Məhərrəmova T.

 

Sənətdə gərək pulun olsun

 

Xanəndə Sevinc Sarıyevanın fikrincə, istedadlıların çoxu pulsuzluqdan,

yiyəsizlikdən sənət aləmindən kənarda qalır

 

Ağlı kəsəndən ilahidən gələn bir səs, bir səda kimi sevib musiqini. Rübabə Muradovanın, Arif Babayevin səsinin vurğunu olduğundan, onların oxuduqları muğamları möcüzə kimi qəbul edib.

Böyüdükcə bu möcüzəyə öz səsinin şirinliyi qarışıb.

O vaxtdan illər keçib, ancaq xanəndə Sevinc Sarıyeva hələ də bu möcüzənin sirrini açmağa çətinlik çəkir:

 

- Yaxın qohumum Xudu Məmmədov Ağdamın Mərzili kəndinə qonaq gələndə Səxavət Məmmədovla məni çağırıb oxudardı. Mən də "Dağlardan aşdım" mahnısını böyük həvəslə oxuyardım. O vaxtdan sənət yolumu muğamla, xalq musiqisi ilə bağladım.

Xan Şuşinski kimi böyük sənətkarın adını daşıyan Musiqi Məktəbində təhsil almışam. Musiqidə təməlim isə Murad Rzayevin Pionerlər evində təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblında qoyulub. Məni Murad müəllimin yanına ilk dəfə pioner dəstə rəhbərimiz apardı. Murad müəllim səsimi bəyəndi və həftədə iki dəfə məşqlərə gəlməyimi tapşırdı. Yol uzaq olduğundan anam dərnəyə getməyimə razılıq vermirdi. Elə həmin vaxtlarda Ağdamda Muğam Musiqi Məktəbi təşkil olundu. Bir gün həmin məktəbdən Rafiq müəllimlə Cəlal müəllim evimizə gələrək səsimi yoxladılar. Şövkət xanımla İslam Rzayev də istedadlı uşaqların səsinə qulaq asmağa gəlmişdilər. Onlar mənə bir neçə xalq mahnısı oxutdurdular. Məktəbin direktoru Rafiq Rüstəmovun təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblında oxumağa başladıqdan sonra anam daha Pionerlər evinə getməyimə razı olmadı. Pionerlər evində olduğu kimi bu məktəbdən də bizi festivallara aparırdılar. İraqda, Türkiyədə, SSRİ-nin bütün respublikalarında keçirilən uşaq festivallarının iştirakçısı olmuşam.

- Muğam Məktəbini bitirəndən sonra təhsilinizi davam etdirdinizmi?

- 1989-cu ildə orta məktəbi bitirəndə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumaq arzusunda idim. Anam etiraz edirdi. Doğulduğum Mərzili kəndi bir qədər mühafizəkar idi. Anam da "qız uşağının oxumağına pis baxarlar" - deyə razılıq vermirdi. Etirazlara baxmayaraq, 1991-ci ildə bacım və qardaşımın köməyi ilə Bakıya gəldim. Ancaq sənədlərimi versəm də, məni ora qəbul etmədilər. Rəhmətlik Səxavət Məmmədov məni hazırlıq kursuna düzəltdi. O vaxt həmin məktəbə daxil olmaq üçün təkcə istedadın olması kifayət deyildi. Açığını deyim ki, dörd min manat pul istəyirdilər. Hazırlığı qurtarandan sonra da məni texnikuma qəbul etmədilər. Aygün Bayramova, mən və Azərin sənədlərimizi Konservatoriyaya verdik. Mən imtahanlardan keçə bilmədim və yenidən sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim. Anam da "qəbul olunmasan, götürüb kəndə aparacağam" - deyə başımın üstünü kəsdirmişdi. Dediyini elədi də. Bir həftə kənddə qaldıqdan sonra bacımın köməyi ilə gecə ikən evdən qaçdım. Dəmiryolu vağzalı evimizdən bir saatlıq yol idi. Arabaya minib üzüm bağlarının arasındakı kəsə yolla vağzala gəldim. Anam da Bakıdakı qohumların hamısına tapşırmışdı ki, Sevinci bir adam evində saxlasa, məndən inciməsin. Ona görə də hansı qohumun qapısını döyürdümsə, "yox, yox, biz Nənəqızdan qorxuruq" - deyirdilər. Anamın istəyinə qarşı çıxmaq asan məsələ deyildi. Amma mən özümdə bu cəsarəti tapmışdım. Ailədə altı bacı idik. Hamımızın da səsi vardı. Bircə mən öz səsim uğrunda mübarizə apara bildim. Məcbur qalıb Bakıda kirayə mənzil tutdum. Qardaşım Rusiyadan mənə pul göndərir, köməklik edirdi. Özüm isə toylara gedir, pul yığırdım. Səxavət də məni özüylə toylara aparırdı. Yenə də pul toplaya bilmədim. Nəhayət, 1997-ci ildə qardaşım gəlib məni Asəf Zeynallı adına musiqi məktəbinə düzəltdi. 1990-cı ildən əziyyət çəkərək, yeddi ildən sonra təhsil almağa müvəffəq oldum. Ancaq bu arada boş da qalmırdım. Müxtəlif səfərlərə gedirdim. Özündən demək olmasın, mən qaval çalanda qızlardan heç biri qaval çala bilmirdi.

