Bütün
ağrı-acılarım tarla müalicə olunur
Bu yaxınlarda fəxri ad alan
sənətçilər sırasında onun da adı var:
Firuz Əliyev. Tanınmış tarzənin danışmaqla o
qədər arası olmasa da sözünü çalğısıyla
deməyi yaxşı bacarır: "10 dəqiqə
çalım, yaxşı alınsın, hər şeyə
dəyər". Çalğısına da hamı
bələddir. Sənəti əlindən tutaraq ona
dünyanı gəzdirib. Musiqimizin dili ilə çox
ölkələrin qapısını döyüb, ifası
ilə dilimizi, dinimizi bilməyən insanları musiqimizin
əsirinə çevirib. Xalq artisti Firuz Əliyev
ifaçılığa həvəsinin uşaq
yaşlarından başladığını deyir:
- Musiqi ilə özüm məşğul
olmağa başlamışam. Televiziyada konsertlərə
də böyük həvəslə baxırdım.
Evimizdə heç kəsin musiqi qabiliyyəti yoxdur. Amma
hamı musiqini sevir. Mən isə tara lap uşaqlıqdan mehir
salmışam. Evdə oxlovu götürüb
səhərdən-axşamadək tar kimi çalardım. Bu
həvəsimi görüb məni musiqi məktəbinə
qoydular. O vaxt Buzovnada musiqi məktəbi olmadığı
üçün Maştağada 10 saylı musiqi
məktəbində oxuyurdum. İlk müəllimim Novruz
Aydəmirov olub. Musiqi məktəbində oxuyarkən çox
çətin əsərlər çalırdım. III kursda
oxuyanda məktəblərarası musiqi müsabiqəsində
I yerə layiq görüldüm. Bəstəkar Ruhəngiz
Qasımova da məni "Ulduz" verilişinə
çəkdi. Bu həvəsim məni Asəf Zeynallı
adına musiqi məktəbinə gətirdi. Həmin məktəbdə
not müəllimim Ceyran Haşımova, muğam
müəllimim isə Əlikram Hüseynov idi. Texnikumu
bitirdikdən sonra Konservatoriyaya daxil oldum. Hərbi
xidmətdən qayıdandan sonra müəllim
işləməyə başladım. Müəllim
işləyərkən üzərimdə çox
çalışırdım. Həmkarlarım mənə
deyirdi ki, sən müəllim işləmə, get
ifaçı ol. Elə oldu ki, Allah mənimçün yol
açdı.
- İfaçılığa nə vaxtdan
başladınız?
- Əvvəl Tələt Qasımovla toylara
gedirdik. Sonra İslam Rzayevin təklifini qəbul etdim. Onun
rəhbərlik etdiyi instrumental ansamblın konsertmeystri oldum
və indiyədək bu ansamblla işləyirəm. İslam
Rzayevlə daha çox rayonlara gedirdik.
- Böyük səhnəyə yolunuz da
həmin vaxtdan başladı?
- Böyük səhnəyə gec gəldim.
İlk dəfə televiziyanın "İlk addımlar"
verilişində iştirak elədim. Televiziyada konsertlərim
olurdu. Böyük səhnəyə də İslam Rzayevlə
çıxdım. O vaxtdan 35 ilə yaxın vaxt keçib.
Bir müddət "Azkonsert"də çalışmışam.
- O vaxtlar "Azkonsert" özünün
şöhrətli bir dövrünü yaşayırdı. Bu
gün isə belə bir birliyin yalnız adı müğənnilərin
dilində səslənir.
- Düz deyirsiniz, o vaxtlar
"Azkonsert"in ən qaynar dövrü idi.
"Azkonsert"də işləyərkən daha çox
rayonlara qastrollara gedirdik. Baloğlan Əşrəfov,
Zöhrə Abdullayeva və başqa cavan oxuyanlar da bizim
instrumental ansamblda oxuyurdu. Onlar bizim ansamblda
püxtələşiblər, lent yazıları
yazdırıblar. O vaxt ansambllar da az idi. Sonra xaricə
qastrollarımız başladı. İlk dəfə Akif
İslamzadə ilə, sonra rəhmətlik
kamançaçalan Bilalla birlikdə Macarıstana, daha sonra
Türkiyəyə getdik. Onda Türkiyəyə
gediş-gəliş çox məhdud idi. Alim Qasımov, Fidan
Qasımova və Tələt Qasımovla birlikdə
İzmirdə konsertlər verdik. Daha sonra Amerika, Braziliya, Avstraliya,
Kanada, İran, bir sıra Avropa ölkələrində
səfərlərdə olmuşam.
