Kəbutər

Yaşım mənə deyir ki, bəsdir

Habil Əliyev: Mahnını kim yaxşı oxuyursa, onundur

Onu həmişə Vahid Poeziya Evində görmüşük. Hətta bir dəfə qəzetimizdə çıxan tənqidi yazıya da öz kəskin etirazını bildirmişdi. İki gün ora baş çəkirik. Habil müəllim gözə dəymir. Nəhayət ki, ev nömrəsini tapıb zəng vururuq. Dəstəyi özü qaldırır. Habil Əliyevi “İstiqlal” ordeni alması münasibəti ilə təbrik edirik. Həmişəki məkanında tapmadığımızı biləndə gülür:

- Ta Vahid poeziya evinə getmirəm. Sağ olsun prezidentim ev verib, pəncərələri düz dənizə baxır. Oturmuşam bulvarı seyr edirəm.

- Şükür Allaha, Habil müəllim.

- Ona mənim canım qurban! Ta mənim üçün nə etməlidi? Xalqımın ən böyük mükafatı olan “İstiqlal”ını da mənə verdi.

- Habil müəllim, təltiflər insan ömründə nəyisə dəyişirmi?

- Bəlkə də cavansınız, ona görə fərqində deyilsiniz. Əslində təltif insanın mahiyyətini dəyişə bilməz, sənətkarlığına təsir göstərə bilməz. Amma insana sevinc bəxş edir, stimul verir, onun ömrünü uzadır. Elə bildim, mənə yeni ömür veriblər, yeni illər bağışlayıblar. Ürəyimdən o qədər arzular boy verib ki... (kövrəlir) Əslində mən çox iradəli adamam. Amma bu qədər qayğının-qarğaşanın içərisində sənin yaddaşda qalmağın adamın içini titrədir. Bu gün saat beşdə 80 illik yubileyimi qeyd edəcəklər dövlət səviyyəsində (yazı dünən hazırlanıb.müəllif). Daha bundan artıq sənətkara lazımdır?

- Habil müəllim, səhnədən gedəcəyinizi deyirdiniz. Bu gediş cavanlara məğlub olmağın etirafı deyilmi?

- Sən demaqoqluq edirsən?

- Yox, Allah eləməsin. Amma bu gün cavanlarla yaşlılar qarşıdurmasında birincilərin səsi daha uzaq ellərdən gəlir. Siz bir tərəfdən deyirsiniz ki, səhnədən gedirsiniz. Bu məğlubiyyət əlaməti deyil?

- Yox. Mənim oğlum da cavan nəslə aiddir. Amma gördünüz ki, səhnəyə çıxdı, birinci mahnısı ilə populyar oldu, sevildi səhnədən getdi. İndi siz fikirləşirsiniz ki, o məğlub oldu? Xeyr. Bu gün səhnəmiz elə bir bataqlığa çevrilib ki, ora çıxan hökmən həmən çamura bulaşmalıdı. Mənim oğlum da, öz övladım olduğu üçün demirəm, Allah hamının balasını saxlasın, çox istedadlı, savadlı oğlandı. Özü huquqşünasdı. Uzun illər səhnəyə çıxmasının qarşısını almışam, qoymamışam arzusunu reallaşdırsın. Axır bir dəfə anasına dedi ki, daha dözə bilmirəm, atama de icazə versin səhnəyə çıxım. Kasetini göndərmişdi mənə. İcazə verdim. Çıxdı bir-iki ilin içində qazandığı uğurları gördünüz. Amma bu günkü səhnə mənim oğlumun yeri deyildi. Sırğa taxan kişilər, çılpaq qadınlar daha necə iyrənc söhbətlər. Rəvan, axı, Habil Əliyevin oğludur. O belə mühitdə nəfəs ala bilməz. İndi kənardan mənim getməyimi məğlubiyyətə yozursunuzsa, bundan artıq danışıb özümün çənəmi, sizin başınızı ağrıtmayım.

