Mükərrəmoğlu M.
Bakı sirkində
Bakı Dövlət
Sirki tamaşaçıların çoxsaylı
müraciətlərini, geniş tamaşaçı
kütləsinin marağını nəzərə alaraq
Çin Xalq Respublikasının böyük heyətli
məşhur sirk proqramını Bakıya dəvət
etmişdir.
Dünən sirkin
direktoru Vaqif Bağırzadə yeni
proqramla bağlı mətbuat konfransı keçirdi. O
bildirdi ki, proqramın hazırlandığı Kayfın
Çinin qədim şəhəri, yeddi şah nəslinin
paytaxtıdır. Məhz bu şəhər minillik Çin
sirki ənənələrinin mərkəzi sayılır
və hazırda bu sahədə ölkənin ən
yaxşı dördlüyünə daxildir. Yeni proqramın
direktoru Van Sinmindir.
Proqramda orta yaşı 18 olan dünyanın 30
ölkəsində uğurla çıxış etmiş
35-dən artıq sirk artisti iştirak edir.
Çinin məşhur “Qızıl şir əfsanəsi”
attraksionu bu ölkə sirkinin ən effektli nömrəsi hesab
olunur və onsuz bir dənə də olsun Çin proqramı
təşkil olunmur. Nömrədə bir neçə artist
iştirak edir, onlardan bəziləri adətən iki
nəfər olmaqla şiri, digərləri isə şirin
təlimçisini oynayırlar. Şirlər rəqs
eləyir, əsl akrobatlar kimi
atılıb-düşürlər, böyük şarlar
üzərində dayanaraq çətin balans trükləri
edirlər.
Proqrama bundan başqa, “boşqabların fırlanması”,
“sehirli halqa”, “şən aşbazlar”, “uçan şlyapalar”,
velosipeddə çətin kompozisiyalar və digər
nömrələr, o cümlədən
əhilləşdirilmiş heyvanların və şən
klounların nömrələri də daxildir.
Proqramı melodik musiqi, artistlərin yüksək
ustalığı fərqləndirir. Artistlər bir
nəfəsə işləyir, ən çətin
trükləri cəld və dayanmadan yerinə yetirirlər.
“Qızıl şir əfsanəsi” müxtəlif yaş
kateqoriyalarının marağı nəzərə
alınmaqla, hər şeydən əvvəl, ailəvi
tamaşaçılar üçün nəzərdə
tutulub.
Tamaşalar sabit olmayan qrafiklə əsasən saat 15.00 və
19.00-da, məktəblilərin tətil günlərində
isə əlavə olaraq saat 12.00-da nümayiş
etdiriləcək.
Xalq qəzeti.- 2007.- 21 oktyabr.- S.5.