- Qaval çalmağı da Ağdam məktəbində öyrətmişdilər?

- Yox, özüm öyrənmişdim. 1987-ci ildə Tacikistanda festivalda olarkən balaca tacik qavalı almışdım. Çalanların əlinə baxıb öyrənirdim. Asəf Zeynallı adına məktəbdə oxuyanda Nəriman Əliyev "özün qarabağlı olasan, belə qaval çalasan!" - deyə təəccübünü gizlətmirdi. Mənimlə oxuyan qızlardan heç kəs qaval çalmırdı. Mən onları qavalla müşaiyət edirdim. Onları hansı ansambla dəvət edirdilərsə, mən də gedirdim. "İrs" ansamlında da çıxış eləmişəm.

- Texnikuma daxil olmamışdan əvvəl - yeddi il ərzində təcrübə toplamışdınız. Həm də artıq tanınırdınız. Daha təhsil almaq nəyinizə lazım idi?

- Düzdür, təcrübəm vardı. Ancaq özüm-özümdən narazı idim. Oxuyub öyrənmək istəyirdim. Müsabiqələrdə müstəqil oxuyan müğənni kimi qalib gəlirdim. Orada təhsilimlə maraqlanırdılar. Bir gün də evdə oturmuşdum. Qardaşım gəlib dedi ki, Sevinc, işin düzəldi, texnikumda oxuyacaqsan. Rəhmətlik Vahid Abdullayevin sinfində oxudum. Orada oxuyan müddətdə Qırğızıstanda "İsık-kul" müsabiqəsində uğur qazandım. Həmin festivalın ilk iştirakçısı mən oldum. Həmin festivalda birinci yeri tutsam da, heç adımızı da çəkən olmadı. İndi hansı müğənni müsabiqədə yer tutursa, yaxşı işıqlandırırlar. Daha sonra Türkiyədə keçirilən folklor festivalında uğurla çıxış etdim. Texnikumu qurtarandan sonra çoxdankı arzuma çatdım - Konservatoriyada Arif Babayevin sinfinə qəbul olundum.

- "Azəri" ansamblını yaratmaq ideyası necə yarandı?

- Konservatoriyaya qəbul olunanda o qədər də tanınmırdım. Bir gün Şəfiqə Eyvazova məni çağırıb "Nə oturmusan, sənin tayların gündə orda-burda çıxış edir" - deyə danladı. Dedim ki, hər şey pulla həll olunur. "Sən çıx, gör səni kimlər dəvət edəcək" - deyə bildirdi. Mən də səylə işləməyə başladım. Bir müddət Şəfiqə xanımın həyat yoldaşı Arif müəllimlə, daha sonra Elşən Mansurovla işləməyə başladım. O təklif etdi ki, "mənim "Azəri" adlı bir qrupum var, elə onu yenidən bərpa edək". Bir gün "Şəhri-Şuşa" da konsert təşkil etdik. İnanın, konsert vaxtı İrandan, Fransadan, Amerikadan zəng vuraraq mənimlə maraqlanmağa başladılar. İlk konsertimizin belə uğurlu keçəcəyinə inanmazdım. Sonra Elşənlə gecə-gündüz məşq etməyə başladıq. Bir gün Fransadan dəvət aldıq. Orada konsertimiz böyük uğurla keçdi. O vaxtdan "Azəri" qrupu fəaliyyətini davam etdirir. Keçən il Fransada müsəlman ölkələrinin festivalından böyük uğurla qayıtdıq.

