 

Ömrün son nəğməsi

 

"...Nə öncə öylə səadət, nə böylə zillət olaydı" - deyə nalə çəkən

Şövkət Ələkbərova o şərqini hələ sağlığında oxumuşdu

 

O, bir ürəyin pünhan duyğularını nəğmələrin dili ilə söyləyib. Səsini dinləyənlər də bu duyğuların sirrinə-sehrinə bələnib, tilsiminə duşub. Həyat gerçəklərinin pərən-pərən saldığı xəyalların, oxşar kədərlərin, bənzər sevinclərin boy-boya verdiyi bu nəğmələrdə hər kəs öz dünyasını görüb. Bu şərqilərin cazibəsindən qopa bilməyənlərin hər birinin qəlbini "Şövkət Ələkbərova sanki bu nəğmələri mənim üçün oxuyur" heyrəti bürüyüb.

Tanrı Şövkət xanıma bəxş elədiyi ömrün sevinc payını da, qəm yükünü də səxavətlə verib. Onu görənlər ilk baxışdan xanım-xatın davranışına, gözəlliyinə vurğun kəsiliblər. Ecazkar səsi ilə könülləri fəth eləmək səadətini də Yaradan Şövkət xanıma lütf edib. Dövrünün qadın sənətçilərinin çoxundan fərqli olaraq müğənnilik sənətinə gəlişi də çətin olmayıb. Ona görə ki, əsl peşəsi fəhləlik olan atası Feyzulla kişi musiqini duyan, qiymətləndirən bir adam idi. Anası Hökumə xanım isə musiqiyə həm də sənəti kimi bağlanmışdı. O, qadınlardan ibarət ansamblda tarzən işləyirdi. Valideynləri musiqiyə olan sevgilərini övladlarının da ürəyinə köçürüb uşaqlarının musiqiçi olmasını arzulayıblar. Oğulları Ələkbərin tar, Paşanın isə qaval çalmağı öyrənməsinin qayğısına qalıblar. Balaca Şövkəti isə atası müğənni, anası kamançaçalan görmək istəyib. Feyzulla kişinin də yaxşı səsi var idi. Arabir kefi kök olanda evdə bərkdən oxuyardı.

- Bircə arzum var, Şövkət böyüyəndə gözəl müğənni olsun - deyərdi.

Şövkət ata-anasının arzusu ilə bir müddət kamançaçalan yanına dərs almağa da gedib.

Bir gün isə balaca Şövkət taleyinin çağırışına qoşularaq müğənni kimi səhnəyə çıxıb. İlk çıxışı anasının çalışdığı orkestrin səhnəsində olub. Həmin gün orkestrin müğənnisi işə gəlmədiyindən diriyorun xahişi ilə onu əvəz eləyib. Taleyin bu ilk qismətinə "təsadüf" deyiblər. Amma bu balaca, qəşəng qızın köksündən qalxıb qanadlanan səs onu nəğməkar olmağa həvəsləndirirdi. Onun həzin səsi Feyzulla kişinin Mirzə Fətəli küçəsindəki daxmasının kiçik pəncərəsindən qonum-qonşuya yayılırdı.

Bir dəfə o, evdə tək idi. "Dəli ceyran"ı zümzümə edə-edə kitablarını yığışdırırdı. Mahnı onu elə cəlb eləmişdi ki, dünyadan xəbərsiz halda zəngulələr vurur, özünü Xan Şuşinskiyə bənzədirdi. Birdən həyətdən alqışlar eşidildi. Pəncərədən boylanıb 5-6 qonşunun, bir neçə tanımadığı adamın ona baxıb əl çaldıqlarını görüncə utandı. Məhəllə uşaqları da onların arasında idi. O, utandığından bir neçə gün küçəyə çıxa bilmədi.

Çox keçməyib ki, başqa bir "təsadüf" Şövkət xanımı "Kəndlilər evi" özfəaliyyət dərnəyinin səhnəsinə aparıb. Beləcə cığırına düşdüyü sənət yolu bir gün də onu Opera Teatrının səhnəsinə çıxarıb. Şövkət Ələkbərovanın oxuduğu "Qarabağ şikəstəsi"ni Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül dinləyib. Üzeyir bəyin Şövkət xanımı Filarmoniyanın xorunda oxumağa dəvət etməsi ilə onun sənət seçimindəki tərəddüdlərinə son qoyulub.

