Məhərrəmova T.
Teatrdan
çıxsam, həyatım dayanar
Səriyyə Kərimova: "Hələ
ki, zəhmətim layiqincə qiymətləndirilməyib"
Hamı teatrda onu
"Səriyyə xala" - deyə çağırır.
60 ildən artıq çalışdığı bu
kollektivdə işçilərə həm ana olub, həm
də sirdaş. Problemləri olanlar ona sirr deməkdən
çəkinməyiblər. Bu gün də elədir.
Səriyyə xala da bir ağbirçək kimi
məsləhətini onlardan əsirgəmir, onların
təsəllisinə çevrilir.
Musiqili Komediya
Teatrının rekvizit sexinin müdiri Səriyyə
Kərimova demək olar ki, canlı ensiklopediyadır.
Yaddaşı bəzən sözünə
baxmadığından xatirələrinin səfini itirsə
də, əsgər kimi nizam-inizamlıdır. 82 yaşlı
Səriyyə xala hər gün vaxtında özünə
doğma ocaq bildiyi teatra tələsir. Deyir ki, bu
xüsusiyyət onda elə teatra təzə gəldiyi
vaxtlardan formalaşıb:
- Müharibə illəri idi. Çörək talonla verilirdi.
Evimizdə uşaq çox
idi. Atam da yaşlı
olduğundan ailəni
çətinliklə dolandırırdı.
O vaxt qız uşaqları o qədər
də işləmirdi.
Mən özümə pasport alıb işə düzəlmək istəsəm
də, atam razılıq vermirdi.
Atamın xəbəri olmadan
sənədlərimi düzəldib
Musiqili Komediya Teatrında xadimə işləməyə başladım.
O vaxt bu teatr Kukla Teatrının
yerində yerləşirdi.
Teatrın direktoru da Şəmsi Bədəlbəyli
idi. Bir müddət xadimə
işlədikdən sonra
məni kostyum sexinə keçirdilər.
İşə tez alışdım.
Daha sonra səhnə fəhlələri üzərində
rəhbərlik mənə
tapşırıldı. Bu işin öhdəsindən
də yaxşı gəlirdim. Bir müddət də
bu vəzifədə işləyəndən sonra
məni rekvizit sexinin müdiri təyin elədilər.
O vaxtdan indiyə qədər bu sexdə çalışıram.
- İşə
icazəsiz düzələndən
sonra atanızın etirazı ilə qarşılaşmadınız ki?
- Yox, işə düzələndən
sonra ailəmizin dolanışığı bir
qədər yaxşılaşdı.
Atam da işə düzəlməyimdən xəbər
tutunca, ailəyə köməyimin olduğunu
görüb qəzəblənmədi.
- Maraqlıdır,
müharibənin ağır
illərində, camaatın
bir tikə çörək üçün
zillət çəkdiyi
vaxtlarda tamaşaçılar
teatra gəlirdimi?
- Ağır zaman olmasına baxmayaraq, heç bir tamaşa tamaşaçısız ötüşmürdü.
O vaxtlar Musiqili Komediya Teatrının səhnəsində Bəşir
Səfəroğlu, Lütfəli
Abdullayev, İmamverdi Bağırov, Kamal Kərimov, Nəsibə Zeynalova, Məmmədsadıq
Nuriyev, Münəvvər
Kələntərli kimi
görkəmli aktyorlar
çalışırdı. Mən belə aktyorlarla işləməyimə görə
fəxr edirəm.
Onların oynadığı tamaşalar çox böyük səs-küylə
qarşılanırdı. Aktyorları da hər yerdə
çox yaxşı qarşılayırdılar. Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun,
Nəsibə xanımın
səhnəyə çıxdığı
günlər indiki kimi yaxşı yadımdadır. O qədər
maraqlı tamaşalar
oynanılırdı ki,
zalda tamaşaçı
əlindən tərpənmək
olmurdu. İnanın ki, tamaşalara
bilet də tapılmırdı. Rayonlara qastrollarımız
da çox gözəl keçirdi.
