Qaliboğlu E.

 

Şəfqət və mərhəmətdə günəş kimi ol


"Azərbaycanda Mövlanə Cəlaləddin Rumi günləri" çərçivəsində sərgi açılıb

 

Müasir İncəsənət Mərkəzində "Azərbaycanda Mövlanə Cəlaləddin Rumi günləri" çərçivəsində rəssamlıq, həmçinin incəsənətin müxtəlif janrlarında olan əsərlərin sərgisi açılıb. Əsərlərin çeşidləri müxtəlifdir. Burada diqqəti çəkən ilk növbədə Rumi yaradıcılığının yüzilləri aşaraq gələn, onun şəxsiyyətinə sənətin heyranlıq səviyyəsində münasibətidir. Otağın ortasında ağac üzərində xəttoyma ustası Seyfəddin Mənsimoğlunun Cəlaləddin Rumiyə həsr etdiyi iki əsəri qoyulub. Bu əsərlərdə Ruminin obrazı məharətlə yaradılıb, həmçinin Ruminin kəlamları gözəl həkk edilib. Dairəvi xətt boyunca dərvişlərin rəqs edən vəziyyətdə halı abidələşib. Divar boyunca asılan bir neçə əsər ilk növbədə Rumi kəlamlarının gözəl xəttatlıq biçimində ifadəsi ilə diqqəti cəlb edir. Mənalı kəlamlar orta yüzillər Şərq ənənəsinə uyğun şəkildə düzümlənib. Müslüm Eldarovun "Dərviş" əsərində də dərviş obrazı yaradılıb. Mehmet Rihtimin bir neçə miniatürsayağı əsərində Ruminin hikmətləri miniatür janrının tələblərinə uyğun səviyyədə işlənib. Burada rəmzilik xüsusi hiss olunur. Bəzəklər, rənglər yerli-yerindədir. Bu tipli əsərlərdə kəlamlar göz oxşayır, oxucunu mənəvi cəhətdən saflaşdırmağa xidmət edir: "Şəfqət və mərhəmətdə günəş kimi ol! Təvazökarlıq və sadəlikdə torpaq kimi ol! Hiddət və əsəbilik anında ölü kimi ol! Başqalırının qüsurunu örtməkdə gecə kimi ol! Sadəlik və yardımetmədə axar su kimi ol! Ya göründüyün kim ol, ya olduğun kimi görün!"
Maraqlıdır ki, sərgidə müxtəlif rəssamların əsərlərinin bir neçəsi eynilə "Xəttatlıq" adlandırılır. Hər halda bunları fərqli təqdim etmək daha yaxşı olardı. Gülümxan Bəydəmirin, Qəyyur Yunusun da bu mövzuda əsərləri tamaşaçılara təqdim edilir. "Yenə gəl, nə olursan ol, yenə gəl": bu ideyanın rəsmə çevrilib tamaşaçıya ürəyini açması insanı istər-istəməz duyğulandırır.
Adil Rüstəmovun Rumiyə həsr etdiyi böyük həcmli əsəri ilə onun müxtəlif bukletlərdən tanıdığımız qocaman rəsmindən tamam fərqli bir obrazı ilə üz-üzə qalırıq. Bu, Ruminin nisbətən qocalığa doğru olan dövrüdür, sifətində döyüşkənlik və kamilliyin vəhdəti var. Əsərin yanınca ərəb və latın qrafikaları ilə Mövlananın hikmətləri yazılıb. Əllərini çənəsində düyünləmiş Rumi ciddi düşünür, uzaqlara baxır.
Sərgidə Rumi mövzusunda çəkilən əsərlər rəssamlığın bir çox janrlarını əhatə edir. Elə mövzular var ki, tamaşaçı ilk baxışdan rəssamın nə dediyini anlaya bilmir. Konkret olaraq abstrakt əsərlər bu sıradandır. Bu əsərlərdə rəmziliklər diqqəti daha çox çəkir: sufi dünyası ilə gerçək dünya arasında olan təzadlı durum, qaranlıqdan aydınlığa çıxmaq üçün insanın daim cəhd etməsi, nəhayət, çıxacağına sonsuz inamı bu və ya digər şəkildə əsərlərin süjet xəttini təşkil edir. Ekspozisiyanın ilk giriş zalında Ruminin dünyabaxışının daha konkret ifadəsini realist mövzulu əsərlərdə tamaşaçı aydınca izləyə bilir. Həmçinin burada Rumi təriqətinə mənsub dərvişlərin iki formalı geyimləri, miniatür biçimli libas əsl sufi geyimi haqqında tam təsəvvür yaradır. Əsasən yun və kətandan ibarət olan bu geyimlər sadəliyi ilə diqqəti cəlb edir. Nazim Məmmədovun "Olduğun kimi görün" əsərinin tam mərkəzində rəqs edən dərviş obrazı canlandırılıb. Qəfil meydanda süzən, dünyanın əhvalından üstün olan bu obraz şübhəsiz, Rumidir. Ətrafdakılar onun ehtizazlı vəziyyətindən vəcdə gəliblər. Qıraqda bir neyçalan var.
Nağdəli Xəlilovun "İki zirvə: Yunis Əmrə və Rumi" əsərində hər iki məşhur ruh adamının obrazı birgə canlandırılıb. Hər ikisi düşünür, hər ikisi öz yenilməz əhvalındadır. Əzizbala Balaxanlının "Rumi" əsəri abstraktlığı ilə diqqəti cəlb edir. Elmir Hüseynovun "Mağarada" əsəri də uğurlu alınıb. Böyük həcmli əsərdə dərvişin qeybə çəkilməsi təsvir olunub: bir kənara qoyulmuş boğça, ağac diqqəti çəkir. Rənglərin düzümü yerli-yerindədir. Günəşin parlaq işıq seli içəriyə daxil olur, qaranlıqda az qala itir, amma yoxa çıxmır, yenidən işıq artır, sanki bu, qeybə çəkilən dərvişin ruhunun işığıdır.
Nasir Seyid Daştinin Rumiyə həsr etdiyi silsilə əsərlər sərgidə nümayiş etdirilən realist əsərlərin ən gözəlidir, desək, yanılmarıq. Ruminin hücrəsində, çoxlu kitabların əhatəsində dərin düşüncələrə dalması təbii təsvir olunub, sanki tamaşaçı əsərdə canlı Rumini görür. Yenə Daştinin "Heyzən" əsəri peşəkarlığı ilə diqəti çəkir. Neyçalan tamam özünü unudub. Əzab yolu onun üçün əslində həqiqət yoludur, neyçalan həqiqətinə qovuşub, sifəti başdan-başa işığa bürünüb, ruhu ucalardadır. Rəssamın "Səma" əsərində isə şövqlə rəqs edən dərvişlərin obrazı yaradılıb.

 

Xalq cəbhəsi.- 2007.- 26 oktyabr.- S.14.