1938-ci ildə "Qarabağ şikəstəsi" əvvəllər səsini qonşulara peşkəş edən Şövkətin ifasında ilk dəfə böyük səhnədə - Opera Teatrında səsləndi. O axşam Şövkət elə bil ulduzlu göydə idi. Qarşısında o qədər adamlar vardı ki, heç vaxt, heç bir yerdə bu qədər adam görməmişdi. Muğamın həzin sədası dalğa-dalğa ətrafa yayıldıqca gecənin sükutunu pozur, heyrət dolu baxışlar balaca qızcığaza dikilirdi. Muğam qurtaranda aramsız alqışlar salonu titrətdi və uzun müddət kəsilmədi. Böyük-böyük adamlar, balaca-balaca uşaqlar mələk üzlü bu məsum qıza elə əl çalırdılar ki... Şövkət sevinirdi. Adamlar onun sinəsinə sığışmayan ürəyinin döyüntüsünü eşidirmişlər kimi daha çox əl çalırdılar.

Bədii özfəaliyyət kollektivlərinin yekun konsertində gənc qızın oxuduğu muğam Bakının musiqi həyatında yeni hadisə oldu. O gecə tamaşaçılar üç istedad kəşf etdilər: Şövkət Ələkbərova, Fatma Mehrəliyeva və Gülağa Məmmədov.

Şövkət xanımın müğənnilik fəaliyyətinin ilk dövrü müharibə illərinə düşdü. 19 yaşlı qız həyatın yeni sınaqları ilə qarşılaşdı. Mahnılarına qoşulub cəbhəyə yollandı. Ön cəbhəni qarış-qarış gəzdi. Odun, alovun, atəşin altında oxudu. Mahnıları ilə səngərlərdə döyüşdü, əsgərlərə ruh verdi, həyat bəxş elədi.

...Onu bəxtəvər sayırdılar, həyat, sevgi dolu nəğmələr oxuyanda da, ahı ilə fələkləri yandıranda da. Çəkdiyi ağrılar-acılar səsində nisgilə, yanğıya dönürdü. Tar səsi ona nakam bir ömrün qırıq xatirələrini danışırdı. Bu səsə qoşulan nəğmələri də bəzən ağıya çevrilirdi. Şövkət xanımı səhnədə Azərbaycanın böyük tarzənləri müşayiət edirdi. Kimsənin tanımadığı illərdə isə onun şirin avazı qardaşı Ələkbərin çaldığı tarın səsinə qarışardı. Ələkbər müharibədən qayıtmadı. Ancaq aldığı "qara kağız" müğənninin gözlərini yollardan yığa bilmədi. Qardaş nisgili Şövkət xanım üçün bir ömür boyunca ovunmayan dərd oldu.

Ümidsiz ayrılığın acısını isə ona həyat yoldaşı çəkdirdi. Şövkət xanımın ömür-gün yoldaşı - Azərbaycan kino sənətinin yaddaşında "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" filmləri ilə yaşayan istedadlı reyissor Lətif Səfərov... İstedadına yönələn qısqanclıqlar, yoluna çəkilən sədlər, haqsızlıqlar özünə qəsd edən, dözümsüz bir insana çevirdi onu. Gedişi ilə həyat yoldaşını, iki övladını çarəsiz qoydu. Şövkət xanımın sənət, ev qayğılarına ailə başçısının yoxluğu, 5 yaşlı oğlu Bəşirə atasızlığını hiss etdirməmək ağrıları qarışdı. Ailənin gəlini Gülarə xanım xatırlayır ki, Şövkət xanıma o illərin ağrısını ən xoş günləri də unutdura bilməyib: "Şövkət xanım o günləri yada saldıqca kövrələrdi. Deyərdi ki, bütün əziyyətlərimin müqabilində yaxşı övladlar böyütdüm. Ancaq onları həlim xasiyyətli böyütdüyümə görə, indi peşmanam. Çünki bu xasiyyətləri ilə onlar həyatda özlərinə yer tapa bilməyəcək, həmişə əziyyət çəkəcəklər".

Şövkət xanımı sevirdilər - tələbələri, müğənni həmkarları, tamaşaçılar... İnsanların ona olan məhəbbəti müğənnini yaşadır, dərdlərinin təsəllisinə çevrilirdi.

