Qocayeva A.
Muğam və xalq
mahnılarımızın mahir ifaçısı
Müsahibimiz Opera və Balet
Teatrının solisti, Azərbaycan muğamlarının ustad
ifaçısı və təbliğatçısı,
Prezıdent təqaüdçüsü, xalq artisti
Səkinə İsmayılovadır. Milli ifaçılıq
və opera sənətinin inkişafında, gənc
musiqiçi kadrların yetişməsində Səkinə
xanımın xidmətləri misilsizdir. Onun səhnədə
yaratdığı bir-birindən cazibədar və yaddaqalan
obrazları opera tariximizi zənginləşdirmişdir.
Muğam ifaçılığı sahəsində
əldə etdiyi uğurlar gələcək
nəsillərə nümunədir. Səkinə xanımla
söhbətimiz onun sənəti, muğamlarımızın
bu günü və sabahı ilə bağlıdır.
- Səkinə xanım, sənətə gəlişinizə
xeyir-duanı kimlər verib?
- Hələ orta məktəbin beşinci sinfində
oxuduğum vaxtlar musiqi müəllimim professor Vidadi Xəlilov
yaxşı səsimin olduğunu duyaraq məni bu
istiqamətə yönəltdi. Arzum hüquqşünas olmaq
idi, lakin Vidadi müəllim mənə səsimin arxasınca
getməyimi məsləhət gördü. İlk
xeyir-duamı Vidadi müəllim verdi. 1974-cü ildə orta
məktəbi bitirib A.Zeynallı adına musiqi
məktəbinə (indiki Musiqi kollecinə) Nəriman
Əliyevin sinfinə qəbul olundum. İkinci xeyir-duamı da
Nəriman müəllim verdi.
- İfaçılıq sənətində
qazandığınız uğurun sevincini nə vaxt
yaşadınız?
- İlk uğurum orta məktəbin yuxarı sinfində
oxuyarkən, 1973- cü ildə indiki Heydər Əliyev
adına Respublika Sarayında keçirilən “İstedad
axtarıram” musiqi müsabiqəsində 1-ci
dərəcəli diploma layiq görülməyim olub. Bu diplom
sənətə gəlişimə bir vəsiqə rolunu
oynadı.
- İfaçılıq sənətinə gətirdiyiniz
yeniliklər və verdiyiniz töhfələr
nələrdən ibarətdir?
- Azərbaycanın musiqi tarixində ilk dəfə olaraq
1989-cu ildə xanımlardan ibarət muğam
üçlüyü yaratdım. Bu gün də muğam
üçlüyü ölkəmizdə və onun
hüdudlarından kənarda tanınır və sevilir.
Muğam üçlüyü ilə ilk səfərim 1992-ci
ildə Fransaya oldu və orada böyük uğur qazandıq.
Sonra bu üçlüklə İngiltərə, İtaliya,
İran, Türkiyə, Hollandiya, Hindistan və digər
ölkələrdə anşlaqla konsertlər verərək
bir sıra diplom və mükafatlara layiq görüldük. Bu
konsertlər vaxtilə həmin ölkələrin
kütləvi informasiya vasitələrində geniş
işıqlandırılmışdır.
Qadın xanəndələr arasında simfonik orkestrlə ilk
dəfə çıxış edən mən olmuşam.
Bəstəkar Vasif Adıgözəlov Niyazinin “Rast”
muğamı ilə F. Əmirovun “Şur” simfonik
muğamını travtovka etdi və Azərbaycan Dövlət
Filarmoniyasında xalq artisti İslam Rzayevlə mən onu ifa
etdik. Bu ifa musiqi aləmində sensasiyaya səbəb oldu.
Musiqi məbədimiz olan Konservatoriyada muğam
sənətindən dərs deyən ilk qadın mən
olmuşam. İfaçılıq sənətinə
gətirdiyim böyük yeniliklərdən biri də xanəndə
qadın kimi qaval çala-çala ifa etməyim olub.
