Muğamın yeni dövrü başlanır

 

Mənsum İbrahimov: “Gənc xanəndələri görüb, müəllimləri necə qınamaq olar?


Muğam sənəti son zamanlar inkişaf etsə də, xanəndələrin bir qismi problemlərin olduğundan danışır. Bəziləri isə hesab edir ki, muğam etibarlı əllərdə olduğundan bu sahəyə böyük axın var. Xalq artisti Mənsum İbrahimov da belə düşünənlərdəndir. Məlum olduğu kimi, artıq növbəti Muğam müsabiqəsinə start verilib. Rəşid Behbudov adına Mahnı Teatrında həftədə bir dəfə keçirilən müsabiqədə gənc muğam ifaçıları mübarizəyə başlayıblar. Qeyd edək ki, bu müsabiqənin əvvəlkindən fərqi layihənin SMS-siz baş tutmasıdır. Yəni daha iştirakçılar SMS vasitəsilə qiymətləndirilməyəcəklər. M.İbrahimov müsabiqənin gedişindən və muğamın indiki durumundan danışdı (“OLAYLAR”İA).
- Mənsum müəllim, artıq müsabiqənin açılışı oldu və 10 iştirakçı dinlənilib. İlkin təəssürat necədir, iştirakçılar sizi qane etdi?
- Müsabiqə iştirakçıları sırf sənəti olan muğam mütəxəssisləri tərəfindən seçiləcəklər. Nəticədə kim layiqdirsə, o da qalib olacaq. Bildiyiniz kimi, müsabiqənin açılışı oldu. Onu deyə bilərəm ki, çox möhtəşəm keçdi. Sənət adamları, mütəxəssislər açılış mərasimində qonaq kimi iştirak edirdilər. 10 nəfər çıxış etdi - yaxşı səslər vardı. Əsasən də 10 yaşında uşağın çıxışını qeyd etmək istəyirəm. Həmin uşaq çox yaxşı təsir bağışladı. Birinci muğam müsabiqəsində azyaşlı Pərvaz idi. Onun müsabiqədə olmasını irad tuturdular ki, balaca uşağın iştirakı düz deyil. Amma zaman göstərdi ki, əslində buna ehtiyac var. Pərvazın sayəsində balaca uşaqlar da həvəslənərək bu sənətə gəldilər. Pərvaz bu gün prezident təqaüdünə layiq görülmüş şəxslərdəndir. Hesab edirəm ki, bu, böyük irəliləyişdir. İndiki müsabiqədə Gəncədən gəlmiş həmin 10 yaşlı uşaq iştirakçı çox xoşuma gəldi. Müsabiqədə Azərbaycanın bütün bölgələrindən uşaqlar var. İsti yay günlərində bölgələri gəzib uşaqları seçdik. Onlar indi öz üzərlərində çalışırlar. 10 həftə müsabiqə canlı efirdə gedəcək. Sonra isə yerlər seçiləcək. Xatırlayırsınızsa, 1-ci Muğam müsabiqəsində 20-lik seçmişdik, onlar bu gün müxtəlif kanallarda çıxış edir, bütün dövlət tədbirlərində, toylarda iştirak edirlər. Yəni yeni savadlı ifaçı nəsli gəldi. İnanıram ki, indiki müsabiqə daha mükəmməl olacaq. Çünki burada daha SMS yoxdur. Çox vaxt deyirdilər ki, muğam müsabiqəsində kimin imkanı çoxdur o, qalib gəlir. Çünki SMS toplayırlar. Burada isə maddi imkan rol oynaya bilməyəcək. Münsiflər öz fikrini bildirir və qiymət verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm ki, bu layihənin reallaşmasına təşəbbüs göstərdi. Münsiflər heyətində çox mötəbər insanlar- Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Əlibaba Məmmədov, Nadir Axundov, Ramiz Zöhrabov və mən oturmuşuq. İştirakçıları yalnız onlar qiymətləndirəcək.
- Qorxmursunuz ki, bu dəfə münsiflər daha çox tənqidə məruz qalsın? Əvvəlki layihədə SMS bəhanə edilərək, imkanlıların qalib gəldiyi bildirilirdi. İndi isə bütün məsuliyyət sizin üzərinizə düşür.
