Şəfqət və mərhəmətdə günəş kimi ol”

 

Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri


Oktyabrın 21-də Müasir Muzey Mərkəzində AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və Türkiyənin Böyükşəhər Bələdiyyəsinin birgə təşkil etdiyi “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri”nin açılışı olmuşdur.
Tədbirin təşkilatçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuşlar. Onlar, oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzmüşlər.
Daha sonra tədbir Müasir Muzey Mərkəzində M.C.Ruminin həyat və yaradıcılığına həsr olunmuş rəsm sərgisinin açılışı ilə davam etdirilmişdir. Kinorejissor, əməkdar incəsənət xadimi Tofiq İsmayılov demişdir ki, “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri” ilə bağlı tədbirlərə xarici ölkələrdən 80-dən çox qonaq dəvət olunmuşdur. Sonra natiq hər kəlamı bir öyüd, hər əsəri bir elm dəryası olan Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığından danışmışdır.
Türkiyənin Konya Böyükşəhər bələdiyyəsi mədəniyyət və sosial işlər üzrə şöbə müdiri Ercan Uslu, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, fotojurnalist, Fransa Fəxri Legionunun kavaleri Rza Diqqəti çıxışlarında bildirmişlər ki, Cəlaləddin Rumi təkcə elm və ədəbiyyat deyil, musiqi, rəqs, rəssamlıq, xəttatlıq və memarlıq sənətini də fəth etməyə müvəffəq olmuşdur.
Bildirilmişdir ki, sərgidə azərbaycanlı rəssamlar Anar Eyni və Tahir Qasımovun, eləcə də türkiyəli gənc rəssam Mutluhan Taşın M. C. Ruminin həyat və insan haqqındakı fəlsəfəsini əks etdirən 40-dan çox rəsm əsəri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

Xalq qəzeti.- 2007.- 23 oktyabr.- S.8.