Peşəkarlıq, istedad, populyarlıq və
təcrübə
Fərhad
Bədəlbəyli: Biz “Eurovision” müsabiqəsinə
qatılırıqsa, gərək, futbolçularımız
kimi çıxış etməyək
Bakı Musiqi
Akademiyasının rektoru, xalq artisti Fərhad
Bədəlbəyli APA-ya mühasibə verib
- 2008-ci ildə “Eurovision”
müsabiqəsində iştirakı artıq rəsmən
təsdiqlənən Azərbaycanın təmsilçisi
hansı ölçülərə cavab verməlidir?
- “Eurovision”da iştirak
etmək üçün peşəkarlıq, istedad,
populyarlıq və təcrübə tələb olunur. Təcrübə vacib bir məsələdir,
çünki həmin müsabiqədə təcrübəli
ifaçılar çıxış edirlər. 2006-cı
ilə Rusiyanı təmsil edən Dima Bilan çox
təcrübəli idi. Çox gənc ifaçının bu
müsabiqədə iştirak etməsi bir tərəfdən
yaxşıdır, ancaq digər tərəfdən
qorxuram ki, təcrübəsiz adam belə böyük
səhnədə özünü itirə bilər.
- Necə bilirisniz, Azərbaycanı
layiqincə məhz kim təmsil edə bilər?
- Mənim
üçün ən yaxşı variant bu
müsabiqədə Brilliant Dadaşovanın “Vağzalı”
kompozisiyası ilə iştirakıdır. Özü də
bu kompozisiyanı mən nağara çalanlarla bir yerdə
görürəm. Brilliant xanımın bu ifası
yüksək səviyyədədir. İkinci variantım
isə Sevda Ələkbərzadədir. Biz “Eurovision”
müsabiqəsinə qatılırıqsa, onda gərək
futbolçularımız kimi çıxış
etməyək. Bu, biabırçılıqdır!
Mədəniyyətdə, səhnədə bu
biabırçılığı təkrarlamaq olmaz.
- Siz Azərbaycanın ilk
təmsilçisindən nə gözləyirsiniz?
- İlk
növbədə, normal çıxış etmək
lazımdır. Musiqidə bizim imkanlarımız çoxdur.
Bu müsabiqədə iştirak və çıxış
etmək çox məsuliyyətli işdir. Ona görə
hesab edirəm ki, Azərbaycan bu müsabiqədə ən
istedadlı ifaçı ilə təmsil olunmalıdır.
- Niyə Fərhad
Bədəlbəyli təmsilçinin seçilməsi
üçün keçirilən seçim turlarında
münsiflər heyətində təmsil olunmur?
- Münsiflər
heyətinin üzvü olmalı idim. Məni dəvət
etdilər, ancaq Çexiyaya səfər etdiyim
üçün iştirak edə bilmədim.
- Bu gün Azərbaycan
estradasının ən məşhur simaları bu seçim
turlarına qatılmayıb...
- Seçim turlarında
iştirak edən ifaçıları o qədər də
yaxşı tanımıram. Mən Röyanı,
Brilliantı, Sevdanı tanıyıram, çünki onlar
məharətlərini və peşəkarlıqlarını
göstəriblər. İndi təmsilçilik uğrunda
mübarizə aparan bu cavanlara qulaq asmamışam, onların
ifası ilə tanış deyiləm. Bəlkə də onlar
istedadlı uşaqlardır?! Mənim fikrimcə, bu
müsabiqədə təcrübəli adamın
çıxış etməyi daha yaxşı olardı.
Məsələn, Brilliant, Sevda və ya Röya kimi.
Onların səhnə təcrübəsi var. Yenə
təkrar edirəm ki, təcrübəsiz adamı
səhnəyə çıxarmaq olmaz. Mən bir sənət
adamı kimi bildirirəm ki, birdən-birə o cür
səhnəyə çıxmaq olduqca çətindir.
Hətta peşəkar insan da özünü itirə
bilər.
- Sizin saydığınız bu
təcrübəli ifaçılar isə seçim
turlarında iştirak etməkdən imtina ediblər...
- Əlbəttə,
peşəkar və təcrübəli ifaçının
cavan uşaqlarla birgə təmsilçilik uğrunda
yarışması etikaya sığmır. Adlarını
sadaladığım ifaçıların disklərinə
qulaq asmaq olardı.
- Bir çoxlarının
fikrincə, “Eurovision”da aşağı səviyyəli
ifaçılar çıxış edir...
- Mən bilirəm ki, bu
müsabiqə ətrafında hay-küy olduqca çoxdur.
Həmin müsabiqənin keyfiyyəti, səviyyəsi məni
də qane etmir. 2006-cı ildə birinciliyi Finlandiyanı
təmsil edən, səhnəyə bədheybət
şəklində çıxan rok qrupa verdilər. Onların
birinciliyi biabırçılıq idi. Mən o qrupa heç
səhnə də verməzdim. Belə məsələlər
müsabiqənin səviyyəsini aşağı salır.
Görünür ki, müəyyən siyasi problemlər
də var. Orada məhz hansı kriteriyaların
üstünlük təşkil etdiyini bilmirəm, hər halda
o finlərə qulaq asanda adam dəhşətə gəlirdi.
Amma onlar qalib oldular.
- Türkiyə son iki ildə ən
yüksək səsi Ermənistana verir. 2008-ci ildə
Azərbaycan təmsilçisinin ən azı
Türkiyədən dəstək alacağına
inanırsınız?
- Əlbəttə.
ABŞ Konqresinin qərarından sonra Türkiyədə
başa düşürlər ki, dost ilə düşməni
ayırmaq lazımdır. Onlar başa düşürlər
ki, hər sahədə, o cümlədən futbolda,
musiqidə daim sonsuz bir mübarizə gedir. Türkiyənin
iki il səsini Ermənistana verməsi məni çox
təəccübləndirdi. Məncə, indi vəziyyət
çox dəyişib. Ona görə də, Azərbaycan
iştirakçısının Türkiyədən
dəstək alacağına inanıram.
- Azərbaycan nümayəndəsi
daha hansı ölkənin dəstəyinə ümid edə
bilər?
- Ukraynadan da səs ala bilərəik. Məsələnin o biri tərəfinə
qalsa, əslində
biz öz gücümüzlə
ölkəmizi tanıtmalıyıq,
heç kimin dəstəyi bizə lazım deyil. Mən 1968-ci ildə Portuqilayada olanda Azərbaycanı heç kim tanımırdı.
Mən o
səhnədə Azərbaycan
musiqisini, sənətini
nümayiş etdirdim.
İndi də ilk növbədə
istedadlı olduğunu
sübut etmək lazımdır. İfaçının gözəl səsi olmaqla yanaşı, özünü təqdim etmək bacarığı
da vacib amildir.
Yeni Azərbaycan.- 2007.- 19 oktyabr.- S.8.