Bu gün də öz müəlliməsini unudulmağa qoymayan, xatirəsini keçirdiyi rəngarəng tədbirlərlə yad edən Aybəniz Haşımova "Şövkət xanım məktəbi aksiomadır" - deyir. - "Qoy heç kəs inciməsin. Bu gün cəsarətlə deyirəm ki, Azərbaycanda beş sənətkar varsa, onların hamısı Şövkət xanımın sinfindən çıxıb. Mən Konservatoriyada da Şövkət xanımın məktəbini davam etdirmək, onu başqa bir müəllimlə dəyişmək istəmirdim. Ancaq bəhanə etdilər ki, Şövkət xanımın ali təhsil barədə diplomu yoxdur və o, Konservatoriyada dərs deyə bilməz. Şövkət xanım Asəf Zeynallı adına məktəbi bitirəndə bu musiqi ocağı Azərbaycanda ən ali ifaçılıq məktəbi sayılırdı. Sarabski, Bülbül kimi sənətkaların tələbəsi olan bir insana doğrudanmı diplom lazım idi? Axı Şövkət xanımın özü də bu dahilər səviyyəsində olan bir sənətkar idi. Ona görə də fikirləşdim ki, əgər Şövkət xanım Konservatoriyada dərs deməsə, mən də oxumayacağam. Konservatoriyanın prorektoru Urfan müəllimə dedim ki, mən sözümə əməl edirəm: Şövkət xanım burada dərs deyən vaxt Konservatoriyaya qayıdaram. Mən sevgimdə təmənnasızam. Urfan müəllim dedi ki, qızım, get fikirləş, bəlkə, möhlət götürüb bir ildən sonra qayıdasan. Dedim ki, yox, Şövkət xanım gəlməsə, mən də qayıtmayacağam. Şövkət xanım bunu eşidib bərk hirsləndi. Məni Konservatoriyaya qayıtmağa məcbur edərək dedi ki, "Sən mənim sözümü saymırsan? Görürsən ki, əl boyda kağıza görə məni ora qoymurlar. Sabah sənin də qarşında belə bir problem çıxa bilər". Dedim ki, Şövkət xanım, sözümdən dönməyəcəyəm. Mən sözümün üstündə durub məktəbi atdım. İnanın, Konservatoriyanın rəhbərliyi məktəbə qayıtmağım üçün düz bir il məndən əl çəkmədi. Hətta Lidiya Rəsulova "Zəhmətimi yerə vurdun"- deyə məndən incidi. Dedim ki, Lidiya xanım, sənətkar diplomla sənətkar olmur. Konservatoriyanı oxusam da, oxumasam da, məni böyük səhnədə görəcəksiniz və inanıram ki, fəxr edəcəksiniz.

Şövkət xanım gözəl pedaqoq olmaqla yanaşı, çox böyük insan idi. Mən həmişə insan kimi ona oxşamağa çalışırdım. Bir tələbəsinin ayağını yalın görəndə, mütləq bir ayaqqabı alıb ona bağışlayardı. Bəlkə də bunun nəticəsi idi ki, o, dünyasını dəyişəndə evində bir qəpik də pulu yox idi. Atalar deyib ki, "El üçün ağlayan göz kor olar". Şövkət xanım yenə də yaxşılıqlarına davam edirdi. Amma bu yaxşılıqların sonunda çox böyük haqsızlıqlarla, əmək itirmələrlə rastlaşırdı. Hərdən öz-özümə deyirəm ki, Şövkət xanımın elədiyi yaxşılıqlar onun bir nəfərində üzə çıxdı. Demirəm ki, Şövkət xanımın o biri tələbələri əmək itirdilər. Ola bilər ki, imkanları olmadı. Şövkət xanım həm insan, həm də sənətkar kimi böyük şəxsiyyət idi. Tələbələrinə qarşı onun kimi qayğı, diqqət göstərən, onlara ləyaqətlə yanaşan ikinci bir insan tapmaq çox çətindir. O, kiminçünsə bir iş görəndə əvəzini gözləmirdi".

Dözümlü qadın olub Şövkət xanım. Dərdlərinə, qayğılarına kimsəni şərik etməyib. Ancaq qızı Natellanın çarəsiz xəstəliyə tutulduğunu eşitdiyi andan ümidləri ilə birgə dözümü də onu tərk edib. Gülarə xanım xatırlayır: "Natella dünyasını dəyişən gün Şövkət xanım: "Daha mən də öldüm, yaşaya bilmərəm bundan sonra", - dedi. Natelladan sonra onun həyatı həqiqətən də ağır keçdi. Ölümünü istəyirdi". Gündən-günə şiddətlənən xəstəliklərin əlindən xəstəxanaya pənah gətirdiyi günlərdə Şövkət xanımın bu həyatdan umduğu axırıncı istəyi neçə illər övlad üzünə həsrət qalan oğlunun övladını görmək, bir də Natellanın ilini yola vermək idi. Bəlkə də bundan sonra onu bir il yaşadan da həkimlərin səyi deyil, bu istək olub. Oğlunun övladını görmək ona qismət olub. Bəşirin qızına öz adını verib. Natellanın ilini isə görsə də, övladı qarşısında ilk dəfə analıq borcunu yerinə yetirə bilməyib. Nakam qızının illərə qarışan dərdinə ölüm çarpayısından baxan sənətkar görəsən dili nəğmə tutsaydı həmin anda nə oxuyardı? Yəqin daha göylərə də ümidli yalvarışla üz tutub: "Qara bəxtim oyanmazmı?" - deyə sormazdı. "Kor Ərəbin mahnısı"nda olduğu kimi:

 

"Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

...Nə öncə öylə səadət, nə böylə zillət olaydı." - deyə nalə çəkərdi.

 

Kaspi.- 2007.- 19 oktyabr.- S.16.