Səxavətli
muğamlar
Diskin
təqdimat mərasimi keçirilib
Dünən mərhum xanəndə Səxavət
Məmmədovun səs xəzinəsindən
"Səxavətli muğamlar" adlı ikinci diskin
təqdimatı keçirilib. APA-nın xəbərinə
görə, tədbiri giriş sözü ilə diskin
redaktoru Qulu Ağsəs açıb. O bildirib ki,
yüksək keyfiyyət və tərtibatı ilə
seçilən "Səxavətli muğamlar" diski
Ukraynanın paytaxtı Kiyevdə yerləşən nüfuzlu
studiyaların birində hazırlanıb: "Oktyabrın
23-də Səxavət Məmmədovun doğum
günüdür. Bu disk həmin günə hədiyyə
olaraq Azərbaycana gətirilib. Gələn il xanəndənin
55 illiyi münasibəti ilə "Səxavətli xalq
mahnıları və təsniflər",
"Səxavətli segahlar", "Səxavətli görüntülər",
"Səxavətli yazılar"ın da nəşr
olunması nəzərdə tutulub". Diskin prodüseri Burzu
Əliyev Səxavət Məmmədovun mahnılarının
Azərbaycandan kənarda da sevilərək dinlənildiyini
bildirib.
Xalq artistləri Qədir Rüstəmov, Mənsum İbrahimov,
yazıçı-publisist Rəşad Məcid, Sabir Abdullayev,
"Qarabağ" ansamblının üzvləri,
eləcə də Səxavət Məmmədovun digər
sənət yoldaşları onunla bağlı
xatirələrini danışıblar. Səxavət Məmmədovun
oğlu Bəxtiyar Səxavətoğlu, qardaşı Fehruz
Səxavət xanəndənin xatirəsini əziz tutanlara
təşəkkür edərək, onun adının
əbədiləşdirilməsi, adına küçə
və musiqi məktəbinin verilməsi xahişi ilə
müvafiq təşkilatlara müraciət etdiklərini
bildiriblər.
Qeyd edək ki, "Görkəmli Azərbaycan xanəndəsi
Səxavət Məmmədovun səs xəzinəsi"nin I
nəşri olan "Azad bir quşdum" diski də
2003-cü ildə Kiyevdə nəşr edilərək,
muğamsevərlərə pulsuz paylanılıb.
Xalq cəbhəsi.- 2007.-24 oktyabr.- S.14.