Azərbaycanda İnsanda insanı sev! deyən Mövlana Cəlaləddin Rumi günləri başa çatmışdır

 

AzərTAc xəbər verir ki, oktyabrın 25-də Azərbaycan Dövlət Opera və Balet Teatrında AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və Türkiyənin Konya Böyükşəhər Bələdiyyəsinin birgə təşkil etdikləri "Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri"nin bağlanış mərasimi keçirilmişdir.
Tədbiri AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov açaraq, insanlığın böyük şairi və dünyanın böyük insanı olan, "İnsanda insanı sev!" kəlamının sahibi, 800 ildir ki, Yer üzündə eşq, barış və sülh carçısı kimi tanınan ölməz və əbədi Mövlana Cəlaləddin Ruminin beş gündür öz iman və elm işığını Azərbaycan günəşinin işığına qatdığını söyləmişdir. Natiq qeyd etmişdir ki, bu nurun, bu işığın təsiri hələ uzun müddət bizi tərk etməyəcəkdir.
R.Hüseynov qeyd etmişdir ki, dünya fəlsəfə tarixinin böyük şəxsiyyətlərindən olan Hegel Mövlananı dünyanın ən müdrik insanı adlandırmışdır. Alman şairi İ.V.Höte də Mövlananı dünyanın böyük şairi kimi qiymətləndirmiş, hətta özünün də onun böyüklüyünə həsəd apardığını söyləmişdir.
Rəvayətə görə, Mövlanadan ustadı Şəmsi Təbrizi haqqında soruşanda: "O, mənim bildiklərimi görür" demişdir. Şəmsi Təbrizidən Mövlana haqqında soruşduqda isə: "O, mənim gördüklərimi bilir" deyə cavab vermişdir.
Tədbirdə çıxış edən elm və ədəbiyyat xadimləri bildirmişlər ki, Mövlana türk oğlunun təkcə böyük hərb taktikasının yaradıcısı və daşıyıcısı, müharibələr allahı deyil, həm də hikmət və elm dünyasının təməlini qoyan, ədəb və mərifət dəryasının qəvvası ola bildiyini dünyaya sübut etmişdir.
Qeyd edilmişdir ki, 1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində doğulan Mövlananı tale sonradan Konyaya gətirmişdir. Mövlana təkcə türk deyil, islam dünyasının, bütünlükdə isə bəşəriyyətin fikir adamı statusunu almış dahi şəxsiyyətlərdəndir. Elə buna görə də YUNESKO-nun xətti ilə 2007-ci il "Dünyada Mövlana Cəlaləddin Rumi ili" adlandırılmışdır.
Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müdrik siyasəti ardıcıl davam etdirən Prezident İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizə göstərdiyi qayğı və diqqətdən də söhbət açılmış, mədəniyyətimizdəki yüksəlişin geniş vüsət almasına görə onlara təşəkkür edilmişdir.
Mövlana tədbirlərinin mütəşəkkil təşkili və dəstəyi üçün Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tədbirin təşkilatçısı, professor-doktor, əməkdar incəsənət xadimi, tanınmış rejissor Tofiq İsmayılov, Türkiyənin Konya Böyükşəhər Bələdiyyəsi mədəniyyət və sosial işlər şöbəsinin müdiri Ercan Uslu, İrandan gəlmiş qonaq Ələsgər Şeirdust və digər təşkilatçılara xüsusi mükafatlar və "Məsnəvi"nin nəfis şəkildə çap olunmuş nüsxələri bağışlanmışdır.
Mərasimin ikinci hissəsində İran Xoreoqrafiya Qrupunun ifasında "Oyanan eşq" tamaşası nümayiş etdirilmişdir. Tamaşada Mövlananın həyatı uşaqlıqdan, son nəfəsinə qədər canlandırılmışdır. Hisslərin tərənnümü olan, dərin psixoloji, ritmik rəqslərin təsir gücü tamaşaçıları valeh etmişdir. Tamaşa sürəkli alqışlarla qarşılanmışdır.
Bununla da 5 gün davam edən, yaddaşlarda şimşək kimi çaxan, həyata ümid, oyanış, inam bəxş edən "Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri" başa çatmışdır

 

Azərbaycan.- 2007.- 26 oktyabr.- S.5.