Demək
olar ki, respublikamızın bütün
rayonlarını, hətta
ən ucqar yerləri gəzmişik.
Bundan əlavə, ölkədən
kənara qastrollar təşkil olunurdu.
Kollektivlə Moskva, Aşqabad, Xarkov və başqa şəhərlərə getmişəm.
Teatrın rəhbərliyi hansı
şəhərə qastrola
gedirdisə, yaradıcı
kollektivlə birlikdə
məni də aparırdı. Qastrollar zamanı
çox maraqlı xatirələrimiz olurdu.
İnanı ki, o xatirələri
heç nəyə dəyişmərəm. Heyif ki,
həmin aktyorların
əksəriyyəti dünyasını
dəyişib. Ancaq onların
bütün zarafatları,
etdikləri yaxşılıqlar
yaxşı yadımdadır.
- "Muskomediya"da
işlədiyiniz dövrdə
neçə direktor dəyişmisiniz?
- Şəmsi
Bədəlbəylidən sonra
teatra Ələsgər
Ələkbərovu direktor
təyin elədilər. Bir müddət
onunla işləmişəm.
Daha sonra Bala Qasımov,
Süleyman Ələsgərov,
Maqbet Bünyadov, Qəzənfər Topçuyev,
Hacıbaba Bağırovla
işləmişəm. Bu direktorların heç
birindən də narazılığım olmayıb.
Heç
onlar da mənim işimdən narazı qalmayıblar.
Əgər narazılıq olsaydı,
bircə dəqiqə
də bu teatrda işləməzdim.
Teatrın hazırkı direktoru
Elxan Ocaqov da mənə hörmətlə yanaşır,
xətrimi əziz tutur. O da işimdən razılıq
edir. Aktyor heyətindən də
həmişə razı
qalmışam. Hamı mənə
hörmətlə yanaşır.
İndiyədək aktyorların arasında
bizə yuxarıdan aşağı baxan olmayıb. Bu kollektivə doğma ocağım kimi baxıram. Bu teatrda işləyərkən
ailə qurdum. Həyat yoldaşım teatrın elektriki idi. İkimiz də teatrda çalışdığımız üçün bir-birimizi
yaxşı başa düşürdük. Gözəl ailəmiz
oldu. İki oğlum, bir
qızım dünyaya
gəldi. Övladlarımın üçü də ailəlidir. Yoldaşım isə dünyasını
dəyişib. Onun ölümündən
sonra mən teatrdan ayrılmadım.
Üz-gözümün öyrəşdiyi teatrdan, kollektivdən ayrılmaq mənim üçün çətin
idi.
- Hər halda, deyə bilərsinizmi, sizin üçün teatrda işləmək o vaxt rahat idi, yoxsa
indi?
- O vaxt da yaxşı idi, indi də.
Həmişə işimin öhtəsindən
vicdanla gəlmişəm.
Hazırda iki köməkçim
var. Bir çətinlikləri
olanda mənimlə məsləhətləşirlər. İndi teatr da çox
yeniləşib. O vaxt
müəyyən qıtlıqlar
var idi. Bu
gün isə vəziyyət xeyli yaxşıdır. Teatrın tamaşaçısı
da çoxdur, yaxşı tamaşalar oynanılır.
- Tamaşanın
taleyində rekvizit sexinin rolu nədən
ibarətdir?
- Səhnədə
tamaşa üçün
lazım olan bütün əşyaları
rekvizitçilər verir.
Səhnənin başdan-ayağa bəzədilməsi seximizin
işindən asılıdır.
Hər oynanan tamaşanın öz geyimi və bəzək əşyaları var. Çoxları
bizim əməyimizin nədən ibarət olduğunu bilmir. Çünki tamaşaçı ancaq tamaşaya baxır, aktyorların oyununu görür və alqışlayır.
