Məhərrəmova T.

 

Baletə gərək bütün qəlbinlə yanaşasan

 

Ella Hacıyeva: "İndi oğlanlar balet məktəbinə az gəlirlər"

 

Rəqslə lap uşaqlıqdan dostluq edib. Həvəsi onu "Azneft"də yerləşən Fəhlə evindəki rəqs dərnəyinə gətirib. Məharətlə ifa etdiyi rəqsləri balaca Ellanı yaşıdlarından fərqləndirib. Oxuduğu internat məktəbində də rəqslərinə görə fərqlənən qızcığaz bütün bayram tədbirlərində iştirak edib, məktəbin sevimlisinə çevrilib. Keçmiş balerina Ella Hacıyeva artıq xatirəyə çevrilən həmin günləri belə xatırlayır:

- Yaxşı yadımdadır, tədbirlərdə Ukrayna rəqslərini, milli rəqslərimizi böyük həvəslə oynayırdım. Atam toylara gedəndə anama deyirdi ki, səni yox, qızımı aparacağam ki, onunla oynayım. Biz hələ Xoreoqrafiya məktəbinin VI sinfində oxuyanda təcrübə keçmək məqsədi ilə səhnəyə çıxırdıq. Bütün tamaşalarda oynayırdıq. Ancaq bizə pul vermirdilər. Mən səhnəyə çox tez öyrəşirdim. Çox vaxt məktəbə zəng vuraraq "filan balerina xəstədir, axşam tamaşa olacaq, Elya gəlib onu əvəz eləsin" - deyirdilər. Mən tez öyrənir və səhnəyə çıxırdım.

Günlərin birində böyük qardaşım məni Xoreoqrafiya məktəbinə yazdırmaq istədiyini dedi. Mən də "xoreoqrafiya" sözünün nə demək olduğunu bilmirdim. Elə başa düşürdüm ki, xoreoqrafiya xorda oxumaq deməkdir. 9-10 yaşım olanda qardaşım məni həmin məktəbə yazdırdı. Yadımdadır ki, müəllim ayağımı qulağıma qədər qaldırdı və "çox yaxşıdır" dedi. Oynamağımı da bəyəndilər. Fiziki göstəricilərim baletə uyğun gəlirdi. Ancaq məktəbdə yaşıdım olan qızlara nisbətən çox utancaq idim. Bir kənarda qalıb heç danışmırdım. O biri qızlar isə ortada rəqs edir, bacarıqlarını göstərirdilər. Onlara baxıb ürəyimdə: "Bu qızların etdiyi hərəkətləri bacarmıram, məni götürməzlər" - deyə fikirləşdim. Qardaşım sevincək halda gəlib məktəbə qəbul olunanların siyahısında mənim də adımın olduğunu söylədi.

Xoreoqrafiya məktəbində 8 il oxudum. İlk müəllimim Mariya İvanovna oldu. VI sinifdə bizə məşhur balerina Leyla Vəkilova dərs deməyə başladı. Leyla xanım Qəmər Almaszadədən sonra ikinci ən yaxşı balerina sayılırdı. Leyla xanım diqqətini mənə yönəldib ciddi məşğul olmağa başladı. VIII sinfi bitirəndə isə mükəmməl kursda bizə Qəmər Almaszadə dərs dedi.

- Opera Balet Teatrına necə gəldiniz?

- Xoreoqrafiya məktəbini əla qiymətlərlə bitirdim. Mən aparıcı balerina olmalıydım. Lakin ailə qurdum, sonra qızım dünyaya gəldi. Qızım Leyla dünyaya gəldikdən sonra yenidən teatra qayıtdım. Ancaq daha aparıcı balerina ola bilmədim. Teatrda 22 il solist kimi çalışdım. Bu illər ərzində "Don Kixot", "Qız qalası", "Sonalar gölü", "Yizel" s. baletlərdə oynamışam.

- Sonralar aparıcı rollar oynaya bilmədiyinizə görə təəssüfləndinizmi?

- Ürəyimdə qaldı... İnsan öz həyatında çox arzulara çatır, ancaq ən əsas arzu ürəyində qalır. Bir xeyli vaxt keçəndən sonra Qəmər xanımın yanına gedərək: "Mənə "Qız qalası"nda oynamağa icazə verin" - dedim. Mən "Qız qalası"nda oynadım, ancaq aparıcı rolu ifa etməyə maneçilik oldu.

- Balerina ilə aktrisanın sənətləri arasındakı fərq nədən ibarətdir?

