Hüseynoğlu S.


Bütün zamanların çağdaşı Mövlanə

 

YUNESKO-nun 33-cü konfransının qərarına əsasən oktyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında Azərbaycanda Mövlanə Cəlaləddin Ruminin doğumunun 800 illiyinə həsr edilmiş günlərin açılış mərasimi oldu. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Konya Böyükşəhər bələdiyyəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və professor Tofiq İsmayılovun təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov açaraq dedi:

-Hörmətli qonaqlar, hörmətli dostlar, xanımlar və cənablar! İnsanlığın şairi, dünyanın vətəndaşı Mövlanə Cəlaləddin Rumi əbədi ömrünün səkkizinci əsrini başa vurdu, doqquzuncu əsrini başladı. Mövlanə Cəlaləddin Rumi yeddi əsrdən də bir qədər əvvəl insanı insan olduğuna görə sev, -deyirdi. İnsanlar arasındakı din, dil fərqlərini bir kənara qoyaraq insanların bir-birinə mehr bəsləməsinə, məhəbbət bəsləməsinə, bir-birinə həmdərd olmasına çağırırdı. Mövlanə Cəlaləddin Rumi hər bir fanat kimi dünyaya gəlişinin mahiyyətini, mənasını, dəyər və təyinatını yaxşı anlayırdı. Ona görə də yazmışdı ki, biz gəldik ki, görüşdürək, gəlmədik ki, bölüşdürək.
İnsanları bir-birindən ayrı salmağa deyil, insanlar arasında təfriqə yaratmağa deyil, isnanlar arasında ünsiyyət yaratmaq, insanlar arasında anlaşmaq yaratmağa səsləyirdi Mövlanə Cəlaləddin.
Ondan ötrü ən qiymətli olanı eyni dildə danışmaqdan daha artıq, eyni duyğuları paylaşmaqdır. Mövlanə Cəlaləddin Ruminin düşüncələri, fikirləri onun yaşadığı on üçüncü əsrdə də gərəkli idi, vacib idi, hər bir insan üçün əhəmiyyətli idi. Ancaq, indi, XXI əsrin başladığı bir zamanda, üçüncü minillikdə, dünyanın bu nigaran, ağrılı vaxtlarında bəlkə də Mövlanə Cəlaləddin Ruminin o zaman yazdıqları, o zaman söylədikləri, o zaman öyrətdikləri daha aktualdı, daha gərəklidi, daha vacibdi. Və elə bu səbəblərdəndi ki, YUNESKO otuz üçüncü ümumi toplantısında Mövlanə Cəlaləddin Ruminin 800 illik yaşını bütün dünya boyunca bayram etməyi qərara aldı. Və artıq neçə aylardı ki, dünya boyunca Mövlanə bayramları keçirilir, 2007-ci il Mövlanə Cəlaləddin Ruminin ilidi. Ancaq yalnız 2007-ci il deyil, Mövlanə Cəlaləddin ili, ayı, günü əbədiyyət təqviminə yazılası ildi, aydı, gündü. Mövlanə Cəlaləddin Rumini Azərbaycan həmişə sevib, Nizami Gəncəvini, Xaqani Şirvanini, Nəsimini, Xətaini sevdiyi kimi, öz doğma balası kimi sevib. Ən əvvəl düşüncələrinə görə, duyğularına görə, ürəklərimizlə, duyğularımızla həmahəng olan şeirlərinə, misralarındakı döyüntülərinə görə. Amma Mövlanəni bizə bəxş eləyən bir ayrı körpü də var -Şəms Təbrizi körpüsü. XIII yüzilin böyük Azərbaycan şairi və mütəfəkkiri Şəms Təbrizi ilə Mövlanə Cəlaləddin Ruminin dostluğu, qardaşlığı, anlaşmağı dostluğun, qardaşlığın, anlaşlığın bir əbədi örnəyi kimi hər zaman yaşayacaq, hər zaman unudulmaz da qalacaqdır. Amma daha vacib olan bir başqa şey də var. Bu möhtəşəm sarayın, bu gözəl sənət məbədinin bir neçə addımlığında qədim qala divarları mövcuddur. Köhnə Bakı o qala divarlarının arasında yerləşib. Ora İçərişəhər deyirlər. Bakının içəri dünyası, qəlbi. Və İçərişəhərdə əsrlərdi ki, atəşpərəst məbədiylə kilsə, kilsə ilə məscid yanaşıdır. Azərbaycan həmişə bu tolirantlığı, bu anlaşmanı yaşadıb, insanlara örnək olmağın yolunu