Ustad sənətkarın
yubileyi qeyd edilmişdir
Barmaqlar tellərə toxunduqca dünyanın lal
sükutuna həzin, kövrək bir səs hakim kəsilir. Habil
Əliyev çalır, kamançanın
"köksündən" qopan həzin, kövrək musiqi
onu dinləyənləri məftun edir. Altmış ildən
çoxdur ki, Habil Əliyev bu yanğılı
çalğıları ilə hər bir dinləyicini
ovsunlamaqla yanaşı, Azərbaycan musiqisini də dünyada
tanıdaraq əcnəbilərə sevdirməyi də
bacarmışdır. Nadir istedadı, bənzərsiz yaradıcılıq
yolu, milli musiqimiz qarşısındakı misilsiz
xidmətləri ilə adını Azərbaycan musiqi
ifaçılığı sənətinin tarixinə
qızıl hərflərlə yazmış ustadın - xalq
artisti Habil Əliyevin 80 yaşı tamam oldu...
Prezident İlham Əliyevin sərəncamı ilə
"İstiqlal" ordeni ilə təltif edilmiş, xalq
artisti Habil Əliyevin 80 illik yubileyi oktyabrın 23-də
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
qeyd edilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın yubilyara
ünvanladığı məktub oxunmuşdur.
Gecədə mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, xalq şairi Zəlimxan Yaqub, xalq
artisti Arif Babayev, akademik Bəkir Nəbiyev, Milli Məclisin
deputatı professor Rafael Hüseynov və başqaları
çıxış edərək böyük
sənətkarın mənalı ömür yolundan, zəngin
yaradıcılığından söz açmışlar.
Bildirilmişdir ki, Habil Əliyev səksən il bundan
öncə mayın 28-də dünyaya göz
açmış, Ağdaş Musiqi Məktəbində
kamança ifaçılığından dərs
almış, 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı
adına Orta İxtisas Musiqi Məktəbinin kamança
şöbəsinə daxil olaraq görkəmli tarzən Qurban
Pirimovdan və məşhur müğənni Xan
Şuşinskidən muğam sənətinin sirlərini
öyrənməyə başlamışdır. Habilin
ifaçılığı bəstəkar Soltan
Hacıbəyovun da diqqətindən yayınmamışdır.
Bəstəkar, Habilin potensial imkanlarını
nəzərə alıb ona filarmoniyada işləməyi
məsləhət görmüşdür. Beləliklə,
Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında
fəaliyyətə başlamışdır.
Tədbirdə vurğulanmışdır ki, Habil Əliyevin
1961-ci ildə televiziyada ilk konserti onun
yaradıcılığında yeni bir dövrün
başlanğıcını qoymuşdur. Habilin
"Segah", "Bayatı-Qacar", "Bəstənigar",
"Bayatı-Şiraz", "Rahab",
"Bayatı-Kürd", "Çahargah",
"Rast", "Zabul" muğamlarına yeni kamança
həyatı verdiyi xüsusi qeyd edilmişdir.
Diqqətə çatdırılmışdır ki, ustad
sənətkar virtuoz ifaçılığı ilə
yanaşı, gözəl mahnıların da
müəllifidir. Onun bəstələdiyi 15-dən artıq
mahnı bu gün də tanınmış musiqiçilər
tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin
dünyanın böyük dövlətləri olan ABŞ,
Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan
muğamlarından və xalq mahnılarından ibarət
kompakt diskləri də buraxılmışdır.
Habil Əliyev sənətdə göstərdiyi
xidmətlərinə görə 1964-cü ildə
əməkdar artist, 1978-ci ildə isə xalq artisti fəxri
adlarına layiq görülmüşdür, Azərbaycan
Prezidentinin fərdi təqaüdçüsüdür. Yubiley
ərəfəsində Prezident İlham Əliyev ustad
sənətkarı "İstiqlal" ordeni ilə təltif
etmişdir.
Gecədə bildirilmişdir ki, sənət meydanına
çıxdığı gündən musiqi
mədəniyyətimizin ənənəsini inkişaf
etdirən Habil Əliyev Azərbaycan ifaçılıq
sənətinə "Habil segahı"nı bəxş
etmişdir. Sənətə ilk gəlişində
dinləyicilərə Habil Əliyev kimi təqdim edilən
böyük sənətkar artıq xalqımız
tərəfindən Habil Kaman kimi tanınır.
Yubiley gecəsində gənc ifaçılar geniş konsert
proqramı ilə çıxış etmişlər
Azərbaycan.- 2007.- 24
oktyabr.- S.8.