Turanə
Bütün musiqilərin
kökündə Muğam dayanır
Xanəndə
Cabir Abdullayev: Fəxri ad, əsl sənətkarı
dəyişdirmir
Müsahibimiz
ölkə başçısının Milli Musiqi
Günü ərəfəsində fəxri ad ilə
təltif etdiyi sənətkarlardan biridir. Söhbət
Ağdam rayonunun Zəngişalı kəndində,
musiqiçi ailəsində dünyaya göz açan
gözəl xanəndə Cabir Abdullayevdən gedir.
- Musiqi sədaları
altında böyümüşəm. Uşaqlıqdan bu
sənətə sevgini qardaşım Vahid Abdullayevin ifası
oyadıb. 10 yaşımdan böyük səhnələrdəyəm.
Sənətdə ilk addımlarımı Ağdamın “Qarabağ
bülbülləri” və “Şur” ansambılları ilə
atmışam. Mütəmadi olaraq dövlət
tədbirlərinə qatılır, xalq mahnıları,
muğamlar ifa edirdim. Böyüdükcə muğama olan sevgi
məndə günbəgün artırdı. Elə bu
həvəs məni Milli Konservatoriyaya gətirdi.
- Deyirlər, muğamı yalnız
qarabağlılar yaxşı oxuyur?
- Azərbaycanın
digər regionlarında da gözəl səsi, xoş avazı
olan muğam ustaları var. Amma muğamın beşiyi olan
Qarabağ Azərbaycan musiqisi Konservatoriyası olub. Musiqi meydanına
məhz oradan böyük sənətkarların
çıxması yəqin ki, o guşənin havasından,
suyundan, mühitindən asılı olub. Bunu sözlə
ifadə etmək çətindir. Məndən soruşurlar
ki, oğlunuzun səsi var? Mən də deyirəm ki,
asvaltın səsi olmur. İndiki uşaqlar asvalt
üstündə oynayır, yaşıllıqdan, ana
təbiətin gözəlliklərindən,
təbiiliyindən uzaqdırlar. Bu gözəlliklərdən
uzaqda nə təb olur, nə səs.
- Fəxri ad
alacağınızı gözləyirdiniz?
- Hər bir sənət
adamı təbii olaraq əməyinin bəhrəsini
görmək istəyir. Biz muğamı tək respublikada yox,
xarici ölkələrdə də təbliğ edirik.
Əcnəbilər muğam dinləməyi sevir,
ecazkarlığından zövq alırlar. Muğamın
sirli-sehirli aləminə düşən hər kəs onu bir
daha dinləmək istəyir.
Fəxri ad
almağımı gözləməyimə gəlincə
isə demirəm dağı-dağ üstə qoymuşuq,
amma bu sənətin təbliğində az da olsa, bizim də
əməyimiz olub. Əziyyətsiz heç nəyə nail
olmaq mümkün deyil. Mən də əziyyətlə bu
yerə gəlmişəm. Ona görə də
gözləmirdim desəm, yalan olar. Çəkdiyin
əziyyətin bəhrəsini görəndə adama xoş
təsir bağışlayır. Sənətkarın
sənətinə qiymət veriləndə onda işinə
olan maraq, həvəs daha da artır. Daha böyük
nailiyyətlər əldə etmək üçün
çalışır. Amma hər halda fəxri ad əsil
sənətkarda heç nəyi dəyişmir. Fəxri ad
alıb lovğalanmaq, insanlara yuxarıdan aşağı
baxmaq lazım deyil. Şəxsən mən elə həmin
sadə insanam, dəyişməmişəm.
Dəyişən bir şey varsa o da, bu adın insana verdiyi ruh
yüksəkliyi və məsuliyyətdir. Məhz elə bu
məsuliyyət sənətkarın daha çox yaradıcı
yeniliklərə imza atacağına zəmanət verir.
Mənə fəxri ad veriləndə övladlarım
məndən çox sevindi. Onların sevinci mənim
üçün bir dünyadır. Ailəm adından
ölkə başçısına, sənətə
dəyər verən hər kəsə öz
minnətdarlığımı bildirirəm. Dövlət
başçısının sənət adamlarına,
mədəniyyətə olan diqqət və
qayğısına görə atdığı hər bir
addımı bir vətəndaş olaraq
dəstəkləyirəm.
- Nədənsə ekranlarda az-az
görünürsünüz?
