Məhərrəmova T.

 

Hər insan özü üçün nağıl uydurmalıdır

 

Əməkdar artist Səfa Mirzəhəsənovun fikrincə, belə olmasa həyat mənasını itirər

 

Aktyorun həyatı ilə yaradıcılığı arasında səd çəkmək, sərhəd axtarmaq əbəsdir. Bu fikri bütün aktyorlara şamil etmək olmasa da çoxları haqqında demək mümkündür. Belə aktyorların həyatları sənətlərini, sənətləri isə həyatlarını tamamlayır. Çünki onlar həyatlarını səhnəsiz təsəvvür edə bilmirlər.

Əməkdar artist Səfa Mirzəhəsənovun da ən böyük arzuları teatrla bağlıdır.

 

- Sizcə aktyorlar oynadıqları mənfi qəhrəmanlara necə haqq qazandırırlar?

- Bu, bir qədər çətin sualdır. Ümumiyyətlə, mənfi qəhrəmanları oynamaq müsbət rolları oynamaqdan daha çətin maraqlıdır. Çünki bu cür obrazlar vasitəsilə daha çox söz deyə bilirsən. Onu da deyim ki, mən Elçinin Rus Dram Teatrında səhnələşdirilmiş əsərlərinin çoxunda oynamışam. "Mənim sevimli dəlim", "Poçt şöbəsində xəyal", "Qatil" tamaşalarındakı qəhrəmanlarım maraqlı insanlar olub. Tamaşaçılar da bu rolları seviblər. Həmçinin bu obrazlar məni xalqa tanıdıb.

- Oynadığınız obrazlara xarakterinizdən nəsə əlavə edirsinizmi?

- Yox, xaraktercə tamamilə başqa adamam. Düzdür, müəyyən mənfi qəhrəmanları oynayıram. Başa düşürəm ki, onlar pis adamlardır, insanlarda nifrət oyadır həyatda belə olmaq lazım deyil. Həmişə yaxşılıq etməyə çalışıb insanların yaddaşında qalmalısan. Həyatda ən yaxşı şey budur.

- İstər-istəməz hər gün gerçək həyatda çoxlu problemlərlə, insanı narazı salan müxtəlif məqamlarla qarşılaşırıq. Bu cür problemlər səhnədə gözə görünmədiyi üçün bütün gününü teatrda keçirmək istəyənlərə haqq qazandırırsınızmı?

- Artıq 28 ildir ki, bu teatrın səhnəsindəyəm. Teatr İnstitutuna daxil olduqdan sonra Rza Təhmasib, Mehdi Məmmədov, Cənnət Səlimova kimi görkəmli sənətkarlardan dərs almışam. Onlar mənə sənətimi sevdiriblər. Mən həyatımı teatra həsr eləmişəm. Mən böyük nümayişlərə, restoranlara, səs-küylü məclislərə getməyi xoşlamıram. Yəqin ki, bu, bütün ömrüm boyu belə davam edəcək. Ancaq mənim üçün teatrsız həyat yoxdur. İstəmirəm ki, bu sözlərim pafos kimi səslənsin. Teatra bağlanan adamlar belə düşünürlər. Hətta elələri var ki, teatrı birinci evi sayır.

- Siz həyatınızı teatra həsr etmisiniz. Bəs əvəzində teatr sizə verib?

- Sizə belə bir həqiqəti deyim: bu, ani bir sənətdir. Biz özümüzdən sonra nəsə qoyuruq. İndi tamaşanı lentə çəkmək mümkündür. Əlbəttə, teatra sadiq olan aktyor verdiyindən az qazanır. Mən öz oynadığım rollarla fəxr edə bilərəm. "Təhminə Zaur"da Zaur, "İblis"də Arif, "IV kral Georq"da Georq rollarını, eləcə "Lənkəran xanının vəziri", "Kral Lir" s. tamaşalarda oynamışam. İndiyə qədər oynadığım bundan sonra da oynayacağım rollar mənim üçün hər şeydir. "Fərhad Şirin"də Xosrov şahı oynamaq həmişə arzum olub. Mənə elə gəlir ki, bu rol mənə taleyin hədiyyəsidir. Xosrov şahı oynamaq elə bilirəm ki, yaradıcılığımda zirvədir. Hələ ümid edirəm ki, Azərbaycan yazıçılarının çoxlu pyeslərində, rus klassiklərinin xarici dramaturqların əsərlərində oynayacağam. Yenə yaxşı rollar gözləyirəm. Əsas o deyil ki, maddi cəhətdən təmin olunasan, mənəvi cəhətdən təmin olunmaq lazımdır. Mənəvi cəhətdən zəngin həyat daha yaxşıdır. İnsanlar var ki, bu barədə heç fikirləşmirlər. Mənsə teatra olan məhəbbətimdən mənəvi zövq alıram.

