Turanə

 

Akademik Opera və Balet Teatrı, Münhen

sənət festivalında

 

Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı fəaliyyətindəki ən mühüm hadisələrdən biri Teatrın Simfonik orkestri və bir qrup vokalçının Almaniyada keçirilən mötəbər musiqi festivalında - Münhen Opera sənəti festivalında uğurlu çıxışı oldu. Ən önəmlisi isə odur ki, festival təşkilatçıları teatrın orkestr və vokalçılarını artıq növbəti 2008-ci ildə keçiriləcək tədbirə öncədən dəvət edib. Bu günlərdə isə, Münhen festivalının bədii rəhbəri və baş dirijoru Korneliya Fon Kerssenbrokun göndərdiyi məktubla gələn il Almaniyada baş tutacaq festivala dəvəti artıq rəsmiləşdirib. Gələn ilki səfər çərçivəsində solist- vokalçılar təxminən 50 gün Münhendə olacaq. Sənətçilərimiz festival çərçivəsində keçiriləcək bütün tamaşa və konsertlərdə iştirak edəcək. Festivala qatılacaq Simfonik Orkestr isə "Riqoletto", "Traviata", "Aida", 'Trubadur" operalarının tamaşalarında və avqustun 3-də keçiriləcək ənənəvi "Böyük final" ("Qrand-Finale") konsertində iştirak edəcək. Şübhəsiz ki, sənətçilərimizin ildən-ilə öz miqyasını daha da genişləndirən belə möhtəşəm bir festivalda iştirak etməsi, Azərbaycan milli akademik sənətinin böyük qələbəsidir.

 

Yeni Azərbaycan.- 2007.- 20 oktyabr.- S. 12.