Məndən əvvəl sənətdə olan qadın
xanəndələrimiz əllərində qaval
səhnəyə çıxmalarına baxmayaraq, heç vaxt
onu çalmamışdılar. Bu yenilik mənim Amerikaya
səfərimlə əlaqədar oldu. Belə ki, Amerikaya yola
düşəcək üçlükdə
dördüncü ifaçıya yer olmadığından tar
və kamançanın yanında mən əlimə qaval
götürməli oldum. Bir aylıq gərgin məşqlərdən
sonra qaval çalmağı öyrəndim.
Muğam sənətinə gətirdiyim xırda yeniliklər
çoxdur, lakin mən əsaslarını nəzərə
çatdırmağa çalışdım.
- Hər sənətkarın sənətdə öz yolu,
öz dəst-xətti var. Sizin dəst- xəttiniz
nədən ibarətdir?
- Bu sənətdə heç kimi yamsılamadan, təqlid
etmədən özüməməxsus ifa tərzim var.
Sənətimdə daim özüm olmağa, öz yolumu
yaratmağa çalışmışam. Mənim
dəst-xəttim tələbələrimin ifalarında daha
aydın görünür. Bəlkə də opera
müğənnisi olduğuma görədir ki, ifa zamanı
mahnı ilə musiqi arasında sintez yaradaraq bir obraz
canlandırıram. Bu obraz mənim üzümün
cizgilərində, gözlərimin ifadəsində,
qəzəlin sözlərinin deyilişində, diksiyamda
və digər hərəkətlərimdə özünü
büruzə verir. Mən muğamda, mahnıda verilən fikri
daxilən yaşayandan, onu özümünküləşdirəndən
sonra musiqi-film kimi dinləyiciyə çatdırıram.
İfaçılıq sənətimdə bu da bir yenilikdir.
- Səkinə xanım, Opera teatrında bir-birindən
maraqlı obrazlar yaratmısınız. Onlardan hansı ruhunuza
daha yaxındır?
- Onların hamısı bir milli qəhrəman kimi ruhuma
yaxın və mənə əzizdirlər. Çünki
hər biri azərbaycanlı xanımın
təcəssümüdür. Leylini, Əslini,
Şahsənəmi və digər obrazlarımı
sevə-sevə, böyük zəhmətlə
yaratmışam. Lakin ilk rolum olan “Leyli və Məcnun”dakı
Leyli ruhuma daha yaxındır. Çünki bu obraz
bütün insanlarda olan ilahi eşqin simvolu,
təcəssümüdür. Biz hər zaman ilahi bir
eşqlə göylərə ucalaraq Ulu Tanrıya
yaxınlaşmağa çalışırıq. Leylinin
də sevgisi ilahi eşqdən yoğrulmuşdur. Füzulinin
böyüklüyü ondadır ki, onları qovuşdurmur.
Yəni Allaha yaxınlaşmaq arzusu ölənəcən
insanı tərk etmir.
- Siz opera səhnəsində müxtəlif vaxtlarda
böyük sənətkarlarla Tərəf-müqabil olmusunuz.
Məcnunlarınız barədə fikrinizi bilmək
istərdik.
- Mənim xoşbəxtliyim onda olub ki, opera
səhnəsinə qədəm qoyduğum vaxtlardan
tanınmış xanəndələrimiz, xalq artistləri
Canəli Əkbərov, Arif Babayev və Baba Mahmudoğlu
ilə tərəfmüqabil olmuşam. İlk Leylimi Canəli
müəllimlə, ikinci Leylimi Arif müəllimlə və
üçüncünü Baba müəllimlə
yaratmışam. Belə sənətkarlarla
tərəf-müqabil olmaq şərəfli olduğu
qədər də çətin və məsuliyyətli idi.
Hazırda bu məcnunların heç biri səhnədə
yoxdur. Mənim son illər səhnədə
tərəf-müqabilim tanınmış xanəndə xalq
artisti Mənsum İbrahimovdur. Maraqlı
tərəf-müqabil kimi Mənsum müəllimlə
roldan-rola ustalaşmaq imkanlarımız çoxdur.
Bütün bunlarla yanaşı fəxrlə deyə
bilərəm ki, bu məcnunlar arasında Canəli
müəllimin mənə diqqət və qayğısı
daha artıq olub.