göstərib və Cəlaləddin Rumi də ömrü boyu bütün yaradıcılığında bunu deyib. Bəlkə də Mövlanəni Azərbaycana yaxın eləyən, doğma eləyən ən vacib şərtin biri də buradan irəli gəlir. Mövlanə Cəlaləddin Ruminin bayramı artıq neçə aylardır ki, dünyanın müxtəlif qitələrində, müxtəlif ölkələrində, müxtəlif şəhərlərində keçirilir. Bu bayram Azərbaycana da yetişib. Bu bayramı Azərbaycana bağışlayan Konya Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Yazıçılar Birliyidir. Ancaq bir adı da bu adlar içərisində çəkməyi çox vacib hesab eləyirəm. Bu, bizim görkəmli kino xadimi Tofiq İsmayılovdu. Tofiq müəllim uzun illərdir ki, ürəklə çalışır, Azərbaycanla Türkiyə sənəti, sənətçiləri arasında dostluğun, anlaşılmanın daha yetərli olması üçün çox gərəkli iş görür və Mövlanə Cəlaləddin Rumi bayramlarının Azərbaycanda belə möhtəşəm səpkidə keçirilməsinin ilk addımlarından bu anına qədər olan bütün mərhələlərində onun zəhməti çox böyükdür. Mövlanə Cəlaləddin Rumi XIII yüzildə müharibəsiz, itkisiz, ağrısız, acısız bir dünya arzulayaraq, insanlara “Gəl” deyib. Mövlanə Cəlaləddin Rumi gəlib və həmişə gələcək. Gələcək, həmişə insanlarla olacaq, həmişə dünyayla olacaq, həmişə Azərbaycanla olacaq və həmişə insanları sevgiyə qovuşduracaq. Gecəmizin lap başlanğıcında Cəlaləddin Ruminin dünyasına -söz dünyasına, düşüncə dünyasına, ruh dünyasına bir səfər etmək istəyi də doğur. Və bu səfərin təşkilçisi tanınmış kino xadimi Tofiq İsmayılovdur. Onun yaratdığı bir film var. Bu film Mövlanənin daim dilində olmuş bir sözlə başlayır: “Gəl”. “Gəl” deyən Mövlanəyə biz də bir daha “Gəl” deyək və onun ömür yolunu, sənət dünyasını əks etdirən “Gəl” filminə birlikdə tamaşa edək.
filmə baxışdan sonra sözünə davam edən R.Hüseynov bir daha Cəlaləddin Rumi yaradıcılığının, şəxsiyyətinin özəlliklərindən söz açdı: “Səkkiz əsr öncə ölmək və diri insanlarla birgə olmaq əlbəttə ki, möcüzədir. Mövlanə bu möcüzəni ilk növbədə məsnəvisiylə yaradıb, divanıyla yaradıb, bəşəriyyətə yadigar qoyub getdiyi söz sərvəti ilə yaradıb. Sözlərin təkrarsız sıralanmasından yaratdığı möcüzə ilə insanlara yeni bir aləm açan Mövlanənin qələmindən keçən kəlmələr arasında bir “gəl” kəlməsi də var: “Gəl, nə olursan-ol, yeri gəl”. XIII yüzilin lap başlanğıcında o, atası ilə birgə Konyaya gəldi. Həmin yüzildəcə böyük Azərbaycan şairi Şəms Təbrizi günəş kimi onun ömrünə gəldi. Həmin əsrdəcə Cəlaləddin Ruminin söz dünyası meydana gəldi və Mövlanə ürəyinin qapısını açaraq “Gəl” -dedi: hər kimsənsə gəl... Nə olursansa-ol... İstər kafir ol, istər atəşə tapın, istər bütə -gəl!.. Çünki bu qapı ümid qapısıdı. Mövlanə Cəlaləddin Rumi insanlığa çox hədiyyələr verib. Bu sovqatların ən zirvəsində onun bəşəriyyətə bağışladığı əbədi ümiddi. İnsanları daim ruhlandıran, sabaha kökləyən, içərilərini inamla dolduran böyük ümid. İnsanlara bağışladığın bu əməllərinə görə həmişə ucalarda ol, həmişə var ol, böyük ustad!