- Vaxtilə pul qazanmaq üçün el şənliklərinə getdiyinizi söylədiniz. Bu gün də toylara gedirsinizmi?

- Bu gün də toylara gedirəm. Toylardan qazandığımla musiqi albomu buraxdırır, digər xərcləri ödəyirəm. Televiziya kanallarına yaxın düşmək olmur. Hamısı efirə çıxmaq üçün pul istəyir. Təkcə İctimai Televiziya təmənnasız dəvət edir.

Sənət elədir ki, gərək əziyyət çəkib bəhrəsini görəsən. Mən də o əziyyətləri çəkdiyim üçün bu gün sənətə qiymət verə bilirəm. Elə adamlar var ki, "məndən başqa oxuyan yoxdur" fikrindədir. Mən bütün oxuyanları pisləmək fikrində deyiləm. Elə xanəndələr var ki, heç onların tozu ola bilmərəm. Ancaq onlar yiyəsizlikdən, pulsuzluqdan bir kənarda qalıblar. İndi gərək sənətdə pulun olsun.

- Şəxsən sizin əlinizdə pul olsa, sənətdə hansı zirvəni fəth edərsiniz?

- Sənətdə zirvə olmur. O zirvəyə çatmaq qeyri-mümkündür. Sənət dəryadır. Ustadlarımız o dəryadan hələ bir damcı dadıb. Biz isə hələ o dəryanın qırağına düşə bilmirik. Biz hələ əlimizdən düşüb dıvırlanan qavalın ardınca qaçırıq. Muğam sənətini sonadək öyrənmək, anlamaq çətindir. Çalışırsan, öyrənirsən, yenə görürsən ki, bilmədiklərin çoxdur. Əgər bu gün qarşımızda Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Səkinə İsmayılova, Qəndab Quliyeva və başqa bu kimi sənətkarlar varsa, biz hələ onların tökdüklərini yığırıq, öyrənirik. Mən hələ özümü xanəndə hesab eləmirəm. Baxmayaraq ki, tələbələrim var və bir tələbəm müsabiqədə "Qran-Pri" qazanıb. Ancaq bu o demək deyil ki, mən ustadam. Həmişə deyirəm ki, Allah, bircə ağlımı əlimdən alma! Ən böyük ağılsızlıq da bilirsiniz nədir? Qarşındakı adama, sənə çörək verən insana hörmət qoymamaq. Mən bu gün Vahid Abdullayevi xatırlamasam, Allah mənə cəza verər. Əgər Arif Babayevin zəhmətini unutsam, günaha bataram.

- Opera Teatrının səhnəsinə Leyli kimi çıxmaq arzunuz hələ də ürəyinizdədir?

- "Leyli" rolunu oynamaq ən böyük arzumdur. Ancaq Arif Babayev dedi ki, hələ gözlə, indi Leylilərin sayı çoxdur. Düzdür, hərənin öz Leylisi var. Mənim məqsədim Leylini başqa cür oynamaqdır. Bu, insanın içindən gələn Leyli olacaq. Dəvət etsələr gedib oynayaram.

- Bir az keçmişə qayıdaq: ananızla nə vaxt barışdınız? O sizin sənətdə qazandığınız uğurları görəndən sonra nə dedi?

- Oxuduğum dörd il ərzində anam mənimlə küsülü qaldı. Ağdam işğal olunandan sonra ailəmiz hamılıqla Bakıya köçdü. Anam da mənimlə barışdı. Əlbəttə, peşmanlığını bildirdi. "Şəhri-Şuşa"da verdiyim konsertə də gəlmişdi. Mən o vaxt anamı həm qınayır, həm də qınamırdım. Bəlkə də o, mənə vaxtında icazə versəydi, indi bu səviyyədə olmazdım. Onun sayəsində mən sənətə əziyyətlə gəlmişəm. Bəlkə hər şeyi asanlıqla əldə etsəydim, sənətin qədrini bilməzdim. Sənətdə bütün qazandıqlarım öz zəhmətimlə həyata keçib. Ötən əzab-əziyyətlərim üçün peşmançılıq çəkmirəm. Düşünürəm ki, onlar mənə bu gün sənətimi düzgün qiymətləndirmək, uğurlarımın qədrini bilmək üçün lazımdır.

 

Kaspi.- 2007.- 23 oktyabr.- S.16.