- Dediniz ki, görkəmli sənətkarlardan dərs almısınız. Yəqin ki, onda gənclik xəyallarınız da başqa idi. Tələbələrlə dolu auditoriya, Rza Təhmasib, Mehti Məmmədov kimi sənətkarlara dikilən maraq dolu baxışlar, bitib-tükənməyən öyrənmək həvəsi...

- Düzdür, biz başqa cür yaşayırdıq. İndiki gənclər daha çox riskə getməyi xoşlayırlar. Həm onların geniş imkanları var. O vaxt biz bu cür imkanlardan məhrum idik. Məsələn, Moskvaya gedib hər hansı diski alıb gətirib baxmaq mümkündür. Onda mühit başqa idi. İlk öpüş kimi... İndi o yoxdur. İndi tamam başqa zamandır, maraqlar da, dəyərlər dəyişib. Bizim nəslin artistləri azdır. İndi isə müğənnilər kimi artistlərin sayı da çoxalıb. Bizim sevimli müğənnilərimiz var idi: Şövkət Ələkbərova, Sara xanım, Zeynəb Xanlarova, Elmira Rəhimova. Amma indikilər əsasən bir müğənnini, məsələn Aygün Kazımovanı tanıyırlar. Həmişə fikirləşmişəm ki, istedad istedaddır. Yaxşı artistlər həmişə olacaq. Əsas odur ki, işini sevəsən, ona məhəbbətlə yanaşasan.

- Maraqlıdır, müəllimlərinizin sizin haqqınızda fikri necə idi? Deyirdilərmi, yaxşı aktyor olacaqsınız?

- Biz oxuyan vaxt kursda cəmi 8 tələbə- 2 oğlan, 6 qız təhsil alırdı. Təəssüf ki, məndən başqa onların heç biri aktyor olmadı. Kimisi Rusiyaya, kimisi Amerikaya, biri Avstraliyaya getdi. Yeganə olaraq mən özümü bu sənətə həsr elədim. 3-cü kursda oxuyanda bu teatra gəldim. O vaxtdan da teatrdan ayrılmadım.

- O vaxt üz tutduğunuz bu teatr qapılarını üzünüzə asanmı açdı?

- Deyə bilmərəm ki, ilk aylarda böyük rollar oynadım. Sonradan aldığım rollarıma görə Şarovskiyə minnətdaram. O, elə o vaxtdan mənimlə işləyir. O, bir tamaşada aktyorun yerinə məni daxil elədi. Həmin tamaşada Xalq artisti Lyudmila Duxovnaya ilə tərəf-müqabil oldum. Bu, mənim sonrakı baş rollarım üçün başlanğıc idi. Sonra baş rollar dalbadal bir-birini əvəz elədi.

Bu rollardan əlavə çoxlu nağıllarda oynayırıq. Bizim teatrda çox gözəl nağıllar tamaşaya qoyulur. Onların da hamısında baş rolda oynamışam. Təbiətcə elə adamam ki, nağılları sevirəm. Uşaq vaxtı kitab mağazasına gedib kitab alır, nağıllar oxuyurdum. Ona görə bütün nağılları əzbərdən bilirdim. Andersonun nağıllarını çox xoşlayırdım. Nağıllar mənimçün indi maraqlıdır. Bu yaxınlarda "Caz klub"da dostumun ad günündə iştirak edərkən bir qadın mənə yaxınlaşaraq "Mənim uşaqlarım sizin nağıllardan tərbiyə alıb", - dedi. Bu sözlər məni çox sevindirdi. Təəssüf ki, indi yaşla əlaqədar bu rollarda çox oynaya bilmirəm. Ancaq yenə maraqlı bir rol təklif etsələr, böyük həvəslə oynayaram.