Sonra söz Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verildi. O, C.Ruminin yubiley günlərini bütün bəşəriyyət, o cümlədən də Azərbaycan üçün yaşanan sevinc günləri kimi dəyərləndirdi: “Artıq 800 illik tarixi olan bir fəlsəfə, Mövlanə Cəlaləddin Ruminin ölməz ruhu bu günlər yenə də bütün dünyanın, o cümlədən də Azərbaycanın başı üzərində dolanmaqdadı. Artıq bütün dünya, bəşəriyyət Mövlanə Cəlaləddin Ruminin fəlsəfəsinin dünyəvi mahiyyətinə tapınaraq onun yubiley tədbirlərini bəşəriyyətin bayramına çevirmək qərarına gəldi. Mən sevinirəm ki, bu böyük mədəniyyət, bu böyük fəlsəfə Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə çox sıx köklərlə bağlıdır. Dahi Nizamidən tutmuş böyük füzuliyə qədər, Şərqin dahi filosoflarından tutmuş böyük musiqiçilərinə qədər hər birini fəlsəfi dərinliyinə və düşüncə tərzinə görə Cəlaləddin Rumiylə qırılmaz tellər, əlaqələr bağlayır. Bu hisslər əsrlər boyu Azərbaycan xalqının mənəviyyatında yaşamaqdadır. Hörmətli Rafael müəllimin qeyd etdiyi kimi, bu gün həqiqətən Azərbaycan dövləti müasir mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza çox böyük qayğı göstərir. Hörmətli Prezidentimizin bugünkü mədəniyyətimizin intibahını dünyaya layiqincə çatdırmağı qarşıya böyük məqsəd kimi qoyması fəaliyyətimiz üçün böyük üfüqlər açır. Bu gün Azərbaycan YUNESKO-nun bütün proqramlarının ayrılmaz iştirakçısıdır. Mən sevinirəm ki, bu silsilə tədbirlər Azərbaycanda davam etməkdədi. Mən sevinirəm ki, bu günlərdə Konyadan, Türkiyənin hər yerindən, İrandan, digər ölkələrdən bizim bu tədbirlərə, həftəliyə qonaqlar gəlibdi. Mən o adamların hamısını buradan salamlayaraq öz arzumu, inamımı ifadə etmək istərdim ki, bu tellər heç vaxt qırılmayacaq, bu gündən etibarən bizi bağlayan tellər daha da möhkəmlənəcək və biz həmişə Şərqin böyük mütəfəkkir insanlarının yubileyini yüksək şəkildə bir yerdə qeyd edəcəyik.
Günlər keçəcək, həftələr, aylar, illər keçəcək, ancaq o təfəkkür, insanın paklığına, təmizliyinə olan böyük inam həmişə bizdə yaşayacaqdır. Mən bir daha bu tədbirin təşkilatçılarına öz dərin təşəkkürümü bildirmək istərdim. Burada çox gözəl bir film nümayiş olundu. Biz hamımız filmə baxış zamanı elə bil ki, Ruminin aləminə daxil olduq. İnanıram ki, bu aləm, bu mühit növbəti günlərdə müxtəlif görüşlərdə, konfrans, müsabiqə və simpoziumlarda hökm sürəcək. Bir daha Mövlanə bayramınız mübarək olsun deyirəm.”
Tədbirdə çıxış edən xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar mərasimə qatılanları salamladıqdan sonra Cəlaləddin Rumi düşüncəsinin, yaşamının çağdaş zamanda daha gərəkli və vacib olduğunu ön plana çəkdi: “Dahilərin bir xüsusiyyəti də var ki, onlar bütün zamanların çağdaşıdı. Mövlanə də səkkiz əsrdi öz zəmanəsinin müasiri olub və bu gün də bizim əsrin müasiri hesab edilir.
Ancaq XX əsrdə iki Cahan müharibəsi, qanlı inqilablar, vətəndaş müharibəsi, Bakının 90-cı il Qara yanvarı, Xocalı faciəsi, XXI əsrdə 11 sentyabr olayları, Əfqanıstanda baş verən hadisələr, məsuliyyətsiz Avropa qəzetlərində həzrəti Məhəmmədə çəkilən ədəbsiz karikaturalar -bütün bunların önündə Mövlanənin dinlərin dözümlülüyü, insanların qardaşlığı, mədəniyyətlərin birliyi haqqındakı çağırışı bəlkə də bu gün onun öz dövründən daha aktual, daha vacib səslənir. Mövlanənin təxminən müasiri olmuş, dahi italyan şairi Dante Aligeri “İlahi komediya”sında xaçpərəst olmayanların hamısını cəhənnəmdə, ən yaxşı halda Ərəfətdə yerləşdirmişdi. Və biz fəxr eləyə bilərik ki, Mövlanə isə xeyirxah və ümid dərgahına müsəlmanları və xristianları, atəşpərəstləri və görünməmiş bir cəsarətlə allahsızları, heç nəyə etiqadı olmayanları dəvət edirdi:

