Turan

 

Erməni həm musiqimizi oğurlayıb, həm də Polad Bülbüloglunu məhkəməyə verir

 

«Namərdi sonadək qovarlar»

 

Gevorkyan bildirib ki, bədii gimnastika üzrə Minskdə keçirilən yarışlarda onun musiqisinin sədaları altında çıxış edən azərbaycanlı idmançı Dinarə Gimatovaya öz əsərindən istifadə etmək hüququ verməyib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən plagiatlıqla bağlı səslənən ittihamlara gəlincə, Gevorkyan deyib ki, uzun və mənasız polemikaya girmək fikrində deyil və «Artsax» əsərinə olan hüquqlarını yalnız müəllif hüquqları üzrə beynəlxalq məhkəmədə isbat edəcək. Onun sözlərinə görə, bu mahnı 1998-ci ildə ABŞ Konqresinin kitabxanasında Ara Gevorkyanın müəllifliyi altında qeydiyyata alınıb. 1999-cu ildə «Artsax» əsərinin də daxil olduğu «Ani» albomu Amerikanın «ABŞ-da ilin ən yaxşı erməni albomu» mükafatına layiq görülüb.

Beləliklə, Gevorkyan «Oğru elə qışqırdı ki, doğrunun bağrı çatladı» prinsipilə fəaliyyət göstərir. Bu vəziyyətdə Azərbaycan tərəfi «Namərdi sonadək qovarlar» prinsipini əldə bayraq etməlidir.

Xatırladaq ki, qalmaqal bu il sentyabrın 15-də Rusiyanın ORT telekanalının «Buz dövrü» verilişində fiqurlu konkisürənlər Saşa Savelyeva və Aleksandr Saxnovskihin musiqi müşayiəti üçün azərbaycanlı bəstəkar Tofiq Quliyevin «Sənə də qalmaz» melodiyasını istifadə etmələrindən sonra yaranıb. Melodiya «Erməni rəqsi» adlandırılmış, bu isə Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Layihənin baş məşqçisi Aleksandr Julin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna bildirib ki, xoşagəlməz anlaşılmazlıq baş verib. Onun sözlərinə görə, melodiya 1999-cu ildə Amerikada buraxılan diskdən götürülüb.

Səfirlik hesab edir ki, mövcud fakt Azərbaycanın rəsmi orqanları və Tofiq Quliyevin varisləri tərəfindən müəllif hüquqlarını pozan Amerikanın EÜE RECORDS kompaniyasına və diskin prodüsserləri Ara Gevorkyan və Sarkis Bərbəryana qarşı iddia qaldırılmasına əsas verir.

 

Bakı xəbər.- 2007.- 10 oktyabr.- S. 6.