Məni tar yaşadır

 

Mustafa gözünü açıb evlərində saz görmüşdü. Hələ saz boyda olan vaxtlarından bu ecazkar musiqi aləminə meyl salmış, tez-tez onu götürüb çalmaq istəmişdi. Mustafanın atası Əhməd də 5 il tar dərsinə getmişdi.  Oğlundakı bu həvəsi hiss edən ata onu Qazax şəhərindəki musiqi məktəbinə gətirir. İlk müəllimi Zamiq Rzayev tarın sirlərini ona öyrədir.

Mustafa Əhməd oğlu Aşurov 1991-ci ii iyulun 31-də Qazax şəhərində anadan olub. 10 yaşı tamam olanda ailələri Bakıya köçür. Burada o, Rastropoviçlər adına 21 saylı musiqli məktəbində təhsilini davam etdirir. İlk dəfə bu musiqi məktəbinə gələndə məktəbin direktoru Rafiq müəllim bu istedadlı uşağın tarda çalmasını yüksək qiymətləndirir və ona öz üzərində çox işləməyi məsləhət görür.

Mustafa bundan sonra tarla daha ciddi məşğul olur. İkinci sinifdə oxuyarkən görkəmli tarzən H.Məmmədovun xatirəsinə həsr olunmuş Bakı şəhəri üzrə müsabiqədə iştirak edir. Müsabiqənin şərtlərinə görə, 10 yaşında olanlar bu müsabiqədə iştirak edə bilməzdilər. Lakin o, müsabiqədə çoxlarını qabaqlaya bildi. Ona müsabiqənin şərtlərinə görə laureat adı vermədilər. Bunun üçün o, ən azı 3-cü sinifdə oxumalı idi. İlk uğurunda diplomant adını qazandı.

2 ildən bir keçirilən həmin müsabiqədə artıq Mustafanın əsas iştirakçı hüququ var idi. Onun ifası yüksək qiymətləndirildi 1-ci dərəcəli diploma layiq görülərək laureat adını qazandı.

Bundan başqa o, "Oxu tar" başqa müsabiqələrdə iştirak edir qalib adına layiq görülür.

Mustafanı təkcə respublikamızda tanımırlar. O, artıq beynəlxalq aləmdə sehrli tarı ilə öz sözünü deyib.

2005-ci il dekabrın 12-16-da Ukraynanın Kiyev şəhərində "Delfin oyunları" devizi altında keçirilən müsabiqədə ölkəmizi təmsil etdi oradan laureat adı ilə qayıtdı. 2006-cı ilin avqust ayında Şotlandiyanın Aberdin şəhərində dünya gənclərinin hər il keçirilən beynəlxalq musiqi festivalında təhsil aldığı məktəbi təmsil edir. 18 ölkənin iştirak etdiyi həmin müsabiqənin sertifikatını qazanır.

2007-ci ildə xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşaiyəti ilə konsertlərdə iştirak edir. Hazırda "Gənclər" simfonik orkestrinin üzvüdür.

Mustafa ilə söhbət zamanı dedi ki, "Məni bu sehrli tar özünə elə bağlayıb ki, özümü tardan ayrı təsəvvür edə bilmirəm. Gələcək taleyimi tarın pərdələrində görürəm".

Gənc tarzən Azərbaycan prezidentinin 14 iyun 2007-ci li tarixli sərəncamı ilə adı "Qızıl kitab"a yazılmaqla prezident təqaüdünə layiq görülüb.

Söhbət zamanı Mustafa Aşurov dedi ki, prezidentimizin bu sərəncamı mənə yeni qol-qanad verdi. Buna görə prezidentimiz cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm.

 

Mədəniyyət.- 2007.- 5 oktyabr.- S. 4.