Yenə gəl, yenə də gəl,
Nə olursan-ol...
İstər kafir ol, istərsən atəşə tapın,
İstər bütə...

O dövrdə bu sözləri demək nə qədər cəsarət tələb edirdi... Və isnan psixologiyasının ən dərunu guşələrinə nüfuz edə bilməsindən irəli gəlirdi ki, Mövlanə deyirdi: “Əgər yüz dəfə tövbə edibsənsə və yüz dəfə tövbəni pozubsansa, yenə gəl...”
Rəvayətə görə müridləri Mövlanədən xahiş edəndə ki, eqoizmin və xeyirxahlığın, alturizmin mahiyyətini onlara izah etsin, o, tələbələrini yemək masasının arxasında qarşı-qarşıya əyləşdirir. Hamısının qabağına xörək qoydurur və hamısına çox uzun qaşıqlar paylayır. Bu qaşıqlarla heç kəs öz qabından yemək götürə bilmir. Mövlanə təklif edir ki, hərə öz qaşığıyla qarşısında oturanı yedizdirsin. Müridlər buna əməl edirlər. Mövlanə eqoizmlə xeyirxahlığın fərqini əyani şəkildə belə izah edirdi. O, millətlərin, irqlərin, dinlərin qardaşlığı ideyasına tapınırdı.
Mövlanə ölümü qəbul eləmirdi. O, ölümü sonluq kimi yox, ölümsüz ruhun dəyişməsi, başqa şəklə düşməsi və nəticədə Allahla qovuşması kimi qavrayırdı. Mövlanə ölüm yatağında yatarkən zəlzələ olur. O, “Torpaq yağlı bir tikə istəyir, -deyə öz bədəninə işarə edir -onu yerə basdırandan sonra torpaq sakitləşəcək”.
Bu, onun həyatda son sözləri idi.
Bu gün də Mövlanə bizi qardaşlığa çağırır, dözümlülüyə çağırır, mərhəmətə çağırır və ən əsas da ölümdən qorxmamağa çağırır. Ona görə də Mövlanə ölməzdi, ona görə də o, bu gün burada bizimlədi”.
Tədbirdə çıxış edən Konya Böyükşəhər Bələdiyyəsinin nümayəndəsi Ərcan Uslu Azərbaycanda Rumi yaradıcılığına bəslənən böyük məhəbbətdən məmnun olduğunu vurğuladı: “Bu tədbirin Azərbaycanda -Bakıda düzənlənməsi xüsusi önəm daşıyır. Bəşəriyyətə Nizami, fuzuli kimi dahi şairlər bəxş etmiş Azərbaycan xalqı öz milli-mənəvi dəyərləri ilə hər zaman öyünə biləcək bir xalqdır. Və Şərq aləminin böyük mütəfəkkirlərinə, ulu söz sənətinə böyük dəyər verib, hər zaman bu dəyərləri yaşamaq azəri türklərinin qədirbilənliyidir. Şərqin böyük mütəfəkkiri, türk əsilli Mövlanə Cəlaləddin Rumi də Azərbaycan xalqının bədii təfəkkür tarixində ölməz yerini almış, əsrlərlə yaşamaq qüdrəti tapmışdır. “Günəş Doğudan çıxıb” həqiqəti isbat edir ki, böyük mədəniyyət və sivilizasiyaların mənbəyi məhz Doğudur. Bu mənada, Azərbaycanda keçirilən Mövlanə günləri ümumşərq dəyərlərinə yeni bir ehtiramın ifadəsidir. Hər birinizi Mövlanənin vətəni Konyada görmək arzusu ilə salamlayır və doğma şəhərimizdə keçiriləcək Rumi günlərinə dəvət edirəm”.
Sonra Azərbaycan Yazıçılar Birliyinin dahi şairin 800 illiyi münasibətilə keçirdiyi müsabiqənin nəticəsi açıqlandı. Xalq şairi, AYB-nin birinci katibi fikrət Qoca Konya Böyükşəhər Bələdiyyəsinin xüsusi mükafatlarını qaliblərə təqdim etdi. Əsəd Cahangir və Ədalət Əsgəroğlu 1-ci, fəxri Uğurlu, Vaqif Əlixanlı 2-ci, Elman Quliyev və Mehman Qaraxanoğlu 3-cü yerin qalibləri kimi mükafatlandırıldılar. Müsabiqəyə qatılmış digər sənətçilərə isə Yazıçılar Birliyinin xüsusi mükafatları verildi.
Tədbirə qatılan fransa fəxri Legionunun Kavaleri, əslən Güney Azərbaycanından olan foto-jurnalist Rza Diqqəti öz çıxışında Rumi yaradıcılığına olan tükənməz sevgisini vurğuladı: “Otuz ildir ki, mən dünyanın müxtəlif ölkələrində Rumi yaradıcılığıyla bağlı foto-sərgilər, foto-slaydlar nümayiş etdirirəm. Bu, mənim Mövlanə yaradıcılığına olan xüsusi məhəbbətimdən irəli gəlir. Xüsusən onun məsnəvi və şeirlərinin vurğunuyam. İçimdəki bu məhəbbətin təzahürüdür ki, əvvəl də qeyd etdiyim kimi, illərdən bəri mən Mövlanənin həyat və yaradıcılığını əks etdirən foto-sərgilər və foto-slaydlar nümayiş etdirirəm. Bu mənim ümumtürk mədəniyyətinin təbliğində az da olsa bir xidmətimdi və bu işimdən qürur duyuram”.
Sonra R.Diqqətinin Rumi yaradıcılığına həsr olunmuş foto-slyatı nümayiş olundu. Tədbir maraqlı konsert proqramı ilə başa çatdı.