- Razıyıq sizinlə. Elə məğlubiyyət var ki, qalib gəlməkdən ötədir. Amma yaşlı nəslin bir bəyənməzlik xəstəliyi var. Alim Qasımov da yeni-yeni səhnəyə çıxanda ən çox tənqid olunan ifaçı idi. Bu gün bir neçə ifa sahibi var ki, bütün günü yaşlılar onları yamanlayır.

- Yox e, qızım. Gəl, dava salmayaq. Biz həmişə özümüzdən güclü ifaçı görəndə sevinirik. Amma xalq mahnılarımız, muğamlar ki, var məsləhət olsaydı, onları babalarımız oranjimanla yazardılar. O mahnılar, muğamlarQurankimi müqəddəsdi, onlara əl vurmaq, avropalaşdırmaq olmaz. Onlara müdaxilə etmək, onların düzənini pozmaq deməkdi. Oranjiman həmin o musiqinin bakirəliyinə əl uzatmaq deməkdir. Biz heç kimlə davaya qalxmırıq, bunu demək istəyirik. Soyunurlar, dinmirik, kişilər sırğa taxır, saçını boyayır dinmirik. Necə geyinirlər, getsinlər geyimlərinə, həyat tərzlərinə oxşar mahnılarını da oxusunlar. Bizim onlarla işimiz olmaz. Amma müqəddəs bildiklərimizə toxunmasınlar.

- Daha vacib bir məsələ var gündəmdə. Ermənilər bizim musiqi irsimizi işğal edirlər. Siz vaxtilə kamançada möcüzələr yaratmaqla onu ermənilərin əlindən aldınız. Bu gün bizim musiqiçilərin ermənilərə gücü niyə çatmır? Axı, hamısı ucdantutma pis deyil.

- A bala, vallah, danışıb yenə başımı xataya salacam. Mən qorxan kişi deyiləm e. Amma həqiqəti deyəndə onu min yerə yozurlar. Bir dəfə televiziyadaSarı gəlin”in davası gedirdi. Diktor danışır ki, ermənilər mahnımızı öz adlarına çıxıb sair. Sonra göstərir iki azərbaycanlı ifaçı oxuyur. Dalınca da erməninin ifasını verir. Bizimkilər elə pinti, elə bayağı oxuyurlar ki, adamın əti tökülür. Ermənisə səliqə ilə bütün boğazları yerində, peşəkarlıqla ifa elədi. Ertəsi gün mən müsahibə verəndə dedim ki, belə peşəkar ifa ilə təbii ki, erməni o mahnını bizdən alacaq. Dünyanın harasında o ifanı eşitsələr, deyəcəklər ki, bu erməni mahnısıdır. Səviyyəsiz ifa ilə dünyanı inandıra bilmərik ki, “Sarı gəlin”in anası Azərbaycan xalqıdır. Başladılar yazmağa ki, Habil Əliyev deyir, erməniSarı gəlin”i daha yaxşı ifa edir. Mahnını kim yaxşı oxuyursa, onundur. Bunu mən demirəm e, dünya deyir. Ona görə , bizim ifamızda qüsur olmamalıdır.

- Ermənilərin aktivləşdiyi bir vaxtda sizin səhnədən getməyiniz yenə kamançanı sahibsiz qoymayacaqmı?

- O sarıdan narahat deyiləm. Kamançanın o qədər mahir ifaçıları var ki. Hamısı mənim balalarımdı. Bilirsən, necə qürurlanıram onları görəndə, ifalarını dinləyəndə. Şərt o deyil ki, gəncləri bir araya yığıb hər gün onlara dərs deyəsən. Açdığın cığırla kimsə gəlirsə, tökdüklərini kimsə yığırsa, deməli, sən elə müəllimsən. Düşünürəm o sənətkar özünə xoşbəxt deyə bilər ki, onun yeri səhnədə boş qalmayacaq.

