“Zirvə” VII Beynəlxalq

Yaradıcılıq Festivalında iştirak edib

 

2007-ci il sentyabr ayının 10-dan 16-dək Rostov vilayətinin Taqanroq şəhərində MDB-yə daxil olan dövlətlərin və Baltikyanı ölkələrin VII Beynəlxalq yaradıcılıq festivalı keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi əsasında həmin festivalda respublikamızı Şəki Mədəniyyət və Turizm şobəsinin Mirzə Fətəli Axundov adına Mərkəzi Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Zirvə" xalq instrumental ansamblı təmsil edirdi.

VII Beynəlxalq festivala böyük miqyasda təşkilati dəstək verilmişdİr. Festivalın təşkilinə Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyi, Rusiya Federasiyasının YUNECKO məsələləri üzrə komissiyası, Rusiya Dövlət Xalq Yaradıcılıq Evi, Daşınmaz Mədəni İrsin Mühafizəsi üzrə Dövlət Komitəsi, Rostov vilayətinin inzibati rəhbərliyi, Rostov vilayət Mədəniyyət Nazirliyi, Rostov vilayət Xalq Yaradıcılıq Evi cəlb olunmuşdur.

MDB-yə daxil olan dövlətlərin və Baltikyanı ölkələrin VII Beynəlxalq Xalq Yaradıcılığı festivalının keçirilməsində əsas məqsəd festival iştirakçısı olan ölkələrdə şifahi xalq yaradıcılığı ilə bilavasitə bağlı olan milli musiqinin, təsviri və dekorativ incəsənətin, habelə xalq tətbiqi sənət növlərinin dirçəldilməsi və kütləviliyinin artırılmasından ibarət idi.

Festivalın rəsmi açılışı Rostov şəhərində oldu. Ayrı-ayrı ölkələrin nümayəndə heyətləri xit-paratda iştirak etdilər.

Daha sonra Taqanroq şəhərində Beynəlxalq festival iştirakçıları tərəfindən geniş konsert proqramı düzənləndi. Şəkinin "Zirvə" xalq İnstrumental ansamblının çıxışları xüsusilə uğurlu alındı. Tamaşaçılar kollektivin ifasında səslənən milli musiqi nömrələrini, o cümlədən dünya xalqlarının musiqi çələngiııi sürəkli alqışlarla qarşıladılar.

Festivalın proqramına uyğun olaraq, Azərbaycanı təmsil edən nümayəndə heyəti Rostov vilayətinin Bataysk şəhərində solo konsert proqramı ilə çıxış etdi. "Zirvə" xalq instrumental ansamblının üzvlərinin yüksək peşəkarlıq və orijinal konsert repertuarı Bataysk şəhərinin minlərlə sakinini heyran etdi.

Rostov vilayətinin Taqanroq və Bataysk şəhərlərində olduğumuz zaman bizi hər yerdə xüsusi mehribanlıq və gülər üzlə qarşılayırdılar. Taqanroq şəhərində Rostov vilayətinin Mədəniyyət naziri festival iştirakçısı olan dövlətlərin nümayəndə heyətləri üçün rəsmi qəbul təşkil etdi. Həmin qəbulda əməkdaşımız Adil Abdullayev babasının 416-cı Taqanroq diviziyasının tərkibində, şəhərinin müdafiəsində iştirak etdiyini bildirdi. Qəbulda iştirak edənlərin hamısı tərəfindən rəğbətlə qarşılandı və onları riqqətə gətirdi.

Beynəlxalq festivaldakı uğurlu çıxışımız festivalın təşkilat komitəsinin xüsusi diplomu və Bataysk şəhər merinin təşəkkür məktubu ilə qiymətləndirildi.

 

Mədəniyyət.- 2007.- 5 oktyabr.- S. 5.