Qızıl payız” başlayıb

 

Festivalın açılışında latviyalı qonaqlar da çıxış ediblər

 

"Abşeron" mehmanxanasında Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Qızıl payız" musiqi festivalı çərçivəsində Latviyanı təmsil edən "Kosmos" vokal qrupunun üzvlərinin mətbuat konfransı keçirilib.

Festivalın mətbuat və ictimai əlaqələr şöbəsinin müdiri Rövşən Sənanoğlunun təqdimatından sonra Bakı ilə tanışlıqdan məmnunluq duyan latviyalı musiqiçilər öncə qrup haqqında məlumat veriblər. Məlum olub ki, bu günə kimi "Kosmos"un 4 albomu işıq üzü görüb. İlk addımlarının onlara uğur gətirdiyini bildirən musiqiçilər qeyd etdilər ki, məşhur ifaçı Raymond Paulusun qrup haqqında rəyi onların Yurmalada keçirilən "Yeni dalğa-2004" beynəlxalq gənc ifaçılar festivalında iştirakına zəmin yaradıb və onlar ən çox səslə yarışmanın birincisi olublar.

Öz ölkəsində pop və rok musiqisi ilə akademik musiqinin müasir sintezini yaradaraq yeniliyi təcəssüm etdirən musiqiçilər Almaniya, Fransa, Belçika, ABŞ və digər ölkələrdəqastrol səfərlərində olduqlarını diqqətə çatdırdılar.

Mətbuat konfransının ardınca Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yuxarıda adı çəkilən qurumların təşəbbüsü ilə I Beynəlxalq "Qızıl payız" musiqi festivalının açılış mərasimi keçirilib. Musiqi bayramının açılışında Xalq artisti Rauf Babayevin rəhbərlik etdiyi "Qaya" vokal qrupunun və Azərbaycanın "Arena" orkestrinin ifasında festivalın himni səsləndirilib. Xatırladaq ki, himnin sözləri İsmayıl Dadaşova, musiqisi Rauf Babayeva məxsusdur. Daha sonra "Arena" orkestri caz musiqilərinin sintezi əsasında bəstələnmiş popurini ifa edib.

Tədbirin ikinci hissəsində Latviyanın "Kosmos" vokal qrupunun ifası dinlənilib.

Qeyd edək ki, ötən gün I Beynəlxalq "Qızıl payız" musiqi festivalı Teatr Xadimləri İttifaqının tamaşa salonunda davam etdirilib. Həmin gün "Man Sound" (Ukrayna) və "Kamerata" (Belarus) akapella və vokal qrupları çıxış ediblər. Xatırladaq ki, I Beynəlxalq "Qızıl payız" musiqi festivalına oktyabrın 7-də yekun vurulacaq.

 

Kaspi.- 2007.- 6-8 oktyabr.- S.17.