Bakıda Birinci Beynəlxalq "Qızıl payız" musiqi
festivalı davam edir
Qızıl payız
yarpaqları ilə bəzədilmiş, kövrək yağış
ovqatı yaradan çətirlər döşənmiş
səhnə. Bu romantik mənzərəni bir duyğu
yağışı kimi izləyən Vaqif Mustafazadə
melodiyalarının həzin sədaları və Bakı
görüntüləri... Bir də Beynəlxalq
"Qızıl payız" musiqi festivalının ikinci
günü.
Oktyabrın 5-də Teatr
Xadimləri İttifaqının tamaşa salonunda Azərbaycan
Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət
və Turizm, Gənclər və İdman nazirliklərinin
təşkilatçılığı ilə birinci
Beynəlxalq "Qızıl payız" musiqi festivalı
davam etdirilmişdir.
Musiqi bayramının
ikinci günü tamaşaçılar "Kamerata"
(Belarus) vokal qrupunun akapella musiqi kompozisiyası ilə
tanış olmuşlar.
Qrup
özünəməxsus orijinal improvizasiya, caz, estrada və
folklor ünsürlərindən məharətlə
istifadə edərək, rəngarəng proqram nümayiş
etdirmişdir. Belaruslu musiqiçilərin həzin, payız
ovqatlı, lirik, emosional çıxışları
alqışlarla qarşılanmışdır.
Bundan sonra
səhnəyə çıxan "Man Sound" (Ukrayna) vokal
qrupunun ifası da alqışlarla
qarşılanmışdır.
Bu qrup qərb
dünyasının mötəbər festivallarında
mükafata layiq görülmüş, Rusiya, Hollandiya,
İsveç, Norveç və ABŞ-da qastrol
səfərlərində olmuşdur.
Hələ
keçmiş SSRİ məkanında öz dəsti-xətti
ilə seçilən, dünyanın bir çox vokal
qrupları ilə rəqabətə girə bilən bu kollektivin
ifa etdiyi caz, folklor və estrada musiqisi Bakı tamaşaçıları
tərəfindən hərarətlə
qarşılanmışdır.
Beynəlxalq
"Qızıl payız" musiqi festivalı oktyabrın
6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında davam etdiriləcəkdir.
Respublika.- 2007.- 6 oktyabr.- S. 6.