Azərbaycanda
Mövlana Rumi Günləri başladı
Böyük şair və
mütəfəkkirin yubileyi münasibətilə Bakıda
və digər şəhərlərdə elmi-ədəbi
tədbirlər keçirilir
Türk dünyasının böyük
şairi və filosofu Mövlana Cəlaləddin Ruminin 800
illiyilə əlaqədar Azərbaycanda Mövlana
Günləri keçirilir. Oktyabrın 25-dək davam
edəcək silsilə tədbirlərə artıq start
verilib. Dünən səhər saatlarında Atatürk
Mərkəzində C.Rumiyə həsr olunmuş geniş elmi
tədbir, axşam isə Dövlət Filarmoniyasında
Mövlana Günlərinin təntənəli
açılış mərasimi keçirildi.
Tədbirlərin təşkilatçıları Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar
Birliyi, Milli Elmlər Akademiyası, Rəssamlar İttifaqı,
Türkiyənin Konya Böyükşəhər
bələdiyyəsi, "NAB" şirkətlər qrupu
və xüsusi olaraq rejissor-sənətşünas Tofiq
İsmayılovdur. Ayın 23-ü saat 11.00-da Atatürk
Mərkəzində, 19.00-da Şamaxı
şəhərində Mövlanaya aid növbəti
tədbirlər gerçəkləşəcək. 25 oktyabr
saat 19.00-da isə Opera və Balet Teatrında və Sumqayıt
şəhərində Mövlanaya həsr olunmuş tədbirlərin
bağlanış mərasimi olacaq. Dünən Atatürk
Mərkəzində keçirilən
"Çağdaşımız Mövlana" adlı
simpoziumda C.Rumi irsinə, onun poeziya və
fəlsəfəsinə elmi prizmadan nəzər
salındı, ətraflı fikir mübadiləsi
aparıldı. Atatürk Mərkəzinin direktoru, millət
vəkili Nizami Cəfərov bildirdi ki, Mövlana
Günləri Azərbaycan elmi-mədəni mühiti və
ümumən türk dünyası üçün vacib
hadisədir. N.Cəfərov Mövlana irsinin bütün
dünyada və türkdilli ölkələrdə daha ciddi
təbliğinin zəruriliyini qeyd etdi. Rumi
fəlsəfəsinin müasir həyatın hər bir
sahəsini əhatə etdiyini bildirən N.Cəfərov
bununla bağlı dedi: "Azərbaycanın dövlət
büdcəsindən hərbi sahəyə ayrılan vəsait
ildən-ilə artır. Bunun əsas səbəbi
qonşuluğumuzda Mövlana Rumi düşüncəsini,
dinclik içərisində yaşama fəlsəfəsini dərk
etməyən bir ölkənin olmasıdır.
Cəlaləddin Ruminin düşüncəsi bir silahdır.
Amma bu, ruhun silahıdır və insanları
qardaşlığa çağıran bir vasitədir".
Sonra əslən Cənubi Azərbaycandan olan, hazırda
Fransada yaşayan məşhur fotojurnalist Rza Diqqətinin Rumiyə
həsr etdiyi fotolardan ibarət slayd-şou göstərildi.
Yazıçılar Birliyinin sədri Anar Ruminin yubileyinin
Azərbaycanda geniş şəkildə keçirilməsini
böyük hadisə adlandırdı. Son illərin ən
çox dəbdə olan sözlərindən birinin də
qloballaşma olduğunu vurğulayan Anar fikrini davam
etdirərək dedi: "Əgər qloballaşma sözü
dünyaya yalnız ABŞ-ın sırıdığı
məqamlardırsa, onda mən bunun əleyhinəyəm. Amma qloballaşma
Qərb və Şərqin mədəni sərvətlərini
bir-birinə tanıtmaqdırsa, bu müsbət haldır".
Belə hadisələr sırasında "Kitabi-Dədə
Qorqud" dastanının, Füzulinin, hazırda isə
Mövlananın yubileylərinin bütün dünyada qeyd
edilməsini diqqətə çatdıran Anar müsbət mənada
qloballaşmanın əsasını qoyanlardan birinin məhz
C.Rumi olduğunu bildirdi. Anar çıxışını bu
sözlərlə yekunlaşdırdı: "Rumi 800 ildir ki,
yaşayır. Amma o hələ min illər bundan sonra da
yaşayacaq". Türkiyənin Azərbaycandakı səfiri
Hüseyn Avni Karslıoğlu belə bir səviyyəli
toplantıda iştirakdan böyük şərəf
duyduğunu söylədi. Səfir Avstriya və ABŞ-da
çalışarkən Rumiyə həsr edilən şeir
məclislərində olduğunu xatırladaraq, şəxsi
həyatı ilə bağlı maraqlı bir məqamı dilə
gətirdi. O, həyat yoldaşının Mövlananın
doğma yurdu Konyadan olduğunu açıqladı.
