Naxçıvan
Dövlət Universiteti Konservatoriyasının binasının
açılış mərasimi
AzərTAc-ın
müxbiri xəbər verir ki, oktyabrın 17-də
Naxçıvan Dövlət Universiteti
Konservatoriyasının binasının açılış
mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
Prezident İlham Əliyev rəmzi açılışı
bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Məlumat verildi ki, bina "Gəmiqaya" Məhdud
Məsuliyyətli Cəmiyyət tərəfindən inşa
olunmuşdur. Prezident İlham Əliyevin Naxçıvan
Dövlət Universitetinin 40 illik yubileyinin qeyd olunması
haqqında 2007-ci il 31 mart tarixli sərəncamına
əsasən tikilmiş binada 400 nəfər
tələbənin təhsil alması üçün imkan
vardır. Hazırda isə burada 221 tələbə təhsil
alır. Burada 240 yerlik tamaşa salonu, ayrı-ayrı ixtisaslar
üzrə sinif otaqları vardır. Tələbələr 5
fakültədə 9 ixtisas üzrə təhsil alırlar.
Naxçıvan Dövlət Universitetində
incəsənət fakültəsi 1998-ci ildən fəaliyyət
göstərir.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqları
ilə, burada yaradılan şəraitlə tanış oldu.
Sonra tamaşa salonunda rəsmi açılış
mərasimi keçirildi.
Mərasimi muxtar respublika Ali Məclisinin sədri Vasif
Talıbov açdı.
Azərbaycan.- 2007.- 18 oktyabr.-S.2-3.