Salmanov R.
Ürəyəyatımlı
şirin səsi, səhnə mədəniyyəti və
digər ifaçılıq məziyyətləri ilə
böyük tamaşaçı auditoriyasının dərin
rəğbətini qazanmış “Şərq təranələri”
beynəlxalq muğam festivalının “Qran pri”
mükafatçısı, respublikanın əməkdar artisti
Simarə İmanovanın professional səhnəyə
gəlişinin 10 ili tamam olur.
Qəlbi yaradıcılıq eşqi ilə
döyünən gənc xanəndə qız
üçün on il, ola bilsin ki, çox da böyük zaman
deyil. Lakin bu illər ərzində onun Azərbaycan
incəsənətinin, klassik muğam nümunələrimizin
təbliği sahəsində gördüyü işlərin,
qazandığı uğurların dəyərini də inkar
etmək olmaz. Keçdiyi ömür yolunda ən çox
1997-ci ilə önəm verən Simarə İmanova
bütün yaradıcılıq uğurlarının
bünövrəsinin məhz bu ildə qoyulduğunu və bu
nailiyyətlərə görə ilk növbədə ulu
öndər, ümummilli lider Heydər Əliyevə borclu
olduğunu deyir. Məhz ulu öndərin Simarə İmanova
yaradıcılığına verdiyi yüksək qiymət,
göstərdiyi etimad gənc xanəndə qızın
yaradıcılığında əsaslı dönüş
yaradaraq, demək olar ki, sənət uğurlarının
təməlini qoyub...
Simarə İmanova 1976-cı ilin qarlı, tufanlı bir
qış gecəsi İmişli rayonunun Əliqullar
kəndində dünyaya göz açıb. Son 30-40 ildə
bu qədər qar yağdığını xatırlamayan
kənd ağsaqqalları, qohum-əqrəba qızın
özüylə el-obaya ruzi-bərəkət gətirdiyini
söyləyərək ailəsinə
gözaydınlığı verirlər. Erkən
yaşlarından qızının musiqiyə həvəsini
görən anası Minəbəyim qızına “baban
Məhəmmədə çəkmisən” — deyir. Məhəmməd
bəy Qarabağın tanınmış bəylərindən
olub. Gözəl səsi və tar çalmağı
olduğundan dövrün tanınmış xanəndə
və sazəndələri tez-tez onun evinə
yığışar, şeir, musiqi məclisləri
keçirərlərmiş.
Aylar, illər ötdükcə qızcığaz
məlahətli, şirin səsiylə hamının
diqqətini özünə çəkir. Məktəbin
əksər tədbirlərində çıxış edir.
Oxuduğu hər bir mahnı müəllim və
şagirdlər tərəfindən rəğbətlə
qarşılanır. Alqışlar ona ruh verir. Təqdim olunan
hər çiçək dəstəsi uşaq qəlbini
riqqətə gətirib, əbədi olaraq
incəsənətə bağlayır. Qızının oxuyub-çalmasını
əvvəlcə ötəri hiss kimi qəbul edən
atası Cəmaləddin kişi Simarənin get-gedə
sənətə bağlılığını
görüncə onu bu yoldan çəkindirməyə
çalışır. Atanın ən böyük arzusu
qızını həkim görmək idi. Lakin
Minəbəyim ana hər vəchlə kişini razı
salmağa nail olur.
Digər həmyaşıdlarından fərqli olaraq, repertuar
seçimində Simarə İmanova uşaq mahnılarına
deyil, daha çox xalq mahnısı və təsniflərə
üstünlük verirdi. Heç bir musiqi savadı olmayan,
yalnız fitri istedadı və qabiliyyəti sayəsində ad
çıxaran Simarənin xoş sorağı az bir zamanda
İmişli rayon mədəniyyət evinin xalq
çalğı alətləri ansamblının
rəhbəri, tanınmış xanəndə Vahid
Əliyevə də çatır. Və o Simarəni öz
ansamblına dəvət edir. Dövrün tanınmış
pedaqoq-xanəndəsi Nəriman Əliyevdən dərs
almış Vahid müəllim muğam sənətinin,
səhnə mədəniyyətinin incəliklərini gənc
xanəndə qıza öyrədir. Muğam
ifaçılığına daha çox meyl salan Simarə İmanova
1993-cü ildə orta məktəbi bitirən kimi
sənədlərini Asəf Zeynallı adına Orta İxtisas
Musiqi Məktəbinə verir. Qəbul imtahanında ustad
xanəndələr Nəriman Əliyev, Arif Babayev, Canəli
Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov
qarşısında oxuduğu “Mirzə Hüseyn segahı”
və “Simayi-şəms” ritmik muğamı
müəllimlərin xoşuna gəlir və onu xalq artisti
Ağaxan Abdullayevin sinfinə qəbul edirlər.