- Deməzdim az-az
görünürəm. Hər şey qədərində
olanda daha yaxşı olur. Biz də
tamaşaçılarımızı intizarda saxlamamaq
üçün, lazım gələndə televiziya
ekranlarından görünməyə
çalışırıq. Bildiyiniz kimi, Milli Konservatoriyada
muğamın tədrisi ilə məşğulam.
Başım da tələbələrimə
qarışıb.
- Bu gün Azərbaycan xalq
mahnılarına və muğamımıza olan
münasibəti necə qiymətləndirirsiniz?
- Demək olar ki, bir ara
muğam yaddan çıxmışdı. Amma bu gün
muğama xüsusi diqqət yetirilir. Bunun üçün
hər birimiz YUNESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevaya muğamın dirçəlməsi
yönündə gördüyü işlərdən
dolayı minnətdar olmalıyıq. Onun
mədəniyyətimizə diqqət və qayğısı
nəticəsində bu gün muğama sanki bir
qayıdış oldu. Gənclər arasında da muğama
böyük həvəs oyandı. Bu gün dövlət
tərəfindən muğam ifaçıları, milli
musiqimizin inkişafı üçün çalışan
sənətkarlara böyük qayğı var. Eşitdiyimə
görə, bir çox xanəndələr dövlət
tərəfindən mənzil ilə də təmin olunub.
Əvvəllər muğam sadəcə xanəndələr
tərəfindən qorunurdu, indi bu sahə
bütövlükdə xalq, dövlət tərəfindən
müdafiə olunur.
- Gənclər muğam ifa
edərkən ənənəvi formaya üstünlük
verirlər, yoxsa özləri muğama yeni bir tərz,
nəfəs gətirmək istəyir?
- Əslində kimin
qabiliyyəti nəyə çatırsa, o cür də oxuyur.
Götürək, “Zabul” muğamını. Bu eyni
şöbələrdən ibarət muğamdı. Amma
hər xanəndə bunu səsinə uyğun bir
tərzdə oxuyur. Hər səsin öz şirinliyi var, ona
görə də bu muğam hər ifaçıda bir cür
gözəl alınır. Hər
xanəndənin öz dinləyicisi var. Əgər ifanı
qəbul edib, hədsiz sayda bəyənən
tamaşaçı varsa, artıq şərhə
gərək yoxdur. Şəxsən mən
çərçivədən çıxmamaq
şərtilə muğama yeni nəfəs
gətirənlərin əleyhinə deyiləm. Bu da
inkişafın bir növüdür.
- Bugünkü
tamaşaçılarda musiqi zövqü də
rəngarəngdir.
- Bütün
musiqilərin kökündə yenə də muğam
dayanır. Bu gün “Seygah” muğamı üstündə,
hətta rep də deyirlər. Muğamı bir çox musiqi
janrı ilə sintez edirlər. Bu da muğamın
zənginliyinin göstəricisidir. Muğam Allah-
Təalanın xalqımıza bəxş etdiyi
tükənməz sərvətdir.
Bir dəfə
Sankt-Peterburqa yaxın bir adamın tədbirində idim. Orada
mənimlə bahəm başqa millətdən də olan
sənətçilər var idi. Məndən bir
bəstəkar mahnısı oxumağı xahiş etdilər.
Mən də Nisə xanım Qasımovanın repertuarından
“Yalan dünya” mahnısını ifa etdim. Bir nəfər rus
məndən oxuduğumun nə olduğunu soruşdu. Mən
bunun bəstəkar mahnısı olduğunu deyəndə, o
məndən mahnının sözlərinin tərcüməsini
istədi. Dedim vallah mən rus dilində yaxşı
bilmirəm, amma kömək etməyə
çalışaram. O mənə mahnının
sözlərini başa düşməsə də,
musiqidən təsirləndiynin bildirdi. Bu bir daha musiqimizin
zənginliyinin, gözəlliyinin göstəricisidir. Bir
vaxtlar hind mahnıları yaman dəbdə idi. Doğrusu,
sözlərini başa düşməsək də,
musiqisindən təsirlənirdik. Guya bu gün oxunan
əcnəbi mahnıları hamı başa düşür,
hamı, ingiliscə, ispanca bilir?. Doğru deyiblər, musiqinin
dili olmur. Musiqi gözəl olanda dil anlamadan, sözləri
başa düşmədən də o melodiyanı sevmək,
dinləmək olar. Bizim xalq da bir qədər həssas,
kövrəkdir, axı. Hələ qonaqpərvərliyini
demirəm. Başqa xalqlarda bu xüsusiyyətlər yoxdur.
