Naxçıvan Dövlət Universiteti Konservatoriyasının binasının açılış mərasimində

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 


- Əziz dostlar!
İlk növbədə, mən sizin hamınızı Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə ürəkdən təbrik etmək istəyirəm, universitetə yeni-yeni uğurlar arzulayıram. Bu 40 il ərzində Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Universitetin professor-müəllim heyəti öz biliklərini gənc nəslə yetirir. Gənc nəsil isə, öz növbəsində, yaxşı oxumaq, yaxşı bilik almaq hissləri ilə yaşayır. Bu, Azərbaycanda indi mövcud olan gözəl ab-havanın əlamətidir. Gənc nəsil - yeniyetmələr, tələbələr çox gözəl başa düşürlər ki, yaxşı biliyə malik olmayan insanlar, yəni, tələbələr, gənclər həyatda öz yerini tuta bilməyəcəklər. Bugünkü şərait elədir və biz bütün dünyada da bunu görürük yalnız və yalnız bilikli, savadlı kadrlar həyatda öz yerini tuturlar. Azərbaycanda da biz bunu görürük. Mən çox istəyirəm ki, Azərbaycanda çox vətənpərvər, peşəkar, bilikli, savadlı gənc nəsil yetişsin ki, ölkəmizin gələcək inkişafına öz töhfəsini versin. Bunu təmin etmək, buna nail olmaq üçün, əlbəttə ki, Azərbaycanda ali məktəblərdə tədrisin səviyyəsi yüksək olmalıdır. İndi biz bunu görürük, ali məktəblərin həm maddi-texniki bazası möhkəmlənir, həm də tədris proqramları dünya səviyyəsinə uyğunlaşır. Beləliklə, bu iki amili nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycanda təhsil sahəsində bundan sonra da böyük uğurlar əldə olunacaqdır. Bütövlükdə biz təhsil sahəsinə böyük diqqət göstəririk. Azərbaycanın dövlət büdcəsinin xərclərində təhsil məqsədlərinə çox böyük vəsait ayrılır. Ordu xərclərindən sonra, təhsil xərcləri ikinci yerdədir. Gələn il bu xərclər təxminən 1 milyard manat səviyyəsində olacaqdır. Bu, bizə imkan verəcək ki, həm təhsilin maddi-texniki bazası möhkəmlənsin, həm də tədris proqramları ən qabaqcıl dünya səviyyəsinə uyğunlaşdırılsın. Naxçıvan Dövlət Universitetinin də bu işlərdə öz payı, öz əməyi var. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Bu gün açılışına toplaşdığımız yeni konservatoriya binası, deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir.
Mən həmişə deyirəm ki, Azərbaycanda görülən bütün işlər, tikilən bütün binalar, istifadəyə verilən bütün müəssisələr Avropa səviyyəsində, dünya səviyyəsində olmalıdır. Bu gözəl binada gördüklərim bu səviyyədən də üstündür.
Mən Avropanın, dünyanın ali məktəblərində dəfələrlə olmuşam. Dünyanın bir neçə aparıcı ali məktəbinin fəxri doktoruyam və müxtəlif ölkələrin ali məktəblərində mühazirələr oxumuşam və onların fəaliyyəti ilə tanışam. Deyə bilərəm ki, burada olan səviyyə, bütövlükdə Azərbaycanda son illər ərzində ali məktəblərdə görülən işlər, tikilən binalar dünyanın heç bir yerində yoxdur. Mən buna çox sevinirəm və sizi bu gözəl nailiyyətlər münasibətilə təbrik edirəm.
Universitetin xarici əlaqələri də çox genişdir. Mən bilirəm ki, universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur və bu da özlüyündə bir göstəricidir. Onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir. Burada görüləcək işlər, yeni fakültələrin açılması və gələcək planlar, əlbəttə, imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti nəinki regionda, hətta dünya miqyasında tanınmış ali məktəblərin birinə çevriləcəkdir.
