Salmanov R.

 

Muğam sınağı

 

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi, eləcə də Respublika Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməkliyi ilə Azərabycan Televiziyası tərəfindən keçirilən “Muğam-2007" müsabiqəsinin daha bir yarış həftəsi oktyabrın 18-də başa çatdı. Xalq tərəfindən sevilərək günü-gündən geniş vüsət alan, populyarlaşan, çoxmilyonlu tamaşaçı auditoriyasının rəğbətini qazanan bu müsabiqənin xoş sədası artıq doğma respublikamızın hüdudlarından uzaqlara da yayılıb. ABŞ, Türkiyə, Kanada, Rusiya, İran və bir çox digər ölkələr də böyük həvəslə bu müsabiqəni izləyirlər.
Azərbaycan Televiziyasına, eləcə də redaksiyamıza daxil olan çoxsaylı telefon zəngləri, məktub və teleqramlar bunu bir daha təsdiq edir. İmkan olduqca biz çox hörmətli muğamsevər oxucularımızı bu məktublarla tanış edəcəyik. Ünvanlar müxtəlif olsa da məktub müəlliflərinin arzu və məramı eynidir. Hamı Azərbaycan klassik muğam sənətimizin təbliği və tərəqqisi naminə, gənc istedadların ərsəyə gəlməsinə, ulu muğam sənətimizin ölməzliyinə yönəlmiş Azərbaycan Mədəniyyətinin Dostları Fondunun bu unikal layihəsinə dəstək olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKOnun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirir. Xalqımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən möhtəşəm “Muğam-2007” televiziya müsabiqəsinə göstərilən belə münasibət bir daha təsdiq edir ki, hər hansı bir millətin, xalqın mədəniyyəti o zaman öz yüksək dəyərini alır ki, onu ilk növbədə öz məmləkətində dəyərləndirirlər. Ulularımızın zaman-zaman yaradaraq bizə əmanət qoyduğu zəngin sənət nümunələrini xalqımız göz bəbəyi kimi qorumuş, bu günümüzə gətirib çıxarmışdır. Artıq Azərbaycan muğamı təkcə bir xalqın, bir millətin deyil, bəşər mədəniyyətinin ayrılmaz bir parçasına çevrilmişdir. Əgər belə olmasaydı, yəqin ki, sərhəd tanımayan musiqi nümunələrimiz, sənət incisi sayılan muğamatımız dinindən və dilindən asılı olmayaraq hər kəsin qəlbinə yol tapmazdı. Məhz ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan mədəniyyəti və incəsənəti öz layiqli dəyərini ala bildi. Tarixi mədəniyyət abidələrinin bərpası, milli mənəvi dəyərlərə sadiqlik, mədəniyyət və incəsənət adamlarına verilən qiymət, göstərilən diqqət və qayğı o dövrün əsas səciyyəvi xüsusiyyətlərindən olub. Bu ənənəni bu gün də layiqincə qoruyub yaşadan, uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə diqqət və qayğısı isə daha geniş miqyas aldı. Prezidentlik fəaliyyətinin 4 ili ərzində mədəniyyətə qayğı dövlət başçımız üçün əsas prioritetlərdən birinə çevrildi. Təkcə bu il möhtərəm Prezident Azərbaycan incəsənətinin inkişaf etdirilməsi, onun dünya miqyasında təbliği istiqamətində 40-a yaxın fərman və sərəncam imzalamışdır. İllər ötəcək, doğma mədəniyyətimizin tarixinə qızıl hərflərlə yazılacaq daha bir qayğının himayədarının da adını xalqımız böyük məhəbbətlə yad edəcək, gələcək nəsillərə çatdıracaq. Bu şəxs ulu öndər, ümummilli liderimizin ideyalarına sadiq olan, ulu öndərin adını daşıyan fondun prezidenti, millət vəkili Mehriban Əliyevadır. Milli musiqimizin şah əsəri olan muğamatımızı zirvələrə qaldırması Mehriban Əliyevanın nəinki musiqimiz, mədəniyyətimiz, həmçinin tariximiz qarşısında möhtəşəm xidmətidir. Hər həftə səsinə, işığına yığışdığımız muğam yarışması da məhz ölkəmizdə incəsənətə göstərilən, xalq tərəfindən alqışlanan, təqdir olunan diqqətin ən bariz nümunəsidir.