- Sənətkar yaşa dolduqca həm püxtələşir. Sizsə, qərara gəlmisiniz ki, səhnədən gedəsiniz.

- Sənətkarın qocalmağı o demək deyil ki, çalğısını itirir. Sadəcə yaşım mənə deyir ki, bəsdir. Mənim yaşıdlarım artıq Hacıdır. Quranoxuyurlar, namaz qılırlar. Bunu düşünəndə düşünəndə ki, onların fonunda mən əlimə kamança alıb səhnəyə çıxıram, bir az utanıram. Həm bu yaşda kamançasız daha yaxşı görünürəm. Digər sənətlərdən fərqli olaraq musiqi cavanlıq sevən sənətdir. Musiqiçidən başqa qalan sənətlər yaşa dolduqca xətir-hörmət gətirir, musiqi adamı yüngülsaqqal edir.

- Həcca getmək fikriniz var, inşallah?

- Yox, inanmıram bu yaşda Həcc səfərinə tab gətirim. Dözmərəm, o yolu gedib-gəlməyə. Gedib oralarda ölüb eliyərəm. Qoy, öz torpağımda ölüm ki, qəbrim qalsın heç olmasa. Amma gözəl ziyarətdi, Allah istəyənlərin hamısına qismət eləsin.

- Cavanlıqda səfərlərdən qorxan olmamısınız.

- Əşi, o cavanlıq idi. Dünyanın hər yerini dolaşırdıq. Seyid Şuşinski deyirdi ki, Habili Azərbaycan kəndlərinin bütün itləri tanıyır, ona hürmürlər. O qədər ki, rayonlarda olmuşdum. İndi yaş o yaş deyil.

- Habil müəllim, həmişə qastrollarda, səfərlərdə hadisələr olur ki, onu ömrü boyu unutmursan. Bəlkə, bir yaddaşınızı qurdalayasınız.

- Ən əlamətdar hadisə dünən oldu. Cənab prezident mənim sənətkar ömrümün yekun qiymətini verdi. Mən həyatımda bundan əlamətdar hadisə xatırlamıram. O ki qaldı yaddaş məsələsinə. Nə olub yaddaşıma, namxuda. Bax, ötən il Vahid Poeziya Evində Şahin müəllim bizi tanış edəndə dedi ki, gələn il toyun olacaq. Mən də sənə söz verdim ki, sənin toyunda hökmən öz kamançamla qonaqları feyziyab edəcəm. Sözümün üstündə də dururam, nə vaxt toyuna çağırsan, mən hazır öz kamançamla.

- Şahin müəllim sizinlə zarafat edirdi. Allah qoysa, bir-iki ilə uşaqların toyuna gələrsiniz.

- Gör ha. Bir dəfə belə zarafatla qarşılaşmışam. İranda qastroldaydıq. Oranın məhşur bir musiqiçisi ilə məni tanış etdilər. Söhbət zamanı soruşdu ki, neçə yaşın var, mən doğulduğum tarixi dedim. Qayıtdı ki, mən 1340-cı ildə anadan olmuşam. Quruyub qaldım. Tez beynimdə hesabladım ki, həmsöhbətim Ələddinin cini kimi Allah bilir 600, 700 yaşın içindədir. Soruşdu olub. Dedim heç, göz dəyməsin, yaman cavan qalmısan.

Söhbətimizi beləcə şən notlarla tamamlayırıq. Habil müəllim bir azdan başlanacaq yubileyinə hazırlaşır. Biz ona bu təbrik yazısında 1340-cı ildə doğulmuş həmsöhbəti kimi, daim cavan qalmağı arzulayıb dəstəyi asırıq. Amma sonda oxucu onu tapmaca qarşısında qoyduğumuzu düşünməsin deyə, xatırladaq ki, İran İslam Respublikasında tarix hicri ilə hesablanır.

Yeni Azərbaycan.- 2007.- 24 oktyabr.- S.8.