Tbilisi yarmarkasının Viy”i bir tarixin üç əlamətdar cəhəti

 

"Yuğ" Dövlət Teatrının truppası Tbilisidə keçirilən mədəniyyət yarmarkasından qayıdıb.

   
   Teatrın gənc rejissorlarından olan Mikayıl Mikayılov yarmarka iştirakçılarına N.V.Qoqolun "Viy" povestinin özgün yozumunu təqdim edib.
"Viy" adlı monstr haqqında bir dəlinin qeydləri kimi səciyyələnən səhnə əsərində teatrın aktyorları Təranə Ocaqverdiyeva, Rasim Cəfərov, Günay Səttarova, Ruslan İsmayılov və Mikayıl Mikayılovun özü iştirak edirlər.
   Mədəniyyət yarmarkasında iştirak etmiş "Yuğ"un direktoru Tərlan Mustafayev "Həftə içi"nə bunları danışdı: "Yarmarkada Avropa və Asiyanın bir sıra ölkələrinin teatrları iştirak edirdilər. Ən çox iştirakçı Gürcüstanın özündən idi. İstənilən halda səfərimizi uğurlu hesab etmək olar. Əvvəla, Azərbaycan hüdudlarından kənarda tanınmaq missiyasını yerinə yetirməyimiz özlüyündə bir uğurdur. Məhz belə səfərlər yeni müştərək layihələrin gerçəkləşməsində körpü rolunu oynayır. İkincisi, "Viy" tamaşasını dünyanın bir sıra ölkələrinin teatr mütəxəssisləri seyr etdilər. Bəziləri səhnə əsərimizi, onun özəl cəhətlərini birmənalı şəkildə qəbul etdilər, bəziləri isə rejissorun yozumundakı eksperiment və tapıntıları qəribə qarşıladılar. Bu da təbiidir. Hər bir ölkənin fərdi teatr anlayışı, estetikası var. Səhnə əsərimizin hamı tərəfindən birmənalı qəbul edilməsi heç də uğurlu hal hesab edilə bilməzdi. "Viy" tamaşası mübahisə, fikir ayrılığı doğurubsa, deməli, Azərbaycan teatrı dünya teatr məkanının sıradan olan təzahürü kimi qarşılanmır, öz üslubunu, yolunu meydana çıxarmağı bacaran, fəaliyyətini axtarışlar üzərində quran teatr prosesinə malik sahə kimi qəbul edilir".
   "Yuğ" teatrı Tbilisi mədəniyyət yarmarkasında 2005-ci ildə iki səhnə əsəri ilə iştirak etmişdi. - David Sakvarelidzenin "İlan dərisi" və Gümrah Ömərin "Əl-kimya" tamaşaları ilə.
   
   
   P.S. Dünənki gün isə "yuğçu"lar və onları sevənlər üçün üçqat bayram idi. 18 oktyabr tariximiz üçün Dövlət Müstəqilliyi günü olaraq son dərəcə əlamətdar olduğu kimi, müstəsna pedaqoq və rejissor Vaqif İbrahimoğlunun dünyaya göz açması və "Yuğ" teatrının yaranması ("Yuğ" teatr-studiyası 18 oktyabr 1989-cu ildə "Azdrama"nın nəzdində, teatrın bədii rəhbəri mərhum sənətkar Həsənağa Turabovun və V.İbrahimoğlunun təşəbbüsü ilə meydana gəlib, 1992-ci ildə isə dövlət statusu alıb) səbəbində ayrıca olaraq mədəniyyət tariximizdən ötrü çox böyük əhəmiyyətə malik hadisədir...

 

Həftə içi.- 2007.- 19 oktyabr.- S. 8.