Hər müsabiqə həftəsinin klassik muğam ifaçılarımızın Xan Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova, Hacıbaba Hüseynov və digər ustad xanəndələrin musiqili xeyir-duası ilə başlaması Azərbaycan Televiziyasının, eləcə də proqram və layihə təşkilatçılarının ən dəyərli və uğurlu təkliflərindən biri sayıla bilər.
Ustad sənətçilərimizin xeyir-duası, qəlbləri riqqətə gətirən, könül oxşayan səsi, səhnə mədəniyyəti, yüksək peşəkarlıq nümunələri gənc xanəndələrimiz üçün əsl məktəb və örnək ola bilər. Elə muğam televiziya müsabiqəsinə dəstək olan Heydər Əliyev Fondunun başlıca məqsədi də klassik muğam nümunələrimizin gənc nəslə çatdırmaq və bu örnəklərə söykənərək yeni ifaçıları, gənc istedadları üzə çıxarmaqdır.
“Muğam-2007” televiziya müsabiqəsinin arxada qalan daha bir həftəsi də gənclərimizin gözəl ifası və bacarığı ilə yadda qaldı. Ehtiram Hüseynovun Qarabağ şikəstəsi, Sevda Nurəliyevanın Heyratı, Könül Tağıyevanın Arazbarı, Rəna Qafarovanın Kəsmə şikəstə, müsabiqənin ən kiçik 10 yaşlı iştirakçısı Elməddin İbrahimovun Qarabağ şikəstəsi, eləcə də Abgül Mirzəliyevin Şirvan şikəstəsi münsiflər tərəfindən yüksək dəyərləndirildi. Digər ifaçılar da gözəl ifaları və bacarıqları ilə yadda qalsalar da, münsiflərin haqlı iradları, bəzən də kəskin tənqidləri də oldu. Bu da təbiidir. Müsabiqə təkcə ifaçıların yarışması deyil. Burada səslənən hər bir irad və tənqid ustad öyüdü, müəllim tövsiyəsi kimi qəbul edilməlidir. Müsabiqənin bu mərhələsində televiziya tamaşaçıları gənc xanəndələrin ifasında muğam sənətimizin daha bir çətin janrı - öz melodik xüsusiyyətləriylə qəlbləri oxşayan zərb muğamları Heyratı, Arazbarı, Şirvan şikəstəsi, Mənsuriyyə, Səmayi Şəms, Qarabağ şikəstəsi və bir çox digərlərini dinlədilər. Zərb muğamlarının təkcə Azərbaycanda olduğunu açıqlayan Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru professor Ramiz Zöhrabov əsasının aşıq musiqisindən götürüldüyünü, ritmi saxlama, çərçivədən kənara çıxmaq imkanı olmadığını, bu səbəbdən də belə muğamların ifasının da çox çətin olduğunu dedi. Bunu nəzərə alan münsiflər yenə də humanistliyə yol verməyə çalışdılar. Lakin həmişə olduğu kimi münsiflər heyətinin üzvü AMDF-nun icraçı direktoru, sənətşünaslıq namizədi İbrahim Quliyev və Muğam televiziya müsabiqəsi layihəsinin icraçısı, əməkdar incəsənət xadimi Nadir Axundov sənət baxımından daha çox obyektiv oldular. Ötən həftə ən az bal toplamış Rəhman Məmmədov, bu həftə isə Taleh Balakişiyev müsabiqəni tərk etməli oldu. Həftənin qalibi Sevda Nurəliyeva (I), Abgül Mirzəliyev (II), Elməddin İbrahimov (III) oldu.
Beləliklə, muğam müsabiqəsinin daha bir mərhələsinə yekun vurduq. Daha bir iştirakçı müsabiqəni tərk etdi. Buna görə məyus olmağa dəyməz. Müsabiqələr bundan sonra da olacaq, demək gənc ifaçılara özlərini bir daha sınamaq şansı veriləcək. Beləliklə, 20 ifaçıdan 17 gənc xanəndə müsabiqəni davam etdirmək şansı qazandı. Bu isə o deməkdir ki, müsabiqə getdikcə daha gərgin mübarizə ilə davam edir.

Xalq qəzeti
.- 2007.- 23 oktyabr.- S.10.