- Biz səhnəyə çox vaxt sərf edirik. Anam həmişə "mən səni evdə görmürəm" - deyə şikayətlənirdi. Qızım balaca olanda onu da həmişə özümlə aparırdım. O, pərdə arxasında otururdu. Leyla bir gün anama: "Nənə, sən anama deyinmə. Bilirsənmi o, necə gözəl kostyum geyinir, necə gözəl qrimlənir, rəqs edir necə gözəl görünür. Sonra ona çoxlu əl çalırlar" - dedi. Bu, yaradıcı işdir. vaxt ki, səhnəyə çıxıb oynayırsan, səni alqışlayırlar, bu, həyatına, işinə təkan verir. Səndə yaradıcılıq ruhu aşılayır. Mən həmin dövrdə aparıcı rol görməmişəm. Onu indi icra etməyə başlamışam. Mən gec olsa - üç il bundan qabaq balet ustalığı fakültəsini bitirdim. İki il bundan əvvəl kiçik miniatürlər qoymağa başlamışam. Bu miniatürlər BMT-nin 50 illiyi münasibəti ilə keçirilən dövlət tədbirlərində təqdim olundu. Cənnət xanım Səlimova mənə zəng vuraraq bu konsertin açılışı üçün nömrə hazırlamaq istədiyini bildirdi. Biz müxtəlif millətlərin birliyini əks etdirən şou-proqram hazırladıq. Bu proqrama görə, müxtəlif millətlərin nümayəndələri cürbəcür paltarlarda, əl-ələ tutub səhnəyə çıxır "biz bir yerdə olmalıyıq" - deyirlər. Bu, çox böyük proqram idi. Ona qədər isə kiçik nömrələr hazırlayırdıq. Bir dəfə Leyla Vəkilova "məktəbdə uşaq tamaşaları hazırlamaq lazımdır. Bu işi öz boynuna götür" - deyə mənə müraciət elədi. Bizim hazırladığımız tamaşa uğurlu alındı.

Sonra mən işləmək üçün Türkiyəyə getdim. Orda işləmək təklifi alanda, ailə vəziyyətimiz ağır olduğu üçün getməli oldum. Türkiyədə balet məktəbində 2 il baletdən dərs dedim. Orda 2 böyük konsert hazırladım. Qayıdandan sonra yenidən Leyla xanım dedi ki, gəl balet hazırlayaq. Lakin vəziyyət imkan vermədi. Hazırlıq görərkən Leyla xanım dünyasını dəyişdi. Bu yarımçıq qaldı. Sonradan mən bu arzumu yenidən canlandırdım. İkipərdəli balet-tamaşam Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərildi çox böyük marağa səbəb oldu. Bir fransız qadın tamaşaya sponsorluq elədi. Valideynlər hamısı "sən bizi uşaqlığımıza qaytardın" - deyə mənə təşəkkür etdilər.

- Siz Türkiyənin balet məktəbi ilə öz məktəbimiz arasında bir fərq hiss elədinizmi?

- Orda tələbələr çox çalışqandır. Bizim şagirdlər məktəbə gəlirlər, ancaq dərsə girəndə biz onları məcbur edirik. Onlar zəhmət çəkmək istəmirlər. Türkiyədə isə hər şeylə maraqlanırlar. Mənim orda dərs dediyim qızlar əvvəl çox bacarıqsız idilər. Ancaq sonra mən onlarla 2 böyük konsert hazırladım. Onlar öyrənmək istəyirlər. Var gücləri ilə çalışırlar. Bizim uşaqlar isə "xaltura" edirlər. Mən orda 3 yaşında qızı səhnəyə çıxarmışam. Anası gəlib dərsdə otururdu, qız çalışırdı. Bu mənim xoşuma gəlirdi. Onlar müəllimə çox hörmətlə yanaşırdılar. Düzdür, indi bizdə balerinalar baleronlar yetişir. Ancaq bir az azdır. Xüsusən oğlanlar balet məktəbinə az gəlirlər. Onlar xalq rəqslərinə gəlirlər, klassik növə isə o qədər həvəs göstərmirlər. Çünki bu, fiziki cəhətdən böyük əmək tələb edir. Öz üzərində işləmək lazımdır. Baleti çox vaxt dəmirçilik sənəti ilə müqayisə edirlər. Yəni səhnədə külüng çalmalısan.

- Məşhur rus balerinası Olqa Lepeşinskaya ilə bir müsahibədə onun Böyük Teatrda daha "Krasnıy mak", "Şelkunçik" kimi yaxşı quruluşların olmadığı haqda gileylərini oxudum. Balerinanın bu fikrini bizim teatra da aid etmək olarmı?