- Adlarını sadaladığınız o böyük
sənətkarlardan nələri əxz etmisiniz?
- Onlardan muğam sənətini dərindən
öyrənməyi, səhnə- mizana riayət etməyi,
səhnədə təbiiliyi qoruyub saxlamağı,
sənətə ciddi və məsuliyyətlə
yanaşmağı, öz üzərimdə daim
işləməyi, muğam ifaçılığı
sənətində axtarışlar aparmağı, roldan-rola
püxtələşməyi və bu kimi muğam
ifaçısına lazım olan digər
xüsusiyyətləri əxz etmişəm. Opera müğənnisindən
musiqi, gözəl ifa, aktyorluq qabiliyyəti tələb olunur
və bunlar bir-biri ilə vəhdət təşkil edir. Bu
vəhdəti daim diqqətdə saxlamağı öyrənmişəm.
- Səkinə xanım, milli musiqi irsimizin qorunması,
təbliği və gələcək nəsillərə
çatdırılması istiqamətində
tələbələrinizə nələri tövsiyə
edirsiniz?
- Əsas klassik yolu saxlamağı tövsiyə edirəm.
Muğamın klassik, improvizasiya, bir də bugünkü
günün tələblərinə uyğun sintez yolları
var. Tələbələrimə əsasən klassik yolu
saxlamağı öyrədirəm.
- Hazırda Azərbaycan televiziyasının keçirdiyi
“Muğam müsabiqəsi”nin münsiflər heyətində
bir sıra tanınmış sənətkarlarımızla
bərabər siz də varsınız. Milli musiqi irsimizi qoruyub
saxlaya biləcək gənc nəsil ifaçıları
yetişirmi?
- Çox böyük inamla deyə bilərəm ki, belə
bir nəsil yetişir. Çünki ona həm biz
sənətkarlar, həm də dövlətimiz
çalışır. Ölkə başçısı
İlham Əliyevin imzaladığı sərəncamlar,
YUNESKO və İSESKO-nun xoşməramlı səfıri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban
Əliyevanın bu sahədə həyata keçirdiyi
genişmiqyaslı layihələr milli musiqi irsimizin
etibarlı əllərdə olacağına böyük inam
yaradır.
Sənətdə öz kövrək addımlarını atan
gənc ifaçıların istedadları da göz
önündədir, münsiflər heyəti üzvlərinin
onlara verdiyi obyektiv ballar da. Bu müsabiqələrin,
yarışmaların uğurlu nəticələri onu
deməyə əsas verir ki, xalqımız var olduqca onun musiqi
irsi də yaşayacaqdır.
-Səkinə xanım, gələcək planlarınızla
bağlı məlumat verməyinizi istərdik.
- Mən hazırda Milli Konservatoriyada, Mədəniyyət
və İncəsənət Universitetində və A.
Zeynallı adına Musiqi kollecində dərs deyirəm.
Mədəniyyət və İncəsənət Universitetinin
dosentiyəm. Tələbələrimi nəinki ifaçı
kimi, eyni zamanda səhnəmiz üçün
hazırlamağa çalışıram. Normal bir
xanəndənin yetışməsı üçün
azı 25 il vaxt lazımdır. Opera teatrında
azərbaycanlı xanımların maraqlı obrazlarını
yaradıram. İfadan-ifaya cilalanaraq daha da ustalaşmağa
çalışıram.
Qastrol səfərlərində oluram. Elə bu yaxınlarda
Belarusun Minsk şəhərində gözəl bir muğam
gecəsinin iştirakçısı olduq. Bundan öncə
Kazanda, daha əvvəl Misirdə və Türkiyədə
rəngarəng konsert proqramları ilə
çıxışlarımız olub. Qazandığım
bütün uğurlarıma görə ustadlarıma və
sənətimi dəyərləndirərək məni
vaxtından əvvəl Prezident təqaüdünə layiq
görən dövlətimizin başçısı İlham
Əliyevə minnətdaram.
- Səkinə xanım, sizə uzun ömür,
cansağlığı və sənətinizdə daha
böyük yaradıcılıq uğurları diləyirik.
- Çox sağ olun.
İki
sahil.-2007.- 31 oktyabr.- S.8.