Ələddinqızı N.
Bu mükafat mənə
ömür, həyat verdi
Habil Əliyev Azərbaycan musiqi
sənətinin inkişafındakı xidmətlərinə
görə “İstiqlal” ordeni ilə təltif edilib
Azərbaycan xalq artisti, "Şöhrət" ordenli , kamança ustası Habil Əliyevin 80 illik yubileyi respublika səviyyəsində qeyd olunmaqdadır. Milli musiqi xəzinəmizə gözəl əsərlər bəxş edən və ifası ilə Qərb və Şərq ölkələrini gəzib dinləyiciləri heyrətləndirən ustadın yaradıcılıq irsi hər zaman diqqət mərkəzində olmuş, dövlət tərəfindən layiqli qiymətini almışdır. Habil Əliyevin orijinal ifa üslubundakı dəst-xətt onun sənətkarlıq xüsusiyyətlərini qabarıq şəkildə əks etdirən keyfiyyətdir.
Bu baxımdan, kamança ustası ifaçılıq sənəti tarixində məktəbini yaratmış və neçə-neçə musiqiçilər onun yaradıcılıq nümunələrindən bəhrələnərək sənətkar kimi yetişmişlər. Qeyd edək ki, musiqi tariximizdə Habil Əliyev novatorçu kimi imzasını atmışdır və ötən əsrin 40-50-ci illərində milli musiqimizə münasibət kəskin olduğu bir dövrdə, milli elementləri özündə cəmləşdirərək, kamanının səsi ilə Azərbaycanı, onun milli-mənəvi dəyərlərini əks etdirmişdir. Məlum həqiqətdir ki, o illərdə Azərbaycan musiqisində millilik arxa plana çəkilir, sovet realizmi prinsipləri əsasında dövrün ideologiyasını əxz etdirən və milli ideologiyadan kənar olan musiqilərin tariximizdə yer almasına cəhd göstərilirdi.
Habil Əliyev Azərbaycan xalqının kökü ilə bağlı olan dəyərləri kamançanın dili ilə səsləndirib, zamanın ab-havasını dinləyicilərə çatdırmaqda böyük məharət nümayiş etdirirdi. Azərbaycan muğamları, xalq musiqisi, rəqsləri, bəstəkar mahnıları onun repertuarının əsasını təşkil edirdi. Məhz musiqi sənətində öz nəfəsini hiss etdirən, müxtəlif mövzuları musiqinin dili ilə canlandırmağı bacaran bir sənətkarın yaradıcılıq yolu öyrənilir. Yaradıcılığının ən qaynar dövrlərini yaşayan və bu gün də dünya miqyasında sənətkar kimi böyük nüfuz qazanan Habil Əliyevin ifasına böyük ehtiyac duyulur. Ölkə Prezidenti İlham Əliyevin sənətkarın 80 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə onu "İstiqlal" ordeni ilə təltif etmişdir. Dövlətin sənətkara təqdim etdiyi bu ali mükafat, yubiley təntənəsini yaşayan Habil Əliyevin həyatında ən uğurlu hadisələrdən biridir:
- Prezidentin mənə təqdim etdiyi bu mükafat həyat və yaradıcılığında təkcə mükafat kimi qəbul olunmur. Səmimi deyim ki, bu mükafat mənə ömür və həyat verdi. Həqiqətən də, çox böyük sevinc hissi keçirdim. Belə humanizm, yüksək insanlıq nümayiş etdirən ölkə Prezidentimiz haqlı olaraq xalq tərəfindən sevilir, ehtiram göstərilir. Onun 80 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın mahiyyət və dəyərini ifadə etməkdə sözün gücü çatmır. Prezidentimiz hər zaman Azərbaycanın milli musiqisinə, mədəniyyətinə böyük qayğı və diqqət göstərmiş, istedadlı simaların yaradıcılığını yüksək qiymətləndirmişdir. Müasir dövrümüzdə Azərbaycan milli musiqisinə dövlət tərəfindən böyük qayğı vardır. Ölkə rəhbərinin ardıcıl olaraq mədəniyyət abidələrinin bərpa və təmiri, mədəni irsimizin qorunması, eləcə də, bu sahənin mütəxəssislərinin ali mükafatlara layiq görülməsi mədəniyyət və incəsənətimizə göstərilən diqqətin bariz nümunəsidir.
Onu da qeyd edim ki, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və layihələri əsasında milli musiqimizə göstərilən qayğı milli mədəniyyətimizin inkişafına yönəldilmişdir. Artıq dünya miqyasında Azərbaycan musiqisi layiqincə təmsil olunur. Azərbaycan mədəniyyət günlərinin dünya ölkələrində keçirilməsi, eləcə də, dünya dövlətlərinin Azərbaycanda musiqi günlərinin təşkil olunması, Azərbaycan milli musiqisinin dünyada tanınmasına yönəldilmişdir. Nə qədər Azərbaycan milli musiqisini, adət-ənənələrini öz adına çıxmaq iddiasında olan insanlar olsa da, düzgün istiqamətdə aparılan təbliğat, dərin köklər buna yol verməyəcək. Azərbaycan musiqisinə yönəldilmiş məqsədyönlü fəaliyyət milli xəzinəmizi yad elementlərdən kənarda saxlayacaqdır.
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının
15 illik yubileyi münasibətilə
onun bütün üzvlərini təbrik edirəm, ümummilli liderimiz
tərəfindən YAP yaradıldı
və İlham Əliyev cənabları bu gün Onun
siyasətini layiqli şəkildə davam etdirərək, partiyanın
sıralarını daha da
möhkəmləndirir. Ölkənin
bugünkü ab-havası gələcəyin
gözəl həyatını
açıq-aydın
əks etdirir. Mən ümidvaram ki, gələcəyimiz bundan da işıqlı
və parlaq olacaqdır. Bir daha ölkə
Prezidentinin imzaladığı
sərəncama əsasən,
"İstiqlal" ordeni
ilə təltif olunmağım münasibətilə
İlham Əliyev cənablarına öz dərin minnətdarlığımı
bildirib, qətiyyətlə
deyirəm ki, bu ali mükafat
təkcə mənim sənətimə deyil, bütövlükdə milli
musiqimizə verilən
qiymətdir.
Səs.- 2007.- 23 oktyabr.- S. 12.