Bilirsiniz ki, son illər ərzində Azərbaycanda məktəb tikintisi də çox sürətlə gedir. Son 4 il ərzində 1200 yeni məktəb tikilib, yüzlərlə məktəb təmir olunubdur. Bu proses Naxçıvanda da sürətlə gedir və bu gün mən yeni məktəbin açılışında iştirak edəcəyəm. Demək istəyirəm ki, Azərbaycanda həm iqtisadi, həm siyasi, həm də humanitar sahədə görülən bütün işlər çox təqdirəlayiqdir. Naxçıvanın sürətli inkişafı barədə bu gün Vasif Talıbovun burada dediyi rəqəmlər məni çox sevindirir. İqtisadi inkişaf, sosial məsələlərə verilən diqqət, abadlıq-quruculuq işləri, muxtar respublikada hökm sürən gözəl ab-hava, əlbəttə ki, həm Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsinə verir, həm də bütövlükdə Azərbaycanın inkişafına da böyük töhfədir. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir. Bizim ölkəmizdə siyasi sabitlik var. Ulu öndər Heydər Əliyevin yorulmaz səyləri sayəsində 1993-2003-cü illərdə Azərbaycanda aparılan köklü islahatlar nəticəsində ölkəmiz çətin, ağır vəziyyətdən şərəflə çıxa bilmişdir və bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Biz ötən illəri yaxşı xatırlayırıq. 1990-cı illərin əvvəllərində Azərbaycanın və Naxçıvanın üzləşdiyi problemlər bizim ölkəmizi, demək olar ki, uçuruma aparırdı. Məhz ümummilli liderimizin qətiyyəti, onun uzaqgörənliyi, müdrikliyi və siyasi iradəsi sayəsində ölkəmiz bu çətin anlardan şərəflə çıxa bilmişdir. İndi Azərbaycan bütün sahələrdə bir ölkə kimi nümunə olubdur. Azərbaycanda ictimai-siyasi vəziyyət ən yüksək səviyyədədir, xalqla iqtidar arasında inam var, iqtidar tərəfindən aparılan siyasət xalq tərəfindən dəstəklənir. Azərbaycanda iqtisadi islahatlar sürətlə aparılır. Siyasi islahatlar, demokratikləşmə prosesləri sürətlə gedir. Ölkəmiz dünya birliyinə inteqrasiya edir və bu, əlbəttə ki, Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Biz istəyirik ki, dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda tətbiq edək. Əlbəttə ki, Azərbaycanın xüsusiyyətlərini, bizim milli ənənələrimizi nəzərə almaq şərti ilə.
Dünyada ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək, ən qabaqcıl texnologiyaları Azərbaycana gətirək. Bizim iqtisadiyyatımız şaxələndirilsin, Azərbaycanda yoxsulluq, işsizlik aradan qaldırılsın. Humanitar sahədə ən qabaqcıl nailiyyətlər Azərbaycanda da olsun. Məhz buna görə Azərbaycanda tikilən bütün müəssisələr, bütün təhsil, mədəniyyət, səhiyyə ocaqları ən yüksək səviyyəyə cavab versin. Bu gün Vasif Talıbov qeyd etdi ki, keçən il Naxçıvan şəhərində müalicə-diaqnostika mərkəzi istifadəyə verildi. Sizi əmin edə bilərəm ki, dünyada bunun analoqu yoxdur. Belə də olmalıdır, Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı yaxşı yaşamalıdır. Sülh şəraitində yaşamalıdır, sabitlik şəraitində, rifah içində yaşamalıdır. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Ulu öndərin Azərbaycana göstərdiyi xidmətlərin sayəsində əldə edilmiş nəticələri biz bu gün davam etdiririk. Bu siyasəti davam etdiririk, əldə edilmiş nailiyyətləri artırırıq. Əlbəttə ki, həyat yerində durmur. Qarşımıza yeni çağırışlar çıxır və biz onlara hazır olmalıyıq ki, ilk növbədə, ölkəmizin təhlükəsizlik məsələlərini həll edək, davamlı inkişafını təmin edək, iqtisadi inkişafını və sosial məsələlərin həllini də təmin edək.
