Mehdixanlı T.
Respublikanın xalq
artisti, milli rəqslərimizi inkişaf etdirərək
yenilərini yaratmış Əlibaba Abdullayev xeyli
müddətdir ki, haqq dünyasına qovuşub. Lakin o,
hər vaxt ehtiramla yad olunur, xidmətləri, xatirəsi daim
urvatlı tutulur. 1936-cı ildə dahi Üzeyir bəy
Hacıbəyov onun haqqında yazıb: "Əlibaba musiqinin
ritmini dərindən duyur. Tamaşaçıya elə
gəlir ki, onun rəqsləri səslənən melodiyanın
əyani təsvirini canlandırır".
Unudulmaz sənətkarın anım günü
ərəfəsində qızı Elmira xanımla
görüşdük. O, atasını fərəhlə,
həm də qüssəli xatırladı: "Atam
ötən əsrin əvvəllərində anadan olmuşdu.
Gündəlik ailə ehtiyacı onu erkən yaşlarından
işləməyə, evə qazanc gətirməyə vadar
etmişdi. Musiqi təhsili almamışdı. Amma Əbilov
adına klubda rəqs dərnəyinə getmiş,
sənətin incəliklərini öyrənmişdi. Onu
mötəbər tədbirlərə dəvət
edərmişlər. Belə məclislərin birində dahi
Üzeyir bəy Hacıbəyov gənc rəqqasın
çıxışını bəyənir, ona uğurlar
arzulayır. 1936-cı ildə Azərbaycan Dövlət
Filarmoniyasında Mahnı və Rəqs Ansamblı yaranır.
Həmin vaxtdan da atam orada çalışır, kollektivin
ən fəal üzvlərindən biri kimi tanınır.
Bakıda xalq rəqslərinin festivalı keçirilir. Atam
həmin tədbirdə "İnnabı",
"Uzundərə", "Xala-bacı",
"Tərəkəmə", "Qırmızı
Azərbaycan" rəqslərini çox böyük
ustalıqla ifa edir.
İkinci Dünya müharibəsi atamın da arzularını
yarıda qırır. Cəhd edir ki, cəbhəyə getsin.
Lakin sənət qədri bilən insanlar onun arxa
cəbhədə "vuruşmasını"
məsləhət bilirlər. Çox sonralar atam deyərdi:
"Qələbə xəbərini eşidən günə
kimi rahatlıq, dinclik nə olduğunu bilmədim. Oynamağa,
deyib-gülməyə həvəsim olmadı. Gərgin,
çətin vaxtlarda görkəmli bəstəkar,
alicənab insan Üzeyir bəy Hacıbəyovdan
qayğı, mərhəmət gördüm. Dahi
sənətkar dedi: "Oğul, müharibə bir gün
başa çatacaq. Sən də, başqaları da
seçdiyiniz sənəti unutmayınE" Ustadın
tövsiyəsindən sonra atam yenidən qəlbən
bağlandığı rəqsi özünə
şöhrət bilir. Mahnı və rəqs ansamblının
tərkibində rayonlarımıza, hərbi hospitallara
səfər edir. İnsanlara ağrı-acılarını
unutdurmağa çalışır.
Ə.Abdullayevin 60 il əvvəl Leyla Bədirbəyli, Tutu
Həmidova ilə ifa etdiyi "Dilbərim",
"Buleyli", "Bir dənəsən", "Sarı
gəlin", "Qarabağ maralı" və Roza
Cəlilova ilə "Naz eləmə" rəqslərinin
lent yazıları bu gün də Dövlət Film Fondunda
dəyərli əmanət kimi saxlanılır. O, Musiqili
Komediya teatrında da öz nümunəvi fəaliyyəti
ilə nüfuz, hörmət qazanmışdı.
"Arşın mal alan", "Ulduz", "Durna",
"Qızıl gül" və başqa tamaşalara verdiyi
rəqs quruluşu həmişə ehtiramla xatırlanır.
Atam xarici ölkələrə qastrol
səfərlərinə çox getmişdi. Onun
aldığı mükafatlara, fəxri fərmanlara
nəzər yetirəndə heyrətimi gizlədə
bilmirəm. Düşünürəm, o, bu qədər
təltiflərə necə nail olmuşdu? Müdriklər
doğru deyib: cəfa çəksən, səfasını da
görərsən".
Ə.Abdullayev Üzeyir Hacıbəyovun qayğısı
sayəsində sənət zirvəsinə
çatmışdı. Eyni zamanda o, unudulmaz bəstəkar
Süleyman Ələsgərov, Tofiq Quliyev, Cahangir Cahangirov,
Soltan Hacıbəyov və başqaları ilə daim
yaradıcılıq əlaqəsi saxlamış, qədim
xalq rəqslərini toplamış, onların lirik, oynaq
ritmlərindən istifadə etmiş, bəzilərinə yeni
quruluş vermiş, bu, günümüzə
ərməğan etmişdi. Onun quruluş verdiyi
rəqslər mənalı, rəngarəngdir. İllər,
qərinələr keçsə də, görkəmli
rəqqasın yaratdığı "Çobanlar",
"Bənövşə", "Bahar", "Ay
gözəl", "Qazağı", "Dağlar
gözəli", "Bəy", "Qaytağı",
"Qəşəngi", "Şən ölkəm",
"Azərbaycan" və onlarca başqaları maraqla
qarşılanır.
Milli rəqslərimizi dünyaya tanıtdıranlardan,
xalqımıza şərəf-şöhrət
gətirənlərdən, sevdiyi sənətin
qayğısına qalanlardan biri də xalq artisti Əlibaba
Əbdül oğlu Abdullayev olmuşdur. Anım
günündə dostları, ümumiyyətlə,
sənətsevərlər onu ehtiramla, böyük
məhəbbətlə yad edirlər.
Azərbaycan.- 2007.- 10
oktyabr.- S.8.