Ancaq tamaşa hazırlanana və təqdim olunana qədər bizim əməyimizin nədən ibarət olduğuna fikir vermirlər. Onlar bilmirlər ki, aktyorların tamaşa zamanı oturduğu stul, stol,
əllərindəki portfel,
gül dəstəsi,
qələm-kağız, içdikləri
çay, mer-meyvə və s. hamısı rekvizit sexinə aiddir. Bu əşyalar
olmasa, səhnənin heç bir əhəmiyyəti olmaz.
- Rekvizit sexinə məxsus əşyalar teatrda təzə işlədiyiniz
vaxtlara aiddir, yoxsa zamanla yeniləşdirirsiniz?
- O vaxt Musiqili Komediya Teatrında yanğın baş verəndə rekvizit sexinin bir çox əşyaları da yandı. Ancaq bəzi əşyaları
xilas edə bildik. Sonra bir müddət 26-lar adına mədəniyyət
evində işlədik.
Hazırkı bina tikiləndən
sonra yenidən bura qayıtdıq. Yeni əşyalar alaraq sexi zənginləşdirmişik.
İndi də hər hansı tamaşa üçün lazım olan əşyanı alırıq.
- Tamaşadan sonra aktyorlara əl çalınır,
onlara təşəkkür
edirlər. Bəs sizə "sağ
ol" deyən olurmu?
- Biz "sağ ol"u yalnız rəhbərlikdən eşidirik.
"Sağ olun
ki, tamaşanı yaxşı yola verdiniz" - deyə direktorumuz bildirir. Bəzi premyeralardan sonra hətta bizə mükafat da verirlər. Biz öz əməyimizin əhəmiyyətinin nədən
ibarət olduğunu yaxşı bilirik.
- Uzun illərdir ki, bu teatrda çalışırsınız.
Əməyinizi layiqincə qiymətləndiriblərmi?
- Əmək
veteranıyam. Müharibə illərində
yaxşı işlədiyimə görə medala layiq
görülmüşəm. "Əlaçı" döş
nişanı, Hərbi Komissarlıqdan da arxa
cəbhədəki əməyimə görə medal
almışam. 50 manat təqaüd alıram. Özünüz
bilirsiniz ki, teatrda çalışanların əmək
haqqı o qədər də yüksək deyil. Bu
maaşla dolanmaq çətindir. Eşitmişəm ki, Opera
Teatrı, Akademik Teatrın rekvizit sexinin müdirinə
fəxri ad, prezident təqaüdü verilib. Ancaq indiyə
qədər mənə nə fəxri ad, nə də
təqaüd verilib. Görün neçə ildir ki, teatrda
can qoymuşam. Teatr rəhbərliyi bir neçə
dəfə adımı siyahıya salaraq nazirliyə
göndərib. Ancaq hələ ki, zəhmətim layiqincə
qiymətləndirilməyib. Fəxri adım olsa, heç
olmasa dünyadan rahat köçərəm.
Fikirləşərəm ki, mənim də əməyimi
qiymətləndirdilər. Çalışan insan öz
əməyinin layiqli qiymətini görməlidir. Yoxsa bu onun
qəlbini qırır, ruhdan salır. Hər gün Buzovna
qəsəbəsindən işə gəlirəm.
Yaşlı bir adamın səhərlər uzaq bir
qəsəbədən işə gəlməsi, axşam
qayıtması o qədər də asan görünməsin.
Demək olar ki, vaxtımın çoxunu işdə
keçirirəm. Bu çətinliklərə baxmayaraq,
işimdən soyumuram. Çünki uzun illərdən
bəri bağlandığım işimi çox sevirəm.
Bircə gün işə gəlməsəm, yaşamaram.
Həmişə öz-özümə deyirəm ki, teatrdan
çıxsam, həyatım dayanar. Hər gün burda
eşitdiyim söz-söhbətlər, zarafatlar,
gülüş səsləri evə gedəndə də
qulağımdan çəkilmir. Məni yaşadan da
bunlardır. İş məni qocalmağa qoymur. Nə
qədər canımda su var, işləyəcəyəm.
Kaspi.-2007.- 17 oktyabr.- S.16.