- Demək olar ki, bütün qitələri
gəzmisiniz. Gəzib-gördüyünüz bu
ölkələr ifaçılıq sənətinizə
nə əlavə edib?
- Müxtəlif festivallarda
çıxış eləmişik. Ayrı-ayrı
ölkələrin folkloruna baxış, təbii ki, adama
çox şey verir. Hərədən bir şey
görüb-götürürsən. Ümumiyyətlə,
mənim bu sənətdə öz yolum var. Köhnə
ifaçılara qulaq asmışam. Elə ifaçılar
var ki, maqnitofonu səsləndirib nöqtə-vergülü
sırf əzbərləyir. Bu, sənətdə
mümkün olan şey deyil. Gərək hər
ifaçının balaca da olsa öz dəst-xətti,
yaradıcılığı olsun. Bu olmayanda hər şey süni
görünür.
- Tar ifaçılığında əsas
tələb olunan keyfiyyət hansıdır?
- Mən musiqiçi-ifaçıyam.
Gərək ifaçının ilk növbədə
ürəyi olsun. Notu əzbərləyib çalmaq olar. Tar
sənəti çox çətindir. Gərək
həmişə məşq edəsən. Çalmayan adam
tarı sinəsində bir dəqiqədən artıq saxlaya
bilməz. Gərək əl-qol düz olsun və s.
İfaçılıq hər bir ifaçının
özündən asılıdır. Səhnəyə çıxanda
hər ifaçı həyəcan keçirir. Nə
qədər peşəkar olsan da, "birdən
alınmaz?" -deyə düşünürsən.
- Bəzən olur ki, bir konsert bir neçə
saat davam edir. Tarı bu müddətdə sinənizdə
saxlamaqdan, çalmaqdan yorulmursunuz?
- İnanın, tarı çalmağa
başlayanda hər şey yadımdan çıxır.
Canımın ağrısını da hiss eləmirəm.
Hər bir muğamı çalanda istər-istəməz o
aləmə qapılırsan, dünyanı, ətrafda baş
verənlərin hamısını unudursan.
- İndi Amerikanı, Avropa ölkələrini
su yoluna döndərsələr də, Braziliyaya
hələm-hələm gedib-gələn yoxdur.
Maraqlıdır, orda sizi necə qarşıladılar,
musiqimizi necə başa düşdülər?
- Doğrudan da Braziliyaya gedib-gələn
sənətçilər yoxdur. Orda Azərbaycanı
tanımırlar. Biz Braziliyaya Alim Qasımovla getmişdik.
Əvvəlcə bizə təəccüblə baxırdılar.
Çıxışlarımızdan sonra hamı
"Azərbaycan", "Alim" - deyə
qışqırırdı. Məəttəl qaldıq. Ona
görə deyirlər ki, musiqinin dili yoxdur. Bizim
muğamımız elədir ki, hər yerə yol tapır.
Eləcə də Mənsum İbrahimov, Munis Şərifovla
Kanadaya, Habil Əliyev və Aygün Bayramova ilə Afinaya
səfərlərimiz də çox yüksək
səviyyədə keçib.
- Sizcə xaricdə muğam təkcə yeniliyi
ilə maraqlıdır?
- Qürbətdə xalq musiqisini qoruyub saxlayan
qəribçilik olur. Adam onların qarşısında
çıxış eləməkdən zövq alır.
Amerikadan gələn Cefriyə muğam çalmağı
öyrədirdim. Bir dəfə Arif Babayevlə Amerikaya
gedəndə, o, aeroportda yaxınlaşıb "tarı
çıxar, bir az yer qalıb onu öyrət
mənə" - deyə xahiş etdi. Aeroportda iki qadın da
çalmağımıza baxır və
kövrəlirdilər. Yalvardılar ki, sən Allah, daha bir mahnı
çal. Sən demə, onlar azərbaycanlı imişlər.
Cefri də "sizinçün çalmağa gəlib?
Mənə dərs keçir" - dedi. Cefri əl
çəkmirdi, "bunu da, bunu da öyrət" - deyirdi.