- Sizcə böyük adamlara nağıl lazımdırmı? Səhnədəki nağılları nəzərdə tutmuram, həyat nağıllarını deyirəm.

- Bilirsinizmi, bizim həyatımız çox mürəkkəbdir. Mənə elə gəlir ki, insan özü üçün nağıl uydurmalıdır. Əgər bu nağıllara inanmasa, onda müəyyən bir yaş dövründə Şaxta babaya da, Qar qıza da inanmaz. Mən nağılları uşaqlıqdan xoşlayırdım. Anam həmişə bizə nağıllar oxuyardı. Nağıllar insanda arzular yaradır. İnsan arzusuz yaşaya bilməz. Əgər arzular olmasa, boşluq yaranar. Bu, artıq həyat yox, boş-boşuna yaşamaq olar.

- Nağıllara inanıb deyirsiniz ki, həyat gözəldir?

- Həyat, yaşamaq gözəldir. Düzdür, qara zolaqları var. Amma buna baxmayaraq, sonunda yaxşı olur. Yaxşıya inanmaq lazımdır, başqa cür həyat dözülməz olardı.

- Bəs insana utopiya lazım deyil?

- Məncə, yox... Mən teatrda altı il Komsomol Komitəsinin katibi olmuşam, ancaq Komunist Partiyasına daxil olmadım. Çünki ata-anam, nənə-babam - hamısı partiyadan kənar olub. Babam Molla Şeyx bir neçə dil bilirdi. O, Hüseyn Cavidin pərəstişkarı idi. 1938-ci ildə bir çoxları kimi onu da tutdular, mən onun yalnız şəklini görmüşəm. Eşitdiyimə görə, çox maraqlı adam olub. Demək, hansısa məqsəd qalır. Sən o məqsəd uğrunda dişinlə-dırnağınla çalışırsan. Hətta o vaxtlar nənəm və babam haqqında danışmağa da qorxurmuşlar. Repressiya olunan adamların şəkillərini də yığışdırıblarmış. Buna görə də mən siyasətə qarışmıram. Fikirləşirəm ki, aktyorlar siyasətdə olmamalıdır. Aktyorlar o adamlardır ki, onlar həmişə tamaşaçıya xoşbəxtlik verməlidirlər. Tamaşaçılar istirahət üçün gəlirlər. Aktyor üçün lazam olan tribuna səhnədir. Çünki aktyor sözünü oradan deyir.

- "Mən elə gəlir ki, insan necə görünür, özünü ürəyində necə hiss edirsə, o yaşdadır". Müsahibələrinizin birində belə demisiniz. Bilmək olarmı, özünüzü hansı yaşda hiss edirsiniz?

- İki ildən sonra 50 yaşım olacaq. Doğrudan da mənə elə gəlir ki, insan zahirən necə görünür, özünü ürəyində necə hiss edirsə, o yaşdadır. Uşaq olanda fikirləşirdim ki, 50 yaş həyatın sonudur. İndi başa düşürəm ki, həyat davam edir. Əgər qəlbin gəncdirsə, özün gənc qalacaqsan.

- Deyirlər, hər yaşın öz arzusu var. Nədənsə mənə elə gəlir ki, sizin kimi sənətinə bağlı insanların gələcək arzuları da daha çox sənətləri ilə bağlı olur.

- Əlbəttə, ən böyük arzum teatrla bağlıdır. Hazırda teatrımız təmirdədir. Buna baxmayaraq, işimizi Dənizçilərin Mədəniyyət Evində davam etdiririk. İstəyirəm ki, yaxşı tamaşalar qoyulsun, gözəl rollarım olsun. Elə bilirəm ki, hələ mənə çox maraqlı rollar veriləcək. Qalan arzularımı isə gəlin, sirr saxlayaq.

 

Kaspi.- 2007.- 12-16 oktyabr.- s.16.