Faktlar bu istiqamətdə gördüyümüz işləri, əlbəttə ki, hər bir sözdən daha yaxşı göstərir. Son 4 il ərzində Azərbaycanın dövlət büdcəsi təxminən 10 dəfə artıbdır. O cümlədən, Naxçıvanın büdcəsi artıb və indi imkan verir ki, muxtar respublikada istənilən məsələ həllini tapsın. Yollar salınır, binalar təmir olunur, məktəblər, xəstəxanalar tikilir, digər məsələlər öz həllini tapır. Bütün bunları etmək üçün, əlbəttə ki, ilk növbədə, siyasi sabitlik və iqtisadi siyasət lazımdır. Bunların hər ikisi Azərbaycanda var və ona görə də ölkəmiz gələcəyə inamla baxır. Gələn il Azərbaycanda dövlət investisiya qoyuluşu 3 milyard manat təşkil edəcəkdir. O deməkdir ki, Azərbaycanda bütün infrastruktur layihələri həyata keçirilir. Ölkəmizin qarşısında duran bütün mühüm məsələlər öz həllini tapacaq, insanları narahat edən problemlər aradan qaldırılacaqdır. Elektrik enerjisi təminatı, qaz, su təchizatı, səhiyyənin səviyyəsi, təhsil ocaqlarının şəraiti - biz ilk növbədə bunlara böyük diqqət göstəririk. Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var. Bütün bunlar bir yerdə olduğu halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər.
İlk növbədə, düşünülmüş siyasət, iqtisadi islahatlar, ölkəmizin dünya birliyinə inteqrasiya edilməsi prosesi və xalqla iqtidar arasında birlik. Bu amillər olduğu halda, ölkə istənilən məsələni həll edə bilər. Başqa ölkələrin təcrübəsinə fikir versək görərik ki, bu amillər olmadığı təqdirdə ölkədə inkişaf o qədər də sürətlə getmir, bəzi hallarda isə geriləmə də müşahidə olunur.
Azərbaycan isə çox böyük sürətlə inkişaf edir, çox uğurla irəliyə addımlayır. Azərbaycanda bütün regionlarda inkişaf göz qabağındadır. Bu yaxınlarda mənə verilən məlumata görə, regional inkişaf proqramının icrası nəticəsində 2007-ci ilin oktyabr ayına qədər Azərbaycanda 610 min yeni iş yeri açılmışdır ki, bunun da 400 mindən çoxu daimi iş yerləridir. Azərbaycanda yoxsulluq aradan qaldırılır və indi yoxsul adam tapmaq o qədər də asan məsələ deyildir. Azərbaycanda işsizlik aradan qaldırılır. Vaxtilə Azərbaycanın rayonlarından başqa ölkələrə gedən insanlar artıq gəlib öz rayonlarında, ya da Bakıda işlə təmin olunub işləyirlər. Bu da çox müsbət göstəricidir. Artıq Azərbaycandan miqrasiya meyilləri, demək olar ki, yoxdur, əksinə, bizim soydaşlarımız xarici ölkələrdən qayıdırlar. Bir müddətdən sonra Azərbaycanda işçi qüvvəsi qıtlığı yarana bilər. Baxmayaraq ki, bizdə işçi qüvvəsi kifayət qədər çoxdur. Amma biz iqtisadi inkişaf perspektivlərimizi görürük, iqtisadi baxımdan dünyada analoqu olmayan sürətlə inkişaf edirik. Bu ilin 9 ayında iqtisadiyyat təxminən 30 faiz inkişaf edibdir. Keçən il iqtisadi artım 35 faiz, 2005-ci ildə 26 faiz olmuşdur.
Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə növbəti illərdə böyük həcmdə valyuta axını gözlənilir. Biz artıq bunu hiss etməyə başlamışıq. Bu, əlavə imkanlar, əlavə inam yaradır.
Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparır. Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qura bilmişik. İlk növbədə, ona görə ki, biz, sözün əsl mənasında, müstəqil ölkə olmaq istəyirik. Digər tərəfdən, bizim iqtisadi və siyasi resurslarımız buna imkan yaradıbdır. Biz heç kimdən asılı olmayan, özümüzü tam şəkildə təmin edən ölkəyik. Ancaq dünya xəritəsinə baxsaq görərik ki, bir sıra ölkələr belə nailiyyətlərlə öyünə bilməz. Ancaq biz, ilk növbədə, nəyin hesabına buna nail olmuşuq? Bir də qeyd etməliyik ki, Heydər Əliyevin Azərbaycan xalqına xidmətləri hesabına, onun müəyyən etdiyi yolun hesabına.
Azərbaycanda 1993-cü ildən, o ağır vəziyyətdə onun tərəfindən başlanmış neft strategiyasının icrası nəticəsində, dövlətçiliyin, azərbaycançılıq ideyasının möhkəmlənməsi nəticəsində bu gün bizim ölkəmiz dünya birliyində öz yerini tutubdur.
Azərbaycan o ölkədir ki, həm bizim bölgədə, həm Avropa qitəsində, həm də dünya miqyasında onunla hesablaşırlar. Regional əməkdaşlıq işlərində Azərbaycandan çox şey asılıdır. Yəqin ki, Azərbaycan ictimaiyyəti bizim son illər ərzində apardığımız xarici siyasətə də diqqət yetirir və görür ki, xarici siyasətimiz Azərbaycanın milli maraqlarına söykənir, bu maraqların təmin edilməsi üçün aparılır. Digər tərəfdən, bizim dünyadakı rolumuz, önəmimiz, nüfuzumuz artmaqdadır.
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı sürətlə artır. Bir neçə il bundan əvvəl Azərbaycana bəlkə də o qədər böyük əhəmiyyət verməyən ölkələr indi bizimlə işləməyə çalışır, bizi dəvət edir, bizimlə məsləhətləşirlər. Yəni, bu o deməkdir ki, bizim ölkəmizin nüfuzu artır, imici artır və bu bizə əlavə imkanlar yaradır.
Biz öz siyasətimizi bundan sonra da bu prinsiplər əsasında quracağıq: birinci növbədə, Azərbaycanın milli maraqları, qonşu ölkələrlə mehriban dostluq münasibətləri, Avropa ilə, Avropa İttifaqı ilə, başqa beynəlxalq təşkilatlarla münasibətlərimizin davam etdirilməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bütün imkanlar var: ilk növbədə, düşünülmüş siyasət, güclü siyasi iradə, xalqın bizim siyasətimizə dəstəyi, iqtisadi imkanlarımızın artması, siyasi çəkimizin artması və hüdudlarımızdan kənarda olan məsələlərə Azərbaycanın təsir imkanlarının artması. Bizim təşəbbüsümüz ulu öndər Heydər Əliyevin təşəbbüsüdür. Xalqımız üçün tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq istismardadır və bizə həm iqtisadi, həm siyasi uğurlar gətirir.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismardadır və Azərbaycan özünü Avropa İttifaqının enerji təchizatı üçün tərəfdaş kimi təqdim edibdir. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə yaxın zamanlarda başlayacağıq. Bu da Azərbaycanı həm tranzit ölkəsinə çevirəcək, həm də ki, ölkəmizi Türkiyə ilə, Azərbaycan vasitəsiləTürkiyəni Orta Asiya ilə, Orta Asiyanı, Çini Avropa ilə birləşdirəcəkdir. Bəlkə də bunu izah etməyə ehtiyac yoxdur. Ancaq hər halda, demək istəyirəm ki, biz bütün bunlara həm düşünülmüş siyasətlə, həm də ki, artan imkanlarımızla nail ola bilirik. Siyasət düzgün ola bilər, ancaq əgər onu icra etmək üçün imkanlar yoxdursa, o, siyasət olaraq qalacaq, boş bir şey kimi qalacaqdır. Bizim isə siyasətimiz də, əməli işlərimiz də, artan imkanlarımız da bütün bu gözəl şəraiti yaradıbdır.
