“Yaddan çıxmaz Qarabağ” mədəni-siyasi aksiyası davam edir
Xəbər verdiyimiz
kimi, oktyabrın 24-dən Mədəniyyət və Turizm
Nazirliyi ölkədə “Yaddan çıxmaz Qarabağ”
mədəni-siyasi aksiyası keçirir. Bu tədbir
çərçivəsində keçirilən
İncəsənət həftəsi artıq ölkəmizin
bir sıra mədəniyyət ocaqlarında yüksək
səviyyədə təşkil olunmuşdur.
Dünən Azərbaycan Dövlət Dram Teatrında,
Gəncə Dövlət Dram Teatrında və Bakı
Uşaq Teatrında xüsusi tamaşalar
göstərilmişdir. Hüseynbala Mirələmovun
“Xəcalət” tamaşası Azərbaycan Dövlət Milli
Dram Teatrında nümayiş etdirilmişdir. Tamaşadan qabaq
aksiyanın iştirakçıları çıxış
edərək, onun mahiyyətini bir daha xatırlatmışlar.
Gəncə Dövlət Dram Teatrında N. Cəfərovun
“Buna da şükür” tamaşası təqdim olunmuşdur.
Bu tamaşa da vətənpərvərlik mövzusundadır
və aksiya iştirakçıları böyük
məmnunluqla bu səhnə əsərinə tamaşa
etmişlər.
A. Soltanın “Şapalaqsız gün” tamaşası isə
Bakı Uşaq Teatrında göstərilmişdir.
Bu gün tədbirlər davam etdiriləcək.
Xalq qezeti.-2007.-27 oktyabr.- S.6.