Lalə D.
Saz məktəbi
Kitabın
çapında məqsəd sazı peşəkar
səviyyədə öyrətməkdir
Qarabağ
nəşriyyatında "Saz məktəbi" adlı
dərslik çapdan çıxmışdır.
Azərbaycan Mədəniyyyət və Turizm Nazirliyi musiqi
təhsili üzrə tədris-metodik kabinetinin qərarı
əsasında çap olunmuş bu kitab orta ixtisas musiqi və
incəsənət məktəblərinin saz aləti
üçün dərslik vəsaiti kimi nəzərdə
tutulmuşdur.
Bu kitab xalq artisti, Milll
Konservatoriyanın rektoru Siyavuş Kərimi, Konservatoriyanın
alimləri: Azərbaycan aşıq musiqisinin araşdırıcılarından
olan musiqişünas alim Akif Quliyev və aşıq
sənətinin bilicisi Mübariz Əliyevin birgə
əməyinin məhsuludur.
Qədim aşıq
sənətinin qorunub saxlanılması ilə yanaşı,
müasir zamanda və gələcəkdə də inkişaf
etdirilməsi üçün əvəzsiz töhfə olan
bu kitab min nüsxə tirajla çap olunmuşdur.
Konservatoriyanın rektoru
S.Kərimi Azərbaycan musiqi pedaqogikası təcrübəsində
ilk dəfə olaraq professional səviyyədə çap
olunan kitabın davamlı olaraq, texnikum, institut və
Konservatoriya üçün dərsliklər
səviyyəsində də işlənib
hazırlanacağını bildirmişdir.
Kitaba filologiya elmləri
doktoru Məhərrəm Qasımlı,
sənətşünaslıq namizədi, professor Vaqif
Əbdulqasımov və başqaları rəy
vermişlər.
Kitabın redaktoru
sənətşünaslıq doktoru, professor Tariyel
Məmmədovdur.
Ötən həftə H.Sarabski adına 7 saylı musiqi məktəbində kitabın təqdimetmə mərasimi keçirildi.
Tədbiri Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev giriş sözü ilə açaraq bildirdi ki, bu gün çox müqəddəs bir bayramdır. Şifahi xalq ədəbiyyatımızın, sənət və musiqi yaddaşımızdan təmizlənib keçən və günümüzədək gəlib çatan, yüksək musiqi nümunəmiz sayılan aşıq sənəti musiqimizin təntənəli səhifələrindən biridir. Son illər Azərbaycan musiqisinə olan təcavüz artıq son həddə çatıb. Amma sevindirici haldır ki, Azərbaycan musiqi alətlərinin «anası-atası» sayılan saza hələ ki, sahib çıxa bilməyiblər. Saz 21-ci əsrə qalibiyyətlə - alnıaçıq, üzüağ gəlib.
Nazir müavini eyni zamanda onu da qeyd etdi ki, bu il Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəbləri üçün öz hesabına dərslik çap edib və kitab musiqi məktəblərinə hədiyyə edilib.
Ədalət müəllim təqdimatın müqəddəs Ramazan bayramı ərəfəsində keçirilməsini xoş hadisə kimi qiymətləndirdi. Kitabın müəlliflərini və tədbir iştirakçıları təbrik etdi.
Sonra sözü kitabın müəllifi, xalq artisti, professor, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimiyə verdi.
Səyavuş Kərimi bildirdi ki, kitabın çap edilməsində məqsəd odur ki, saz da tar aləti kimi peşəkar musiqiyə qədəm qoysun və dünyanı dolaşsın.
Sonra söz Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabova verildi. O, bu günü tarixə düşən gün kimi dəyərləndirdi. Eyni zamanda aşıq havalarının fortepiano ilə işlənməsi təklifini irəli sürdü. Arzu etdi ki, bu kitabın nüsxələri çoxalsın və yüksək tirajla çap olunsun. O, aşıq siniflərində təhsil alan tələbələri təbrik etdi.
Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı səbəbkarları təbrik edərək xüsusi vurğuladı ki, Qarabağa qayıdan yol Koroğlu ruhundan keçir. Və arzuladı ki, bütün musiqi ictimaiyyəti bu sənətin təbliğinə qoşulsun.
«Musiqi dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədli Azərbaycanın milli kimliyi sayılan saz sənətini yüksək qiymətləndirənləri təbrik etdi.
Tədbirin sonunda musiqi məktəbinin şagirdlərinin ifasında
saz musiqisi səsləndirildi.
Kino+.- 2007.- 3 oktyabr.- S. 4.