Bizim iştirakımız olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji məsələsi, nə də siyasi məsələ. Bizim mövqeyimiz, məsələlərə baxışlarımız regionda, deyə bilərəm ki, aparıcı rol oynayır. Belə olan halda, əlbəttə, biz hamımız, bütün Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxırıq. Bilirik haraya gedirik, nə istəyirik, necə etməliyik, hansı əlavə tədbirlər görməliyik ki, Azərbaycan xalqının daha da yaxşı yaşaması təmin edilsin. Ölkədə hələ kifayət qədər sosial problemlər var. Biz hələ yoxsulluğu tam aradan qaldıra bilməmişik. Baxmayaraq ki, 49 faizdən 20 faizə sala bilmişik. Əminəm ki, bu ilin nəticələrinə görə daha da aşağı olacaqdır. Amma hələ ki, yoxsul təbəqə var.
Hələ ki, Azərbaycanda minimum əməkhaqqı onu alan insanın tələbatını ödəmir. Biz buna çalışmalıyıq. Minimum əməkhaqqı minimum tələbatı ödəməlidir. Son məlumata görə, Azərbaycanda orta əməkhaqqı dollarla hesablasaq, təxminən 220 dollardır. Bir neçə il bundan əvvəl hansı səviyyədə olduğunu müqayisə etsək, postsovet məkanı üçün böyük bir rəqəmdir. Amma dünya miqyasında böyük rəqəm deyildir. Biz indi çalışmalıyıq ki, dünyada ən qabaqcıl texnologiyaları tətbiq edək, eyni zamanda, həyat səviyyəsini də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qaldıraq. Bizim xalqımız yaxşı yaşamalı, zəngin olmalıdır. Hər bir insanın imkanı olmalıdır. Dövlət təşkilatlarında çalışanların maaşı yüksək olmalıdır, özəl sektorda çalışanlar üçün yaxşı şərait yaradılmalıdır ki, sahibkarlıq inkişaf etsin.
Mən saata baxıram, bir az çox danışıram. Amma mən bu əziz gündə istəyirəm öz fikirlərimi sizə bildirəm. Düzdür, mən vaxtaşırı Azərbaycan xalqına müraciətlər edirəm, çıxışlar edirəm, öz mövqeyimi bildirirəm. İstəyirəm ki, bu mövqeni Azərbaycan xalqı bilsin və bunu bilir. Mən həmişə öz fikirlərimi, - həm ölkə daxilində, həm də xaricdə olanda, həm xarici siyasətlə bağlı,- açıq şəkildə ifadə edirəm: nəyi planlaşdırıram, hansı məsələləri həll etmək istəyirəm.
