Məhərrəmova T.
Mühacir həyatının incəlikləri
Körpüdən mənzərənin
premyerası keçirildi
"Azdrama"nın yolunu
tanıyandan belə izdiham görməmişdim. İndiyə
qədər teatrın repertuarında yer alan tamaşalar
arasında yüksək və orta səviyyəlisi, eyni
zamanda, tamaşa xatirinə təqdim edilənlər çox
olub. Teatra yolu düşən hər bir tamaşaçı
bu həqiqəti etiraf edə bilər.
Srağagün
teatrın məşhur Amerika dramaturqu Artur Millerin
"Körpüdən mənzərə" pyesi
əsasında təqdim etdiyi eyniadlı tamaşanı isə
yeni mövsümün sürprizi hesab eləmək olar.
Mədəniyyət
və Turizm Nazirliyi, Akademik Milli Dram Teatrı və ABŞ
səfirliyinin birgə layihəsi əsasında hazırlanan
tamaşadan söhbət açmazdan öncə dramaturqun həyat
və fəaliyyəti haqqında oxuculara qısaca məlumat
verib bildirək ki, Artur Millerin pyesləri bir çox
ölkələrin teatrlarında səhnələşdirilib.
Uilyam Stayronun dili ilə yazıçını Amerika
ədəbiyyatının Avraham Linkolnu adlandırırlar.
Hələ universitetdə oxuduğu illərdən pyesləri
müəllifinə mükafatlar qazandırıb. Dramaturq
1984-cü ildə Kennedi Mərkəzinin mükafatına layiq
görülüb.
Bütün
yaradıcılığı boyu aktual mövzulara toxunan
yazıçı ömrünün son günlərinə
qədər Amerika teatrları üçün pyeslər
yazıb. Dramaturq "Arxiyepiskop tavanı",
"Təhlükəli zona: yaddaş",
"Sınmış şüşə", "Amerika saatları"
və b. pyeslərin müəllifi kimi tanınır.
50-dən çox kino, teatr və telefilmlərin ssenari
müəllifi olmaqla yanaşı, Artur Miller kinoulduz Merilin
Monronun sonuncu əri kimi də tanınır. Aktrisa Millerin
ssenariləri əsasında ekranlaşdırılan bir
neçə filmdə çəkilib.
A.Millerin
birpərdəli "Körpüdən mənzərə"
pyesi ilk dəfə 1955-ci ildə tamaşaya qoyulub.
Əsərin London quruluşu üçün müəllif
pyesi ikipərdəli təqdim edib.
Qürbətdə xan olunca...
Srağagün
premyerası keçirilən tamaşa "Azdrama"nın
digər quruluşlarından həmçinin səhnə
tərtibatı ilə fərqlənir. Amerikalı rəssam
Bredli Helmin quruluş verdiyi səhnə tərtibatı
heç də alabəzək, gözqamaşdıran Brodvey
teatrlarının səhnəsini xatırlatmır.
Tamaşaçı özünü bir anlığa sanki
Kamera Teatrında hiss edir - qapqara dekorasiya, insanları
okeanın o tayına aparan Amerikanın məşhur
körpüsü, bu körpü dirəklərinə
bağlanan fonarların öləziyən
işığı... Belə bir mənzərə insanda
qəmgin bir əhval-ruhiyyə oyadır. Əslində,
səhnədə baş verənlər də
ürəkaçıcı deyil - dramaturq digər
əsərlərində olduğu kimi bu pyesdə də
ağrılı bir problemə-mühacirət mövzusuna
toxunub. Firəvan həyat ümidilə qürbətə
üz tutub, ancaq məhrumiyyətlərlə
üzləşən insanların taleyi səhnə
variantında çox gözəl təqdim ounur.
Müəllif
mühacir həyatının ağrı-acılarını
yaşayan insanları Marko və Rodolfo qardaşlarının
simasında ümumiləşdirir. Onlar iş tapmaq ümidi
ilə İtaliyadan Amerikaya - qohumları Beatrisin evinə
pənah aparırlar. Beatrisin iyrimi ildən artıq
vətəndaş nikahında yaşadığı əri
Eddi Karbone əvvəlcə qonaqları xoş üzlə
qarşılayır və evində sığınacaq
tapmaqlarına razı olur. Qardaşlar Emiqrasiya
İdarəsindən xəbərsiz gəmidə işə
düzəlir və qazanclarını evlərinə
göndərirlər. Marko evlidir - üç övladı
var. Rodolfo isə pulu olmadığından hələ
evlənə bilməyib. Onların məqsədi Amerikada veyil
həyat keçirmək yox, işləmək və bir
müddətdən sonra vətənlərinə
dönməkdir.
Onlar üç ay sakitcə yaşaya bilirlər. Rodolfonun Beatrisin
bacısı qızı
Ketrinə vurulmasından
sonra isə hər şey dəyişir. Çünki Eddi də açıb-ağartmamasına
baxmayaraq, Ketrini sevir. Onun Rodolfonu görməyə
gözü yoxdur.