— Həmin gün sevincimin həddi-hüdudu yox idi. Test
imtahanından yüksək bal toplamışdım. Bu balla
istədiyim ali məktəbə daxil ola bilərdim. Lakin
mən seçimimi etdiyimdən ərizəmdə yalnız
Asəf Zeynallı adına musiqi məktəbini
göstərmişdim, — deyə o günləri xatırlayan
Simarə İmanovanın üzünə xoş bir
təbəssüm qondu.
İllər bir-birini əvəz etdikcə muğam
sənətinin sirlərinə daha çox
yiyələnmək arzusu gənc xanəndə qıza bir an
rahatlıq vermir. Ağaxan müəllimdən muğam
dəsgahlarını, çətin zərb
muğamlarını səylə öyrənməyə
çalışır. Görkəmli tarzən,
respublikanın xalq artisti Zamiq Əliyev Simarə
İmanovanın ifaçılıq məharətini
görüb bəyənir. Ağaxan müəllimdən
öyrəndiklərini tarla müşayiət edərək,
onu daha səlis və rəvan oxumağa sövq edir.
Məktəbdə oxuya-oxuya Zamiq Əliyevlə doğma
respublikamızda, cəbhə bölgələrində olur.
Lakin Simarə İmanovanı ən çox tanıdan, populyar
edən onun 1997-ci ildə Azərbaycan Dövlət Televiziyasının
“Səhər” proqramında oxuduğu Zamiq Əliyevin “Ah bu
gecə, bu gecə” mahnısı olur. Böyük şövq
və ustalıqla ifa etdiyi bu mahnı milyonlarla seyrcinin
qəlbinə yol tapır. Zamiq müəllimin gənc
xanəndənin repertuar seçimində, ifaçı kimi
püxtələşməsində çox böyük
zəhməti olur.
Simarə İmanovanın daha bir uğuru həmin il
Rəşid Behbudov adına Mahnı Teatrında 8 Mart
beynəlxalq qadınlar bayramına həsr olunmuş
böyük bayram konsertindəki çıxışı
olur. Ulu öndər Heydər Əliyevin iştirak etdiyi
konserti Simarə İmanova belə xatırlayır:
— İlk dəfə idi ki, böyük səhnədə
prezident önündə, özü də canlı olaraq televiziya
ilə yayımlanan konsertdə çıxış edirdim.
Həyəcandan əsirdim, başım hərlənirdi.
“Şahnaz” təsnifinin muğam yerində elə bir
qəzəl seçib oxumuşdum ki, həm əziz
qadınlarımızı, həm də ulu öndərin
xalqımıza, millətimizə göstərdiyi atalıq
qayğısını ucalara qaldırmışdım.
Çıxışımı qurtaran kimi evə
getməyə tələsdim. Dedilər ki, hamı qalsın,
konsertin axırında prezident səhnəyə çıxıb
hamı ilə görüşəcək. Elə də oldu.
Hamı ilə bir-bir əl verib görüşdü.
Mənə çatanda — “Sən bilirsənmi ki, məni
ağlatdın? Sən indiyə kimi haradaydın?” — deyə
məni bağrına basıb alnımdan öpdü. Sonra
üzünü o dövrdə mədəniyyət naziri
işləyən Polad Bülbüloğluna tutub — “Sabah Simarə
qızım bu üçlüklə təyyarədə
olsunlar. Mənimlə Tiflisə gedəcəklər” — deyə
tapşırıq verdi. Həyatımın ən yaddaqalan
və heç bir zaman unudulmayan bir gününün xoş
anlarını yaşadım o gün. Bu mənim böyük
səhnəyə ilk uğurlu gəlişim oldu. Sanki, bu
konsert həyatımı dəyişdi. Bütün
bağlı qapıları açdı üzümə.
Prezidentin iştirak etdiyi əksər tədbirlərdə,
xarici səfərlərdə bizim üçlük iştirak
edirdi.
1997-ci ildə daha bir əlamətdar hadisə isə Simarə
İmanovanın həyatında, eləcə də
Azərbaycan incəsənəti tarixində yadda qalır.