Məşhur cərrah, ədəbiyyatşünas və
türkoloq Cavad Heyyət bildirdi ki, Bakıda bu cür
tədbirlərin təşkili, xüsusən Mövlana kimi
böyük şəxsiyyətə həsr olunmuş
günlərin keçirilməsi çox təqdirəlayiq
hadisədir. Qonaqlardan bir neçəsi ilə
görüşüb söhbətləşdikdə məlum
oldu ki, onların Azərbaycan, Bakı, ölkəmizin
mədəni-ədəbi mühiti barədə maraqlı
təəssüratları var. Ərdəbildən
gəlmiş nümayəndə, 40 ilə yaxın
müddətdə ədəbiyyatın tədrisi ilə
məşğul olan şair-ədəbiyyatşünas
Əsgər Şahi İran səfirliyi və
Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə mərasimdə iştirak
etdiyini bildirdi. O, Azərbaycana tez-tez gəldiyini
vurğuladı və qeyd etdi ki, hər gəlişində
burada çoxlu müsbət dəyişikliklər
görür. Ə.Şahinin fikrincə, bu belə
tədbirlərin keçirilməsi insanların
maariflənməsi, öz kökünü tanıması,
kimliyini dərk etməsi baxımından
əhəmiyyətlidir. Mövlanaya həsr olunan tədbiri
yüksək qiymətləndirən qonaq Azərbaycana hər
gəlişindən böyük məmnunluq duyduğunu
söylədi. Konya Böyükşəhər
Bələdiyyəsinin mədəniyyət və sosial
işlər üzrə təmsilçisi Ercan Uslu da Bakıya
mütəmadi səfərlər etdiyini və buradakı
inkişafın onu sevindirdiyini dedi. Onun sözlərinə
görə, Mövlana ilə bağlı dünyanın bir
çox ölkələrində bu günə kimi 70-ə yaxın
tədbir həyata keçirilib. Tədbirlərin məzmunu
bunu deməyə əsas verir ki, Mövlana haqqında daha
çox bilgilər olan və şairin irsinin daha yüksək
qiymətləndirdiyi ölkələr arasında Azərbaycan
ön sıradadır. Türkiyədə keçirilən
tədbirlərdən danışan E.Uslunun
sözlərinə görə, hər vilayətdə
Mövlana ilə bağlı geniş tədbirlər
təşkil olunur. Ən möhtəşəm tədbir
isə dekabrın 17-də gerçəkləşəcək.
Bu tədbirə dünyanın çox sayda
ölkəsindən, o cümlədən Azərbaycandan da
qonaqlar dəvət olunacaq. Başqa bir ərdəbilli sənətkar
- görkəmli rəssam və xanəndə, indiyədək
dəfələrlə Azərbaycanda sərgiləri
təşkil olunan Vədud Müəzzinlə də
söhbət maraqlı oldu. V.Müəzzin Azərbaycana
səfərlərinin ona böyük zövq verdiyini,
buradakı mədəni tədbirlərin hər
cəhətdən ciddi əhəmiyyət daşıdığını
söylədi. Rəssam Azərbaycanda Mövlana irsinə
yüksək qiymət verilməsinin təsadüfi
olmadığını, burada şairin dəyərli
əsərlərilə yanaşı, xalqımızın
ədəbiyyata, sənətə hər zaman ehtiramla
yanaşmasının da mühüm rol
oynadığını vurğuladı. Türkiyədən
gəlmiş rəssam Nasir Dəşti Azərbaycana ilk
dəfə gəldiyini, Bakı və paytaxtın insanları
barədə ilkin təəssüratlarının parlaq və
unudulmaz olduğunu bildirdi. N.Dəşti Bakıda onun
Mövlana Rumiyə həsr olunmuş əsərlərinin
sərgiləndiyini açıqladı. İstanbul
Universitetində çalışan Ömür Ceylan Bakıya
ikinci dəfə gəldiyini və gördüklərinin onda
məmnunluq hissi doğurduğunu önə çəkdi.
Onun fikrincə, Mövlanaya aid tədbirlərin
keçirilməsi müxtəlif ölkələrin
alimlərinin, sənətkarlarının bir araya
gələrək fikir mübadiləsi aparmaları ilə
də əlamətdardır.
525-ci qəzet.- 2007.- 23 oktyabr.-
S.7.