Ucal A.
İnsan
təkcə musiqimizi sevməyi yox, sevdirməyi də
bacarmalıdır”
Onun
haqqında danışanda həmişə “lirik
mahnıların mahir ifaçısı” deyirlər.
Qısa
tərcümeyi-hal:
1957-ci ilin 10
noyabrında Naxçıvan şəhərində anadan olub.
Orta məktəbi 1974-cü ildə Naxçıvanda bitirib.
Daha sonra Naxçıvan Pedaqoji İnstitutunun tarix
fakültəsinə daxil olub. 1981-ci ildə Rafiq Babayevin
rəhbərlik etdiyi simfonik orkestrdə işləmək
üçün dəvət alıb. Hazırda
da Rafiq Babayev adına studiyada işləyir. 1997-ci ildə “O
torpaqlar, haradan ki, biz gəlmişik” layihəsinin solisti kii
“Qremmi” mükafatçısı olub. 2001-ci ildə “Humay”
mükafatına layiq görülüb. 2003-cü ildə ilk
dəfə “Skruk” Norveç xoru ilə Azərbaycan
musiqilərini ifa edib. Ailəlidir. Üç oğul
atasıdır.
Onun haqqında
danışanda həmişə “lirik mahnıların mahir
ifaçısı” deyirlər. Ancaq bu hələ
hamısı deyil. O həm də musiqimizin mahir
təbliğatçısıdır. Kim bilir, bu günə
qədər onun səsi ilə musiqimizi
neçə-neçə insan tanıdı. Əslində
bunun üçün ona uzaq ölkələrə
getməyə də ehtiyac yoxdur. Elə Azərbaycanda da onun
səsinin işığına yığışanlar az
deyil. Müsahibimiz sevimli müğənnimiz İlqar
Muradovdur.
- Səhnəyə gəlişinizi
necə xatırlayırsınız?
- Mən uşaq yaşlarından
musiqi ilə məşğul olmuşam. 5 yaşında,
demək olar ki, pianinoda çalıb-oxuyurdum. Xalq
mahnılarını daha çox sevirdim. Bu həvəs
mənə anamdan keçmişdi. Anamın çox
gözəl səsi var. Elə indi də o oxuyanda
ağlayıram. Anamı musiqidə ilk müəllimim də
adlandıra bilərəm.
1972-ci ildə musiqi məktəbini bitirdim. Elə o ildən
də pionerlər evində dərnək rəhbəri kimi
işləməyə başladım. Sonrakı illərdə
Filarmoniyada işləməyə başladım. Filarmoniyada
fəaliyyət göstərməklə yanaşı,
dövlət konsertlərində də iştirak edirdim. 1981-ci
ildə isə mərhum Rafiq Babayev məni professional
səhnəyə dəvət etdi. Elə o ildən də
Azərbaycan musiqisinə xidmət edirəm.
- Bu gün musiqimizin uğurları
ilə yanaşı, problemlərindən də
danışırlar. Sizin bu məsələyə
münasibətiniz necədir?
- Təbii ki, son illər incəsənətə mənfi
təsirlər var. Musiqiyə də bilavasitə. Musiqidə bu
daha çox bayağı musiqilərin yayılması ilə
bağlıdır. Məncə, bu işdə özəl
televiziyaların, radioların da rolu az deyil. Mən çox
təəssüf edirəm. Ancaq bir tərəfdən də
sevinirəm ki, musiqimizi təmsil etməyə qadir olan
gənclərimiz yetişir.
- Sizcə musiqi insana hansı hissləri
aşılamalıdır?
- Bu gün həyatımızı musiqisiz təsəvvür
etmək mümkün deyil. Düzdür, hər kəsin
öz zövqünə uyğun musiqisi var. Ancaq bütün
hallarda musiqi insana yüksək hisslər
aşılamalıdır. Bir də mənə elə
gəlir ki, insan musiqini dinləməyi bacardığı
kimi, dərk etməyi də bacarmalıdır.
- Bu gün tamaşaçı
zövqünü daha çox kim formalaşdırır:
bəstəkar, yoxsa müğənni? Çünki bu
günün tamaşaçısı ilə dünənin
tamaşaçısı arasında kifayət qədər
fərq var...
- Yəqin sizin də
yadınızdadır ki, əvvəllər bədii şura
var idi və əgər belə demək mümkünsə,
zəif musiqiləri bu şuradan buraxmırdılar. Ona
görə də efirdə həmişə yaxşı
musiqilər səslənirdi. İstər xalq mahnıları
olsun, istər bəstəkar mahnıları... Bir növ
insanlar bu musiqilərdən tərbiyə alırdılar.
İndi təəssüf edirəm ki, bayağı
musiqilər çox geniş yayılıb. Üstəlik,
belə mahnılar daha çox reklam xarakteri
daşıyır. Bu da, təbii ki,
tamaşaçıların zövqünə mənfi
təsir göstərir. İndiki dövrdə bədii
şuraların yaranması nə qədər real ola bilər,
bilmirəm, ancaq hansısa yollarla bayağı musiqilər
aradan götürülməlidir. Çünki əsl
Azərbaycan musiqisi çox zəngin musiqidir.
Bəstəkar və ya ifaçı məsələsinə
gəlincə, məncə, burada heç kim kənarda
qalmamalıdır. Bəstəkar da, ifaçı da
yaxşı musiqi üçün
çalışmalıdır. Təbii ki, burada şairi
də unutmaq olmaz...
- Son vaxtlar mahnılar tez unudulur. Ancaq elə
mahnılarımız var
ki, neçə illərdir yaddan çıxmır. Yeri
gəlmişkən, sizin
yaradıcılığınızda da belə mahnıların
sayı az
deyil. Sizcə, bu, daha çox nə ilə bağlıdır?