Olduqca yüksək musiqi duyumuna və
mədəniyyətinə sahib olan xalqıq.
- Bu gün sevilən
xanəndələrimizin çoxunun yolu Opera və Balet
Teatrının səhnəsindən keçib. Siz niyə o
səhnədə görünmürsünüz?
- 10 yaşında olanda
ondan da böyük səhnələrdə olmuşam. Hər
zaman ifam və şəxsiyyətimlə müəllimimin
adını uca etmək üçün
çalışmışam. Doğrusu, məni bir
neçə dəfə oraya dəvət ediblər. Ora
böyük səhnə də olsa, nədənsə
məndə o səhnədə oxumağa həvəs
olmayıb. Amma orda işləməmək üçün
başqa bir səbəb, inciklik yoxdur.
- Gənclərin muğama olan
baxışını necə dəyərləndirirsiniz?
- Bu gün, hətta estrada
oxuyanlar da muğam öyrənmək istəyirlər. Onlardan
bir çoxu muğam ifa etmək üçün ustad
dərsləri almaqdan ötrü mənə müraciət
edib. Bu da yəqin ki, tamaşaçılarda muğama olan
həvəsin, tələbatın artması ilə
əlaqədardır. Hər bir janrda oxuyan
ifaçının muğamdan az da olsa, anlayışı
olmalıdır. Bu gün senzuraya böyük ehtiyac duyulur. Kim
nə istəyir yazır, oxuyur, sponsor hesabına klip
çəkdirib, bütün kanallarda yayımladır və
az bir müddətə məhşurlaşır. Pul ilə
efirlərdən düşmürlər. O ifaçılar
gəldi-gedərdi. Onlar heç vaxt musiqi tarixində
qalmayacaq. Estrada oxuyan gənc ifaçılardan Röyanın
səsini bəyənirəm. Yadınızdadırsa, Röya
xanım Heydər Əliyev adına Sarayda konsert verəndə
muğam da oxumuşdu. Konsertdə muğam ifa etmək
üçün mənə müraciət etdi və dedi ki,
tamaşaçılarımın məndən
gözləmədiyi bir mahnı ifa etmək istəyirəm.
Onunla “Külək məni yaralama” mahnısı
üzərində məşqlər apardıq. Konsertdə o
“Dilkeş” muğamı oxudu. Tamaşaçılar bu
ifanı o birilərdən daha çox alqışladı.
Həmin an bir daha muğamın böyüklüyünü
hiss edərək, muğamın ucalığı ilə
fəxr hissi keçirdim. Tamaşaçılar ondan belə
ifa gözləmirdilər. Onların
muğamı bu cür dəyərləndirməsi mənə
xoş təsir bağışladı. Bir məsələ
də var, hamı muğam oxuya bilməz, axı. Muğamı
yalnız ilk növbədə səsi, daha sonra duyan
ürəyi olana öyrətmək olar. Səsi olmayana
zorla muğam oxutdurmaq olmur. Estrada
müəğənnilərindən əgər muğam
oxumağa səsi olanlar varsa, onlara mane olmaqdansa,
dəstəkləməliyik. Elə xanəndələr var ki,
səsləri o qədər də zil deyil, ortadır amma
səsində şirinlik var, mahnını ürəklə ifa
edir. Onlar tamaşaçıların ürəyinə yol tapa
bilir. Xanəndəyə ilk olaraq səs lazımdır. Amma
elə xanəndə də var ki, səsi zil olsa da,
ürəyəyatımlı deyil. Mən gözəl
xanəndəmiz, müəllimim Arif Babayevin səsindən
zövq alıram. Onun gözəl ürəyi var. O gözəllik
səsində də özünü büruzə verir.
- Bir az da gələcək
planlarınızdan danışaq
- Bu yaxınlarda xalq
mahnıları və muğamlardan ibarət “Atasız
dünya” adlı yeni diskim işıq üzü görüb.
Disk dinləyicilər tərəfindən o qədər
xoş qarşılandı ki, daha bir yenisini hazırlamağı
planlaşdırıram. Noyabr ayında Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə bir qrup
sənətkarlarla Səudiyyə Ərəbistanına
səfərimiz nəzərdə tutulub. Son olaraq onu demək
istəyirəm ki, bundan sonra da muğamımızın
təbliği və dinləyicilər tərəfindən daha
çox sevilməsi üçün üzərimə
düşən öhdəlikləri yerinə yetirmək
üçün çalışacağam.
Yeni Azərbaycan.- 2007.- 10 oktyabr.-S.8.