Həmin il Özbəkistanın Səmərqənd
şəhərində keçirilən “Şərq
təranələri” beynəlxalq muğam festivalında respublikamızı
təmsil etmək etimadı məhz Simarə İmanovaya
göstərilir. Dünyanın 46 ölkəsinin
qatıldığı bu möhtəşəm musiqi
festivalının ən yüksək “Qran pri”
mükafatını ilk dəfə olaraq Simarə İmanova
alır.
“Azərbaycan himninin sədaları altında
üçrəngli bayrağımız yuxarı qalxdıqca
fərəhdən onun qəlbi qürur hissilə
döyünürdü”. Dünyanın bir çox
mötəbər qəzetləri azəri qızının,
“Şərq bülbülünün” ecazkar səsindən,
qazandığı uğurdan yazır. Bir ay davam edən
festivalın sonunda Özbəkistan prezidentinin xahişi ilə
Simarə İmanova daha 10 gün Daşkəndin 2500 yerlik
ən böyük konsert salonunda üçlüklə
çıxış edir. Dünyanın bir çox
aparıcı dövlətləri Azərbaycan
üçlüyünü öz ölkələrinə
dəvət edirlər.
Vətənə qayıdan kimi Azərbaycan
incəsənəti tarixində ilk dəfə olaraq 19
yaşlı gənc xanəndə Simarə İmanova ulu
öndər, ümummilli liderimiz Heydər Əliyevin
sərəncamı ilə respublikanın əməkdar artisti
fəxri adına layiq görülür. Elə həmin
ildə Milli Opera və Balet Teatrı Simarə İmanovanı
Leyli roluna dəvət edir.
Qazandığı uğurlar, xarici ölkələrə olan
dəvətlər çox olsa da, sənətdə
arxayınçılığa yol vermir. Ali təhsil almaq
məqsədilə 1998-ci ildə Mədəniyyət və
İncəsənət Universitetinə daxil olur. 4 il bakalavr,
iki il də magistratura şöbələrində təhsil
alır. Universitetin solo oxu kafedrasında muğam
sənətindən dərs demək təklifi alır. Bu
gün Simarə İmanovanın çoxsaylı istedadlı
tələbələri var. ABŞ, Kanada, Yaponiya, Fransa,
Almaniya, Rusiya və onlarca digər ölkələrdə
Azərbaycan xalq musiqisi nümunələrimizi layiqli
təbliğ edən Simarə İmanovanın ifasında bu
gün radio və televiziyanın qızıl səs
xəzinəsində “Cahargah”, “Bayatı-Şiraz”, “Mahur Hindi”
muğam dəsgahları, eləcə də “Simayi
-şəms”, “Arazbarı” zərb muğamları qorunub
saxlanır. Bu günlərdə isə xalq artisti
bəstəkar Ramiz Mirişlinin mahnılarından ibarət
“Dünya gözəl dünyadır” albomu işıq
üzü görüb. Bu alboma hamımızın
sevərək dinlədiyimiz “Gəlsən də,
gəlməsən də, ”Dalğalar" , “Yandım elə
yandım”, “Küsüb məndən”, Simarə İmanovaya
ithaf olunmuş “Ay sənə qurban”, eləcə də
digər mahnılar daxil edilmişdir.
Respublikanın əməkdar artisti Simarə İmanova son
zamanlar ekran və efirdə az görünür. Bu da
səbəbsiz deyil. Gənc xanəndə qız bütün
mehrini ailəsinə, yeganə övladı 5 yaşlı
Məhəmmədə bağlayıb. Bu gün-sabah yeni bir
övlad dünyaya gətirəcək Simarə İmanova,
inanırıq ki, sənətdə bundan sonra da öz
sözünü deməyə imkan tapacaq.
Bir qarlı qış gecəsi dünyaya göz açan
Simarənin həyat və yaradıcılıq yolu
böyük səhnəyə, efirə də qışın
oğlan çağından başladı. Lakin hər
sərt keçən qışın
gülli-çiçəkli baharı, isti yayı,
bar-bəhərli payızı var. Simarə İmanovanın da
sənətdə birdən-birə parlaması, sanki, “bir
güllə bahar olmaz” deyənlərə öz istedadı
və bahar nəfəsli ifası ilə ”bir güllə
də baharın gəlişin duymaq olarmış" — dedi.
Xalq qəzeti.- 2007.- 27 oktyabr.- S. 8.