Eddi gizli məqsədinə çatmaq üçün
bütün cəhdilə
gənclərin birləşməsinə
mane olmağa çalışır.
Hətta Ketrinə
"Rodolfo Amerika vətəndaşı
olmaqdan ötrü səninlə evlənir, bir ildən sonra mən sizin məhkəmə stulunda oturacağınıza
əminəm" - deyə
qızı sevgisindən
dönməyə çağırır.
Eddinin qısqanclığı o həddə
çatır ki, qonşunun adından emiqrasiya polisinə zəng vuraraq evində iki mühacirin yaşadığını
xəbər verir.
Ancaq Eddinin bu qərəzli addımı da Ketrinlə Rodolfonun sevgisinə mane ola
bilmir. Ketrin sevgilisinin Amerika
vətəndaşı olmasından
ötrü tələsik
onunla evlənməyə
razı olur. 20 il evində
böyütdüyü Ketrinin
üzünə ağ
olmasını bağışlaya
bilməyən və məqsədinin puça çıxması ilə
barışmayan Eddi daha da azğınlaşıb
Rodolfo və Markonu cürbəcür söyüşlərlə
təhqir edir. Hətta Markonu hamının gözü qabağında
üzr istəməyə
çağırır. Markonu ondan üzr istəməyəcəyi təqdirdə
öldürəcəyi ilə
hədələyir.
Emiqrasiya polisinin
Marko ilə Rodolfonu, eyni zamanda, İtaliyadan
gələn digər iki gənci həbs etməsi və sonradan zaminə buraxılması
və s. hadisələr
fonunda gərginlik get-gedə artır. Hadisələrin dramatik xətlə inkişafı
faciə ilə sonuclanır: Rodolfo ilə
Ketrinin toyu günü Marko Eddini qətlə yetirir. Körpüdən
görünən bu dəhşətli mənzərə
insanı sarsıdır.
Pyesin
aktuallığı ondadır ki, dramaturqun ötən
əsrin 50-ci illərində qələmə
aldığı və həmin illərin gerçək
mənzərəsini əks etdirən hadisələr bu
günün də acı reallığıdır.
Ölkəsinin sərvətlərinin bərabər
paylaşmadığına və miskin həyatlarına etiraz
olaraq cürbəcür yollarla Amerika və
digər Qərb ölkələrinə üz tutan
insanların sonu bilinməyən taleyi insanı
düşünməyə vadar edir. İşıqlı
həyat sorağı ilə qürbətə üz tutan bu
insanların küçələrdə
süpürgəçi, maşınyuyan, kafelərdə
qabyuyan və s. vəzifələrdə
işləməsi insanın qürurunu alçaltmaqdan
başqa bir şey deyil. Ümid və xəyalları suya
düşən bu insanların acı taleyi isə Artur Millerin
əsərində aydın görünür.
Gerçəkliyin
güzgüsü
Aktyorların
oyununa gəlincə, onlara xüsusi toxunmaq lazımdır.
Səhnədə hər şeydən əvvəl kollektiv oyun
diqqəti cəlb edir. Yəni aktyorların ifaları bir-birini
tamamlamaq baxımından yaddaqalandır. Bir sözlə,
tamaşanın reyissoru Mərahim Fərzəlibəyovun aktyor
seçimini uğurlu hesab etmək olar: Beatris (Xalq artisti
Zemfira Nərimanova), Ketrin və Eddinin (Əməkdar
artistlər Sabir Məmmədov və Məsmə
Aslanqızı), Marko (Rövşən Kərimduxt) Rodolfo
(Anar Heybətov) əsas rolların ifaçısı kimi
maraqlı və yaddaqalan oyun nümayiş etdirdilər.
Qeyd edək ki,
teatr tariximizdə ilk dəfə olaraq müraciət olunan
pyesin səhnə taleyini uğurlu hesab etmək olar.
Bütün hallarda "Azdrama" gerçəkliyin
güzgüsüdür.
Tamaşaçıların
kəsilmək bilməyən alqışları altında
aktyorlar səhnəyə qayıdıb baş əyirlər.
Uğurlu çıxışlarına görə
hamının üzündə sevinc, məmnunluq hissi var.
Bəstəkarın - Səyavuş Kəriminin tamaşa
üçün yazdığı həzin musiqinin
sədası isə kəsilmək bilmir -
tamaşaçıları zəngin təəssüratla
qapıya qədər yola salır...
Mühacirət
həyatının olaylarına yazı ilə bu qədər
yaxın ola bildik. Artur Millerin qələmə
aldığı pyesin səhnə variantının
incəliklərindən xəbərdar olmaq
üçünsə "Azdrama"nın repertuarını
izləmək lazımdır.
Oktyabrın
27-də tamaşanın üçüncü premyerası
keçiriləcək.
Kaspi.- 2007.- 26 oktyabr.- S.16.