- Mən buna inanmıram. Çünki ifa hər kəsin gözü qarşısında olacaq. İfaçı necə ifa edəcəkəsə, o qiyməti də alacaq. Münsif də hansı qiyməti nəyə görə verdiyini izah edəcək. Təbii ki, hər dövrdə qara yaxan adamlar olub. Onlar deyirlər ki, biz olmayan yerdə düzgünlük yoxdur. Guya həmin insanlar hər kəsdən ağıllı və hər kəsdən obyektivdirlər. Amma münsiflər xalq tərəfindən sevilən, obyektiv insanlardır. İştirakçıları xalq tərəfindən sevilən şəxsiyyətlər, muğam sənətinin mütəxəssisləri qiymətləndirəcək. Hər birimizin məqsədi odur ki, ən yaxşılarını efirə gətirək. O uşaqları xalqa tanıtmalıyıq. Keçən ilki müsabiqənin birinci həftəsində Arzu Əliyeva çıxmışdı. Bu gün ən çox tədbirlərdə, efirdə görünən də odur. Arzu Səmərqənddə keçirilən simpoziumda ifasına görə mükafat aldı. Yəni kim çox əziyyət çəkirsə, o tamaşaçı sevgisi qazanır. Müsabiqədə iştirakçının hansı yeri tutmasının heç bir fərqi yoxdur. Zəhmətkeş adam həmişə qazanır. O ki qaldı bu müsabiqəyə, deyə bilərəm ki, muğamın yeni dövrü başlanır. Müsabiqə muğamın təkmilləşməsinə yol açır. Onu da deyim ki, gənclər, uşaqlar arasında muğama diqqət çoxalmaqla bu sahəyə axın başlanıb. Tükənməyən mənəvi sərvətimizə bu diqqəti qeyd etmək lazımdır. Son vaxtlar demək olar ki, toyların əksəriyyətinə muğam ifaçıları dəvət olunur. Artıq gənclərimiz muğama sahib çıxırlar. Əvvəllər insanlar tar-kamançadan çəkinirdilər. Biz nadir hallarda tar-kamança görürdük. Bu gün artıq iki toydan birində bu alətlər olur. Bizim milli alətlərimizə, milli rəqslərimizə marağın oyanması sevindirici haldır. Bütün bunlar muğam müsabiqəsinin xalqa göstərdiyi təsirin nəticəsidir.
- Heç bir müsabiqə mübahisəsiz ötüşmür. Bu, işin xeyrinədir?
- Əlbəttə ki, xeyrinədir, zərərinə ola bilməz. Mübahisə nəticəsində həqiqətlər meydana çıxır. Bilirsiniz, burada fikir müxtəlifliyi var və mən ona normal baxıram. Müsabiqədən başı çıxmayan tamaşaçı da öz fikrini deyir. Onun öz fikrini demək hüququ var-qoy desin. Amma təbii ki, seçimi mütəxəssis etməlidir. Tamaşaçı öz zövqünə uyğun olaraq deyir ki, filankəs daha yaxşı oxudu. Amma həmin ifaçının xaric oxuduğunu biz bilirik. Musiqi savadı olmayan təbii ki, bunu hiss etməyəcək. Hər bir sahənin mütəxəssisi var. Biz artıq müəllimik və müəllimi aldatmaq mümkün deyil. İştirakçı bir dəqiqə oxuyan kimi mütəxəssis bilir ki, o oxuya bilir, ya oxuya bilmir.
Hamı əziyyətə qatlaşır ki, yeni ifaçı nəsli gəlsin. Burda heç kimin başqa məqsədi yoxdur. Mən Opera və Balet Teatrında Məcnun rolunun ifaçısıyam. Keçən müsabiqənin qalibi Təyyar Opera və Balet Teatrının solistidir. Nəticədə opera, səhnə, xalq qazandı. Mən hər hansı bir müsabiqəyə müsbət baxıram.
- Bəs siz özünüz hansı xanəndələrin ifasını sevirsiniz?
