Azərbaycanda Gənclərin sərhədləri aşaraq mədəniyyətlərarası fəaliyyətləri mövzusunda beynəlxalq konfrans işə başlamışdır

 

Oktyabrın 24-də “Park İNN-Azərbaycan” mehmanxanasında “Gənclərin sərhədləri aşaraq mədəniyyətlərarası fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Beynəlxalq konfransı açan gənclər və idman nazirli Azad Rəhimov bildirmişdir ki, “Gənclər ili” çərçivəsində ölkəmizdə gənclərlə bağlı həm yerli, həm də beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Bu tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, gənclərin təşkilatlanmasına, onların ictimai-siyasi fəallığının artmasına münbit şərait yaratmış, onlarla yeni gənclər təşkilatlarının yaranmasına səbəb olmuşdur.
Nazir vurğulamışdır ki, Avropada irqçilik əleyhinə ən böyük qurum olan UNİTED-in - Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Qafqazda təşkil etdiyi ilk konfransın məhz Bakıda keçirilməsi əlamətdar hadisədir. Şübhəsiz, konfransın təşkilatçıları və iştirakçıları son illər Azərbaycanda gənclər siyasəti sahəsində əldə olunmuş nailiyyətlərdən, həyata keçirilən tədbirlərdən, dövlətin gənclərə artan diqqət və qayğısından xəbərdardırlar. Onlar məhz bu amilləri əsas götürərək bu gün Azərbaycana təşrif buyurmuşlar.
Azad Rəhimov 16 ildən artıqdır ki, Azərbaycan Respublikasının sovet imperiyasının miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğunu diqqətə çatdırmışdır. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olduğunu xüsusi qeyd edən A.Rəhimov konfransın proqramında “Sərhədlərin tədqiqi”, “Öz ölkəsində qaçqın düşənlər” və s. mövzularda müzakirələrin nəzərdə tutulduğunu söyləmişdir. Bu mövzuların əksəriyyəti ölkəmizin qarşılaşdığı çətinlikləri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış problemləri əhatə edir.
Nazir ümidvar olduğunu bildirmişdir ki, iştirakçılar bu mövzular ətrafında fikir mübadiləsi aparacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin öz ölkələrinə, dostlarına, həmyaşıdlarına çatdırılmasında fəallıq göstərəcəklər.
Tədbirdə çıxış edən digər natiqlər bildirmişlər ki, Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən beynəlxalq konfrans beş gün davam edəcəkdir.
Konfransda Ermənistan istisna olmaqla, Avropa Şurasının 32 üzv dövlətini təmsil edən 80-dək QHT nümayəndəsi iştirak edir.
Tədbir iştirakçıları Avropada islamofobiya və antisemitizm aktları, faşizm və millətçiliklə mübarizəyə dair müzakirələr və təcrübə mübadiləsi aparmışlar. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı məsələlər də müzakirə olunmuşdur.
Tədbirin proqramı 2007-ci ilin aprelində İspaniyanın Madrid şəhərində keçirilmiş işçı qrupunun iclasında müəyyən edilmişdir.

 
Xalq qəzeti.- 2007.- 25 oktyabr.- S.8.