Və ya burada informasiya
bolluğunun rolu nə qədərdir?
- Təbii ki, ilk növbədə keyfiyyətdən
çox şey asılıdır. Yaxşı musiqi
heç vaxt unudulmur, həmişə yaşayır. Məsələn,
bizim xalq musiqimizi götürək
və ya 60-cı 70-ci
illərin bəstəkar
musiqilərini... Mən düşünürəm
ki, bu musiqilər
həmişə yaşayacaq
və heç vaxt unudulmayacaq. Mənim repertuarımın da, demək olar ki, hamısı retro musiqilərdir. Ancaq dünənkilər
öz yerində, bu gün də
yaxşı musiqilər
olmalıdır. Digər tərəfdən,
informasiya bolluğu ilə bağlı dedikləriniz də doğrudur. Bu gün informasiya həddindən artıq çoxdur və bu çoxluqda yaxşı mahnıların
“itib getməsi” də təbiidir. Mənə elə gəlir ki, bu məsələdə
əsas sözü zaman deyəcək.
- Bu gün Azərbaycan musiqisinin dünya
musiqisindəki yeri nə qədərdir? Daha doğrusu, bu
gün musiqimizi kifayət qədər təmsil edə
bilirikmi?
- Mən
düşünürəm ki, bu gün Azərbaycan musiqisinin
geniş təbliğinə ehtiyac var. Çünki bizim
musiqimizə qulaq asanlar onun zənginliyini, dərinliyini hiss
edirlər. Hətta bir filosofun bu barədə bir sözü
var: “Əgər qeyri-azərbaycanlı Azərbaycan musiqisini
bir azərbaycanlı qədər dərk edə bilsə, o
ölə bilər”. Yəni bizdə o qədər zəngin
bir musiqi var. Bizdə, doğrudan da, Alim Qasımov musiqimizi
çox yüksək səviyyədə təbliğ edir.
Əzizə Mustafazadənin də bu sahədə
xidmətləri az deyil. Mənə elə gəlir ki, belə
musiqiçilər başqa ölkələrdə çox
olmalıdırlar.
Mənim də payımda müəyyən layihələr var.
Mən də dünyamiqyaslı layihələrdə
iştirak etmişəm. Məsələn, Tur Heyerdalın “O
torpaqlar, haradan ki, biz gəlmişik” layihəsi də belə
layihələrdəndir. Bu layihə dünyada çox
tanındı. 1995-ci ildə başladı, 1996-cı ildə
başa çatdı. 1997-ci ildə isə “Qremmi”
mükafatı aldı və üç ən yaxşı
layihədən biri seçildi. Brilyant xanımla mən bu
layihədə solist idik. Demək olar ki, onunla Norveçin
hər yerində çıxış etdik. Kaliforniyada
çap olunan “Qurban adına” albomum da bir növ bu
layihələrin nəticəsi idi. O albom təkcə Amerikada
yox, başqa ölkələrdə də çox geniş
yayıldı. Hətta bu gün də həmin albomla mənə
bağlı zəng edənlər, dəvət
göndərənlər var.
- İlqar Muradov bir insan kimi...
- Hər şeydən əvvəl mən insanları sevməyi bacarıram. Onların şəxsiyyətini
sevməyi, onların şəxsiyyətinə hörmət
etməyi bacarıram.
İstər evdə olsun, istər qonşuda olsun, istər iş yerində olsun... Harada olursa-olsun, insanların
şəxsiyyətinə hörmətim
var. Yəqin ki, insanlar da bunu
hiss edirlər.
- Öz-özünüzlə üzləşdiyiniz
məqamlar olurmu? Bunu, haradasa, bir peşmanlıq
və ya bir etiraf kimi
də qiymətləndirmək
olar.
- Əlbəttə olur. Hətta
mən deyərdim ki, çox olur... Məsələn, burada psixoloji
bir məqamı qeyd etmək istəyirəm. Bəzən elə
insanlar olur ki, sən onlara
hörmətlə yanaşırsan,
ancaq onlar bunu zəiflik kimi qəbul edirlər. Belə məqamlarda mən
özümü tənbeh
edirəm. Düşünürəm ki, bəlkə, haradasa səhv edirəm.
- Ailənizdə davamçılarınız
varmı?
- 3 oğlum var. Böyük
oğlum dövlət
məmurudur. Ortancıl oğlum universitetdə
oxuyur, axırıncı
kursdadır. Balaca oğlumun
musiqidə çox böyük istedadı
var. Ancaq o da hələ 5-ci sinifdədir.
Mən elə gəlir ki, musiqiçi olmaq şərt deyil. Əsas məsələ musiqini sevib, onu başa düşməkdir.
Onlar da musiqini həm
sevir, həm də başa düşürlər. Bu da məni qane
edir.
- Bir az da yaradıcılıq mətbəxiniz barədə...
- İşlər çoxdur.
Yeni mahnılar üzərində
işləyirəm. Yeni layihələr
var. Məsələn, bu
yaxınlarda Filarmoniyada
maraqlı bir konsert proqramı ilə çıxış
etməliyəm. Sonra bu konsert həm audio, həm video albom şəklində çap
olunacaq. Xarici səfərlər
gözlənilir. Moskvada bizi
bir konsertə dəvət edirlər.
Bir neçə ay bundan əvvəl royalla Hollandiya və Avstriyada konsertlər vermişdik. Oradan
da yeni dəvətlər var...
Zaman.- 2007.- 4-5 oktyabr.- S.6.