Çünki bizim ölkəmizin gələcəyi bundan asılıdır. İnkişaf etmiş ölkələrdə hər şey qərarlaşıbdır. Bəzi hallarda heç ölkəyə kimin rəhbərlik etməsindən də çox şey asılı deyildir. Çünki güclü - həm demokratik, həm iqtisadi təsisatlar var. İnkişaf etmiş ölkələrdə sənaye istehsalı, iqtisadi inkişaf, yaxud da humanitar məsələlərin həlli, demək olar ki, heç də həmişə hökumətdən və ya dövlət başçısından asılı deyildir. Orada yaradılmış təsisatlar özləri bu vəzifəni yerinə yetirir. Amma gənc ölkələrdə, yəni, müstəqilliyini təzə əldə etmiş ölkələrdə, əlbəttə ki, çox şey dövlət siyasətindən asılıdır. Bu siyasət düzgün olmalıdır. Siyasətin düzgün olmasını təmin etmək üçün mütləq daimi məsləhətləşmələr aparılmalıdır. Mən də bu məsləhətləşmələri Azərbaycan xalqı ilə aparıram. Öz fikirlərimi bildirirəm, reaksiyanı görürəm. Bilirsiniz ki, tez-tez regionlarda oluram. Nə üçün? Həm vəziyyətlə tanış oluram, həm gedən işlərə nəzarət etmək, həm də ki, insanların bütün siyasətə münasibətini öyrənmək istəyirəm. Mən bu münasibəti hiss edirəm, görürəm. Görəndə ki, bizim işlərimiz bəyənilir, siyasətimiz dəstəklənir, bu mənə əlavə güc, əlavə ruh yüksəkliyi verir.
Zənnimcə, mən düz edirəm ki, bu məsləhətləşməni ancaq və ancaq Azərbaycan xalqı ilə edirəm. Azərbaycan xalqı müdrik xalqdır, yaxşını pisdən həmişə ayıra bilibdir. Azərbaycan xalqının mənə verdiyi bu kredit, bu mandat, bu səlahiyyət, əlbəttə ki, mənə əlavə güc verir. Bəlkə də mən sizin vaxtınızı bir az çox alıram. Amma istəyirəm ki, siz də həm ölkə haqqında, gələcək haqqında, beynəlxalq münasibətlər haqqında, həm də iqtisadi, siyasi islahatlar haqqında mənim fikirlərimi biləsiniz. Çünki bunlar çox vacibdir.
Bizim ölkəmizin gələcəyi çox parlaq ola bilər. Mən buna tam əminəm. Amma bunu təmin etmək üçün biz hamımız işləməliyik. Əldə edilmiş nəticələrlə kifayətlənməməliyik. İqtisadi uğurlar, siyasi müstəvidə aparılan çox düzgün siyasət gərək bizim başımızı gicəlləndirməsin. Biz gərək həmişə ayıq olaq, diqqətli olaq, həmişə işləyək, çalışaq. Bu, daimi prosesdir. Hansı ölkədə arxayınçılıq yaranırsa, ölkənin inkişafı da dayanır, yaxud da durğunluq dövrü başlanır. Azərbaycan dinamik şəkildə inkişaf edir. Bu inkişafda bütün cəmiyyət iştirak edir. Əlbəttə ki, siyasi məsələlərlə məşğul olanlar, iqtisadi məsələlərlə məşğul olanlar, yəni, bütün cəmiyyət bu işlərdə fəal iştirak edir. Yəni, bizim uğurlarımızın da əsas səbəbi məhz bundadır: birlik, vətəndaş həmrəyliyi, milli maraqlara, milli adət-ənənələrə bağlılığımız və eyni zamanda, müasirlik.
Yenə də qayıdıram günümüzün əsas mövzusuna, Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə. Bu müasirliyi, bu biliyi, savadı da müəllimlər verməlidir və verirlər.
Mən professor-müəllim heyətini, bütün tələbələri bu gözəl yubiley münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Çıxışımı yekunlaşdırmaq istəyirəm, Naxçıvanda hələ başqa işlərim var, proqram kifayət qədər genişdir. Sizi bir daha əmin etmək istəyirəm ki, mən ulu öndər Heydər Əliyevin siyasətinə bundan sonra da sadiq qalacağam. Bu yol haqq yoludur, biz hamımız bu yolla gedəcəyik. Sizə yeni-yeni uğurlar arzulayıram.
Mən Naxçıvan Dövlət Universitetinin əməkdaşlarını yüksək dövlət mükafatları ilə təltif etmişəm. İstəyirəm ki, mənim sərəncamım indi oxunsun və bu yüksək mükafatları təqdim edim

 

Azərbaycan.- 2007.- 18 oktyabr.- S.1-2.