ÜNS teatrı 2007-ci ilin mövsümünü açmışdır

 

AzərTAc xəbər verir ki, "ÜNS" teatrı oktyabrın 10-da yeni mövsümün açılışını elan etmişdir.
Layihənin müəllifi və rəhbəri, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva bütün dövrlərdə cəmiyyətin ehtiyac duyduğu, eyni zamanda, özünün də dəstəyə ehtiyacı olan istedadlı insan fenomenindən danışaraq demişdir ki, indi başlıca məqsədimiz bu istedad zərrələrini itirməmək, qoruyub saxlamaq və onları da insanın gündəlik ehtiyacına çevirməkdir.
Mövsümün açılışı günü təqdim edilən konsert proqramı görkəmli şərqşünas alim, filologiya elmlər doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsinə həsr olunmuşdu. Bədii rəhbər və baş dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri dünya klassik musiqisinin incisi sayılan G.Pörsellin rondosunu, Qara Qarayevin "İnsan məskən salır" kinofilminə yazdığı musiqidən fraqmenti (solist Nəzrin Mahmudova), "Ay, nənə" Azərbaycan xalq mahnısını (solist Nəzrin Zərbəliyeva) və digər əsərləri ifa etmişdir.
Açılışda Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Prezidenti İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, diplomatik nümayəndəliklərin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

 

Azərbaycan.- 2007.- 11 oktyabr.- S. 6.