Bir dəfə də Hollandiyada "Azərbaycan
günləri"ndə Alimlə konsert verirdik. Yaşlı
bir kişi bizə yaxınlaşıb: "mən
Azərbaycan dilində konuşa bilirəm. Özüm Haaqa
şəhərindənəm. Azərbaycan folklorunu eşidib
gəldim. Mən bu folklorla uzun illərdir
məşğulam" - dedi. Sonra da "siz birinci
"Bəstə-nigar"la başlayıb
"Çahargah"a düşdünüz" - deyəndə
heyrətdən donub qaldıq. Alim zarafatla: "Bu,
deyəsən, nardaranlıdır"-dedi. O, bizdən
Zülfünün, Seyidin kasetini soruşanda isə
əməlli-başlı heyrətləndik. Bir dəfə
də Fransada Ağaxan Abdullayev və rəhmətlik
Ədalət Vəzirovla bir yerdə konsertdə idik. Bir
nəfər rusca dedi ki, mən Bakıda Neft və Kimya
İnstitutunu qurtarmışam. Orda oxuyanda çox muğamlar
eşitmişəm. Ancaq sizin indi ifa etdiyiniz muğamlardan
eşitməmişəm. Bilirsiniz, orada muğama necə
diqqətlə qulaq asırlar? İnanın, hətta otaqda
milçək də uçsa, səsi eşidilər. Muğam
qurtarandan sonra çox vaxt əl çalmaq da yadlarından
çıxır. Elələrinə Bakıda da rast
gəlmək olur. Muğamın hər yerdə xiridarı var.
Bir az keçən kimi insanlar özləri bu musiqiyə
acıyırlar. Bizim kökümüz muğam
üstündədir. Ona görə bu musiqilər itə
bilməz.
- Siz həm də pedaqoji işlə
məşğul olursunuz. Tələbələrin musiqiyə
həvəsləri necədir?
- Keçmiş vaxtlardan fərqli olaraq
münasibət dəyişib. İnanırsınızmı,
o vaxt dərsdən çıxanda vaxtın getməməsi
üçün taksiyə minib evə çatmaq istəyir,
yol boyu "nə vaxt evə çatıb yenə
çalaram?" - deyə fikirləşirdim. İndikilər
az məşğul olurlar. Bir qohumum bir dəfə mənə
dedi ki, ay Firuz, nə yaxşı sən bu sənəti
öyrənib başının altına qoydun. Dedim ki, bu
başın altına qoymalı sənətdir? Gərək
bunun üçün həmişə axtarışda olasan,
çalışasan. Gözəl sənətkarımız
Ramiz Quliyev indi də tarı əlindən qoymur. O,
bütün əsərləri çalır, amma indi də
tələbədir. Tarı əlindən qoysa, o cür
ifaçılığı saxlaya bilməz.
- Sizin üçün kimləri
müşayiət eləmək xoşdur?
- Vaxtilə Hacıbaba Hüseynovla, Yaqub
Məmmədovla çox işləmişəm. İndi
isə Ağaxan Abdullayev, Alim Qasımov, Arif Babayev, Zabit Nəbizadəni
müşayiət edirəm. İndi müşaiyət
olunmalı xanəndələr azdır.
- Tarınız uşaqlıqdan ayrılmaz
yoldaşınızdır. Uşaq vaxtı tarı
daşımaq, yəqin ki, sizə ağır idi. Bu gün
həmin ağırlığı nə əvəz edib?
- Həyatımda nəyə nail olmuşamsa,
tarın sayəsində olmuşam. Özümü bu
alətsiz təsəvvür eləmirəm.
İnanırsınızmı, bütün
ağrı-acılarım tarla müalicə olunur. Tarı
əlimə aldımmı, dünyanı unuduram.
- Elə uşaqlıqdakı tarınızı
çalırsınız?
- Yox, tarımı bir neçə dəfə
dəyişmişəm.
- Hamısı da eyni cür sözünüzə
baxıb?
- Yox, hamısı ilə
əlləşirəm. Bir neçə il bundan qabaq Afinada
olanda Habil müəllim dedi ki, həmişə kamança
ilə əlləşirəm. Bizim alət də elədir -
hər havada başqa cür danışır. Alət
sənlə bərabər danışanda, sözünə
baxanda, ifaçılıq da yaxşı alınır.
- Ailənizdə davamçınız varmı?
- Allah dörd qızdan sonra mənə iki ekiz
oğul verib. Biri tar, biri isə kamança üzrə
təhsil alıb. Bu il isə Asəf Zeynallı adına musiqi
kollecinə daxil olublar.
- Televiziyanın, radionun fondunda lent
yazılarınız saxlanılırmı?
- Cəmi iki-üç muğamım var. Efir
üçün də az yazdırmışam. O vaxt
televiziyada solo konsertlərim olub. Muğamlardan ibarət disk
buraxdırmışam. Sözün düzü,
özümü reklam eləməyi o qədər də
sevmirəm. Ancaq görürəm ki, yaxşı şeydir -
yazılan qalır. Ona görə qismət olsa, birini də
yazdıracağam.
Mövqe.- 2007.- 20-22
oktyabr.- S.13.