Oktyabrın 24-də Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam etdirilən yubiley tədbirində əvvəlcə Azərbaycanın tanınmış aktyorlarının ifasında Ruminin “Məsnəvi”sindən seçmələr səsləndirildi. Konyalı sənətçilərin ifasında türk təsəvvüf musiqisinin inciləri, İranın məşhur sənətkarları Səlim və Bədud Moazzenlərin, habelə “Nəva” qrupunun ifaları tamaşaçıların sürəkli alqışlarıyla qarşılandı.

Oktyabrın 25-də Azərbaycan Dövlət Opera və Balet Teatrında "Azərbaycanda Mövlanə Cəlaləddin Rumi günləri"nin bağlanış mərasimi keçirildi.
Tədbiri AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynov açaraq, insanlığın böyük şairi və dünyanın böyük insanı olan, "İnsanda insanı sev!" kəlamının sahibi, 800 ildir ki, Yer üzündə eşq, barış və sülh carçısı kimi tanınan ölməz və əbədi Mövlana Cəlaləddin Ruminin beş gündür öz iman və elm işığını Azərbaycan günəşinin işığına qatdığını söylədi. Natiq qeyd etdi ki, bu nurun, bu işığın təsiri hələ uzun müddət bizi tərk etməyəcəkdir.
Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müdrik siyasəti ardıcıl davam etdirən Prezident İlham Əliyev və onun xanımı Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizə göstərdiyi qayğı və diqqətdən də söhbət açılmış, mədəniyyətimizdəki yüksəlişin geniş vüsət almasına görə onlara təşəkkür edilmişdir.
Mövlana tədbirlərinin mütəşəkkil təşkili və dəstəyi üçün Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, tədbirin təşkilatçısı, professor-doktor, əməkdar incəsənət xadimi, tanınmış rejissor Tofiq İsmayilov, Türkiyənin Konya Böyükşəhər Bələdiyyəsi mədəniyyət və sosial işlər şöbəsinin müdiri Ercan Uslu, İrandan gəlmiş qonaq Ələsgər Şeirdust və digər təşkilatçılara xüsusi mükafatlar və "Məsnəvi"nin nəfis şəkildə çap olunmuş nüsxələri bağışlanmışdır.
Mərasimin ikinci hissəsində İran Xoreoqrafiya Qrupunun ifasında "Oyanan eşq" tamaşası nümayiş etdirilmişdir. Tamaşada Mövlananın həyatı uşaqlıqdan, son nəfəsinə qədər canlandırılmışdır. Hisslərin tərənnümü olan, dərin psixoloji, ritmik rəqslərin təsir gücü tamaşaçıları valeh etmişdir. Tamaşa sürəkli alqışlarla qarşılanmışdır.
Bununla da 5 gün davam edən, yaddaşlarda şimşək kimi çaxan, həyata ümid, oyanış, inam bəxş edən "Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri" başa çatmışdır.

 

Ədəbiyyat qəzeti.- 2007.- 26 oktyabr.-S.1-3.