- Aid etmək olar. Bizim vaxtımızda "Qız qalası", "Spartak", "Yeddi gözəl", "Doktor Aybolit", "Qızıl açar", "Sonalar gölü", "Don Kixot", "Yizel", "Məhəbbət əfsanəsi" s. baletlər vardı. Bunlardan "Qız qalası", "Min bir gecə", "Sonalar gölü", "Yizel", "Məhəbbət əfsanəsi" kimi beş böyük balet qalıb. "Sonalar gölü" ancaq bizə qastrollara gələndə oynanılır. "Don Kixot" da hərdənbir gedir. "Min bir gecə" bizdən başlamışdı. İndi yalnız birpərdəli "Xəzər balladası", "Leyli Məcnun", " qara" kimi baletlər oynanılır. Bütün bunlar teatrda ola bilər olmalıdır. Lakin klassik repertuarda "Sonalar gölü" ildə 2-3 dəfə getməlidir. Yeganə uşaq tamaşası olan "Şelkunçik" ancaq uşaq tətilləri vaxtı gedir. "Məhəbbət əfsanəsi" isə indi bizdə ümumiyyətlə, gedə bilməz. Çünki bizdə kişi tərkib yoxdur. Həmin baletdə eyni zamanda səhnəyə 34 kişi çıxmalıdır. Ona görə böyük baletlər səhnəyə qoyulmur. Modern, müasir tamaşalar qoymaq olar, ancaq kökdə klassik tamaşalar saxlanmalıdır.

- Balerinalar üçün səhnə ömrü 20 ildir. Siz isə səhnədə 2 il artıq çalışmısınız. Səhnədə vaxt limitini aşmağın sirri nədən ibarətdir?

- Balerina ilk növbədə arıq olmalı, həmişə formanı saxlamalıdır. Hər gün fiziki hərəkətlər edəndə adam formada qalır. Mən həmişə bu göstəricilərə əməl etmişəm. Moskvada dizimi əməliyyat etdirəndən sonra səhnədən ayrıldım. Əgər dizim imkan versəydi, səhnədə bir az da qalardım.

- Yəqin ki, baletlə bağlı içinizdə qalan arzuların qızınızın taleyində həyata keçməsini arzulamısınız. Amma bu da mümkün olmayıb.

- Leylanın fiziki göstəriciləri baletə uyğun gəlmədi. Mən onun balerina olmasını istəyirdim. Çünki baletlə məşğul olanda insanın bütün quruluşu fərqli olur. Sonra bədii rəhbər mənə dedi ki, onu gətir, xalq rəqslərinə yazaq. Ancaq məndə bir tərslik olduğu üçün qoymadım. Leyla teatra özü getdi. Mən Türkiyədə olanda zəng vurub dedi ki, özfəaliyyətə yazılmışam. Gələndə gedib baxdım. O, çox çalışır, zəhmət çəkirdi. Bakıya qayıdandan sonra burda kiçik qrup yaratdım. Həmin qrup Heydər Əliyev adına Sarayın da səhnəsinə çıxdı. Leyla da onların içərisində idi. O, balet orkestri ilə birlikdə Azərbaycan müasir rəqsləri oynadı. Sonra da bir müddət Kamera Teatrında oynadı. Hazırda isə ailə qurub, Ukraynada yaşayır.

- Sonuncu dəfə hansı baletdə oynadınız?

- "Min bir gecə" baleti bizim üçün qoyulmuşdu. Sonuncu dəfə həmin baletdə oynadım. "Min bir gecə" bizim nəslin sevimli baleti idi. Naira xanım Bağdadda Şərq rəqslərini öyrəndi bizə öyrətdi. Fikrət Əmirov həmişə məşqlərə baxmağa gəlirdi. Biz Şərq qızlarını oynayırdıq. Mən bu baleti heç vaxt unutmuram.

- İndi teatra tamaşaçı kimi gedəndə hansı hisslər keçirirsiniz?

- Müxtəlif hisslər olur. Bəzən baxanda deyirik ki, biz onlardan bir az yaxşı oynamışıq. İndi qabiliyyətli, fiziki göstəriciləri yüksək truppa var. Ancaq bizdə artistizm çox idi. Biz səhnədə daha çox oynayırdıq. Balet təkcə mürəkkəb elementləri yerinə yetirmək deyil, o, həmçinin böyük ustalıq tələb edir. Baletə gərək bütün qəlbinlə yanaşasan, obraz yaradasan. Sonra hər şey bu obraza keçir. İstərdim ki, yeni balerinalar daha çox emosional olsunlar, səhnədə aktyor kimi yaşasınlar.

 

Kaspi.- 2007.- 11 oktyabr.- S.16.