- Azərbaycanda yaxşı muğam ifaçılarının hamısını sevir və dinləyirəm. Hər bir kəs özü kimi oxuyur. İstər müasir, istər dünyasını dəyişən, istərsə də tələbə olsun- yaxşı ifaçıların hamısını dinləyirəm. Hətta görürsən ki, tələbə hələ xamdır, amma ondan da nəsə götürürsən. Üzeyir bəyin dahiliyi onda olub ki, muğamı notla öyrənməyə qoymayıb. 5 nəfər eyni muğamı oxusa da, fəqli oxuyur. Mən müəlliməm və öyrədirəm. Eyni zamanda, özüm də öyrənirəm. Bu sənət dəryadır. Heç kim deyə bilməz ki, hər şeyi bilirəm. Müəllimliyin gözəl xüsusiyyəti ondadır ki, hər gün muğamları təkrarlayırsan. Hər ifaçı da müəllim ola bilməz. O ifaçı ki, eqoistdir, o sənətini heç kimə öyrətmir. Mən belələrini sevmirəm. Belə insanlar gözəl tələbə yetişdirə bilməzlər. Azərbaycan xalqında həmişə gözəl potensial olub, bu gün də var.
- Amma İslam Rzayev gənc xanəndələrin ifasında qüsurun bol olduğunu deyir. Onun fikrincə, bu işdə müəllimlər günahkardır. Daha doğrusu, o, indiki müəllimlərin yaxşı tələbə yetişdirdiyinə inanmır.
- İslam müəllim böyük sənətkardır. Amma mən tamam başqa fikirdəyəm. Başa düşmürəm, bugünkü ifaçıları görərkən necə belə demək olar? Əslində tək-tək yaxşı müəllimlər var. Ümumi götürəndə bölgələrdə müəllim azdır. Müəllim gərək özü bilsin ki, uşağı da öyrədə bilsin. Üzdə olanların çoxu biz öyrətdiyimiz uşaqlardır. Bakıda Milli Konservatoriya, Asəf Zeynallı adına Musiqi Məktəbini bitirənlər arasında yaxşı tələbələr çoxdur. Onlar göz qabağındadır və gözəl xanəndədirlər. Ümumiyyətlə, heç vaxt muğama bu qədər diqqət yetirilməyib. Xanəndələrə fəxri adlar verilir, evlə təmin olunurlar.
- Muğamın inkişafda olduğunu dediniz. Bəs opera sənətində vəziyyət necədir?
- Bu gün Opera Teatrında kadr problemi yoxdur. Çünki iş düzgün qurulub-yaşlı, orta, gənc nəsil. Opera musiqinin ən ağır sahəsidir. Hazırda teatrda məşqlər gedir. Üzeyir bəyin “Əsli və Kərəm” əsərini yenidən səhnəyə qaytardıq. Bu mövsümdə təqdim edəcəyik. Mən tamaşada Kərəm rolunu oynayıram.
- Operaya Məcnunların tələb olunduğunu deyirdiniz. Yeni Məcnunlar yetişir?
- Yetişir, niyə yetişmir ki? Məndən əlavə Səbuhi İbayev də bu rolu oynayır. Onun gözəl səsi var. O Məcnunu oxuyur. Başqaları da bu istiqamətdə irəliləyir. Birdən-birə baş rolu oynamaq olmur. Biz Opera Teatrına xanəndə kimi gəlirik. Burada aktyorluq da etməlisən. Bunun üçün səhnəyə alışmaq lazımdır. Mən özüm Zeyd rolundan başlamışam. Bu rolu oynaya-oynaya püxtələşdim. Birdən-birə baş roldan başlasan, bu uğursuz alınacaq. İnanıram ki, yeni Leyli və Məcnunlarımız gələcək.
- Mənsum müəllim, qastrol səfərlərinə ən çox yollanan sənətkarlardan birisiniz. Bu səfərlər sizi tam qane edirmi?
- Səfərləri əsasən Azərbaycanın diaspor təşkilatları, başqa ölkələrdəki nümayəndələr təşkil edirlər. Bu yaxınlarda Norveçdə olmuşam. Səfəri Norveç dövləti təşkil etmişdi. Bu ölkədə 11 ölkənin musiqiçilərinin iştirakı ilə proqram keçirildi. Salonda nə türk, nə də azərbaycanlı vardı. 2 gün konsert oldu və deyə bilərəm ki, muğam ən gözəl qarşılanan ifalardan oldu.
- Əcnəbilərə muğamı dərk etdirmək çətin deyil?
- Sənət sənətkar əlindədirsə, o dünyanın hansı yerinə gedir-getsin, mütləq qəbul olunacaq. Bu gün əsas işim Opera Teatrıdır. 14 ildir ki, bu teatrın səhnəsinin Məcnunuyam. Bu adı fəxrlə daşıyıram. Çünki xalq tərəfindən “Məcnun” adını almaq çox çətindir (“OLAYLAR”İA).

 

İki sahil.- 2007.- 6 oktyabr.- S.6.