Salmanov R.
İkinci
muğam müsabiqəsi başlandı
Muğam-2005” televiziya
müsabiqəsinin yaratdığı xoş ovqatın
təsiri getməmiş Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev
Fondunun dəstəyi, respublika Mədəniyyət və Turizm
Nazirliyinin yaxından köməyi ilə Azərbaycan
Televiziyası tərəfindən həyata keçirilən
ikinci muğam televiziya müsabiqəsinin başlanması
musiqi ictimaiyyətimiz, eləcə də muğamsevər
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılandı. Bəlkə
elə bu səbəbdən də oktyabrın 2-si və
4-də müsabiqənin keçirildiyi R.Behbudov adına
Mahnı Teatrında iynə atsaydın, yerə
düşməzdi.
Ulu muğam sənətimizə bu qədər
rəğbət bəsləyənlərin, onu canlı olaraq
seyr etmək arzusunda olanların sayı həddindən
çox olsa da, bəxti gətirən tamaşaçılar,
təəssüf ki, yalnız zal tutan qədər oldu.
Müsabiqənin ilk günündən dəvətli qonaqlar
sırasında respublikanın tanınmış muğam
ifaçıları, mədəniyyət və
incəsənət xadimləri, elm və digər peşə sahibləri
olsa da, onları bir araya gətirən məhz milli
musiqimizə bağlılıq idi.
Respublikamızda keçirilən daha çox şou xarakterli
müxtəlif müsabiqələrdən fərqli olaraq, bu
müsabiqədə qaliblər SMS-lərlə
müəyyənləşdirilmir. Dəyərli
münsiflər heyətinin qərarı gənc
ifaçıların hansının turdan-tura keçdiyini,
hansınınsa müsabiqəni tərk edəcəyini
müəyyənləşdirir. Odur ki, həmin gün
müsabiqə iştirakçıları həyəcanlı
anlar keçirmələrinə, ifa zamanı
müəyyən qüsurlara yol vermələrinə
baxmayaraq, münsiflər heçəti son dərəcə
humanistlik göstərib çoxunu ən yüksək — on
balla dəyərləndirdi. Münsiflər heyətində
müəyyən mənada fikir, rəy müxtəlifliyi olsa
da, ümumən klassik musiqi irsimizin, muğam sənətimizin
inkişafına yönəlmiş bu müsabiqənin
dəyərini hamı başa düşür və ən yaxşıların
seçilməsi üçün məsuliyyətlərini
dərk edirlər. Münsiflər heyətinə
respublikanın xalq artistləri Əlibaba Məmmədov, Arif
Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Azərbaycan
Bəstəkarlar İttifaqının katibi,
sənətşünaslıq doktoru professor Ramiz Zöhrabov,
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun
icraçı direktoru İbrahim Quliyev, “Muğam televiziya
müsabiqəsi” layihəsinin icraçısı
əməkdar incəsənət xadimi Nadir Axundov kimi muğam
biliciləri daxildir. Gənc xanəndələri tarda Sahib
Paşazadə, kamançada Toğrul Əsədullayev,
nağarada isə Ramin Abdullayev müşayiət edirlər.
Müşayiətçilərin hər üçü
gənc olsa da, bir musiqiçi kimi peşəkar səviyyələri
tamaşaçılar tərəfindən tez-tez
sürəkli alqışlarla qarşılanmalarından
bəlli oldu.
Respublikamızın müxtəlif bölgələrindən
müsabiqəyə qatılmaq istəyənlərin sayı
beş yüzdən çox olsa da, münsiflər heyəti
yalnız 20 iştirakçıya müsabiqədə
iştirak etmək şansı verdi.
İştirakçılar arasında Milli Konservatoriyanın,
Bülbül adına Musiqi Məktəbinin, Asəf Zeynallı
adına Orta İxtisas Musiqi Məktəbinin
tələbələri ilə yanaşı, heç bir musiqi
təhsili olmayan 8 yaşlı Elməddin İbrahimov da var.
Müsabiqənin ilk günü on iştirakçının,
demək olar ki, tən yarısı münsiflər heyəti
tərəfindən ən yüksək balla
dəyərləndirildi.
Abgül Mirzəliyev, Ətapur Nasir, Güllü Muradova və
Elməddin İbrahimov münsiflər heyəti
tərəfindən ən yüksək — 70 balla qiymətləndirildilər.
Xalq mahnıları və muğam üstə
köklənmiş ilk həftənin digər yaddaqalan
cəhətlərindən biri də
ifaçılarımızın səhnəyə milli geyimdə
çıxmaları idi. Estetik gözəlliklə
yanaşı, soy-kökümüzə
bağlılığın, abır-ismət, həya kimi
hisslərin, ən yüksək mədəni
dəyərlərin nişanələrini gördük o
gecə. Utanıb sıxılanlar, həyəcan, təlaş
keçirənlər bu səbəbdən oxuyarkən müəyyən
qüsurlara, xaric oxuma, ritmdən çıxma, sözlərin
tələffüzündə müəyyən qüsurlara yol
versələr də, onların istedadı münsiflər heyətinin
nəzərindən yayınmırdı. Müsabiqənin
isə öz qanunları var — hər həftə
iştirakçılardan biri mütləq müsabiqəni
tərk etməlidir.
İki gün davam edən gərgin yarışmada
xalqımız istedadlı gənclərin
tükənmədiyini, muğam sənətimizin daha da
inkişaf edərək tərəqqi tapdığının
bir daha şahidi olur. Ötən muğam
müsabiqəsindən yaxşı
tanışıdığımız Təyyar Bayramov,
Babək Niftəliyev, İlkin Əhmədov, Pərvaz
İbrahimli, Vəfa Orucova və digər
sənətçilər bu gün muğam sənətimizi
təkcə respublikamızda deyil, onun hüdudlarından
uzaqlarda da layiqincə təmsil edirlər. Bu
həyəcanı, bu sıxıntını vaxtilə onlar da
keçiblər. Elə bilirəm, bu səbəbdən də
müsabiqənin ilk günündə dəyərli
münsüflər heyətinin bu humanist addımını
gənc xanəndələri ruhdan salmamaq kimi
dəyərləndirmək olar.
Yeri gəlmişkən, müsabiqə boyu
aparıcıların hər bir ifaçının kimin
tələbəsi olduğunu tez-tez nəzərə
çarpdırması tamaşaçılar tərəfindən
heç də birmənalı qarşılanmır. Obyektiv
qiymət üçün bu əsas amil sayıla bilməz.
Bir də müsabiqənin gedişində tamaşaçı
üçün iddiaçının kimin tələbəsi
olmasının heç bir əhəmiyyəti yoxdur.
Tamaşaçı gözəl səsin, ürəyi
riqqətə gətirə biləcək ifanın
sorağındadır. Bu amilin qabardılması isə
ifaçıların qiymətləndirilməsinə təsir
göstərə bilər.
İkinci onluqda da istedadlı gənclər çoxdur.
Hələlik isə həftənin qalibləri – Abgül
Mirzəliyev birinci, Nasir Ətapur ikinci, Güllü Muradova
üçüncü və Elməddin İbrahimov
dördüncü yeri tutdular. Ən az bal toplamış Cabir
Həsənov isə musabiqəni tərk etməli oldu.
Müsabiqə davam edir.
Xalq qəzeti.- 2007.- 7 oktyabr.-
S.5.